Məhkəmə qərarları › İş №e-2(050)-1702/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1702/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1702/2023 06.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 8996.15 manat, faiz borcu üzrə 782.83 manat, dəbbə pulu 46.17 manat, cəmi 9825.15 manat məbləğində borcun və ödənilmiş 119 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin girov predmeti olan ümumi çəkisi 160.4 qram olan qızıl zinət əşyalarına yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərracdan satılması və əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına İddiaçı ASC-yə olan 9825.15 manat məbləğində borcun və 119 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 16 sentyabr 2022-ci il tarixində LB/22/000/000736 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə, illik 26 % hesablanmaqla 9543 manat məbləğində kredit verilmişdir. Bundan başqa əsas öhdəliyin icrasının təmini məqsədilə İddiaçı ASC ilə Cavabdeh arasında 16 sentyabr 2022-ci il tarixində G-LB/22/000/000736 saylı Girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ümumi çəkisi 160.4 qram olan qızıl-zinət əşyaları girov predmeti kimi göstərilmişdir. Lakin cavabdeh tərəfindən 16 sentyabr 2022-ci il tarixili LB/22/000/000736 saylı Kredit müqaviləsinin şərtləri pozularaq, öhdəliklər icra etməmişdir. Belə ki, M/03-2346 saylı 13 aprel 2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin İddiaçı ASC-yə əsas borc üzrə 8996.15 manat, faiz borcu üzrə 782.83 manat, dəbbə pulu 46.17 manat, cəmi borcu 9825.15 manat təşkil edir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Kənan Kazımov məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixində LB/22/000/000736 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə illik 26% dərəcəsi olmaqla 36 ay müddətinə 9543 manat məbləğində kredit verilmiş, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixində G-LB/22/000/000736 nömrəli girov müqaviləsindən görünür ki, ümumi çəkisi 160.4 qram olan qızıl-zinət əşyaları bank qarşısında girov qoyulmuşdur. İş materiallarında olan M/03-2346 saylı 13 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 sentyabr 2022-ci il tarixində LB/22/000/000736 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 8996.15 manat əsas, 782.83 manat faiz, 46.17 manat cərimə borcu olmaqla, cəmi 9825.15 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh 16 sentyabr 2022-ci il tarixində LB/22/000/000736 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini İddiaçı ASC-yə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, iddiaçı təşkilat borcun qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddianın 16 sentyabr 2022-ci il tarixində LB/22/000/000736 nömrəli kredit müqaviləsi üzrə 8996.15 manat əsas, 782.83 manat faiz, 46.17 manat cərimə borcun ödənilməsi hissəsi əsaslıdır. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin iddianın 119 manat dövlət rüsumunun tutulması hissəsini də əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, tələb borcun girov predmetinə yönəldilməsi hissədə də əsaslıdır. Azərbaycan Respublikası MM-nin 279-cu maddəsində qeyd edilmişdir ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə eyni zamanda tələbin girov predmetinə yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, satış açıq hərracda həyata keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Göründüyü kimi, məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın qiymətləndirici tərəfindən məcburi qaydada qiymətləndirilməsi aparılır və qiymətləndirici icra məmurunun sifarişi əsasında dəvət olunur. Beləliklə məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə girov predmeti olan qızıl-zinət əşyalarının ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə deyil, məhkəmənin qətnaməsi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilərkən, hərraca çıxarılan əşyaların ilkin satış qiymətinin, icra məmurunun sifarişi əsasında dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın “girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalıq məbləğin cavabdehdən ümumi qaydada tutulması” tələbinə münasibətdə də iddianı əsaslı hesab edir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı girov əmlakın satışından əldə olunacaq məbləğ borcun ödənilməsi üçün kifayət etməyəcəyi təqdirdə qalıq borc məbləğlərinin tutulması icra tədbirləri qismində icra məmuru tərəfindən ümumi qaydada davam etdirilməklə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8996.15 manat əsas,782.83 manat faiz, 46.17 manat cərimə borcu olmaqla, cəmi 9825.15 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Tutma girov predmetləri kimi Cavabdeh məxsus ümumi çəkisi 160.4 qram olan qızılzinət əşyalarına yönəldilsin, qızıl-zinyət əşyaları açıq hərracda satılsın, satışından əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilsin. Girov predmetlərinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq borc məbləği Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar