Məhkəmə qərarları › İş №e-2(050)-1796/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1796/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1796/2025 03.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcun qaytarılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 7163,97 (yeddi min bir yüz altmış üç doxsan yeddi sent) ABŞ dolları - bundan 2525,01 (iki min beş yüz iyirmi beş ABŞ dolları bir sent) ABŞ dolları əsas borc, 1256,28 (bir min iki yüz əlli altı ABŞ dolları iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu, 3011,68 (üç min on bir ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 371 (üç yüz yetmiş bir) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 126,54 (bir yüz iyirmi altı manat əlli dörd qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan "Dəmirbank” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* №-li 09 aprel 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra ********* №-li 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinə 25 may 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) 7182,25 (yeddi min bir yüz səksən iki ABŞ dolları iyirmi beş sent) ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4475,67 (dörd min dörd yüz yetmiş beş ABŞ dolları altmış yeddi sent) ABŞ dolları əsas borcu, 2245,53 (iki min iki yüz qırx beş ABŞ dolları əlli üç sent) ABŞ dolları faiz borcu və 461,05 (dörd yüz altmış bir ABŞ dolları 05 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 25 may 2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-F-41-5171/2025 saylı 07 aprel 2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 03 aprel 2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 7163,97 (yeddi min bir yüz altmış üç doxsan yeddi sent) ABŞ dolları təşkil edir, bundan 2525,01 (iki min beş yüz iyirmi beş ABŞ dolları bir sent) ABŞ dolları əsas borc, 1256,28 (bir min iki yüz əlli altı ABŞ dolları iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu, 3011,68 (üç min on bir ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 371 (üç yüz yetmiş bir) ABŞ dolları faiz borcu təşkil edir.

Tərəflərin izahatları:

2. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

5. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

6. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 aprel 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh2 illik 36 ay müddətinə illik 32 % dərəcəsi ilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

7. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 aprel 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 09-11-dən gec olmayaraq 36 ay müddətində hər ay 277,53 ABŞ dolları, sonuncu ay 277 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürmüşdür.

8. 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinə 25 may 2017-ci il tarixli 02 saylı əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1USD=1.4 AZN) 7182,25 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 25 may 2022-ci il tarixinədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərədən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir.

9. 09 aprel 2014-cü il tarixli zaminlik müqaviləsinə 25 may 2017-ci il tarixli 02 saylı əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1USD=1.4 AZN) 7182,25 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 25 may 2022-ci il tarixinədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərədən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Zamin bu Əlavə sazişi imzalamaqla ********* nömrəli 09 aprel 2014-cü il tarixli Kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 25 may 2017-ci il tarixli 02 saylı Əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir.

10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 may 2017-ci il tarixli 02 saylı əlavə sazişin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, borclu ilik hər ayın 25-i tarixində 60 ay müddətində ilk 12 ay 32 ABŞ dolları, sonrakı aylar hər ay 109 ABŞ dolları və sonuncu ay 86,86 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürmüşdür.

11. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə ünvanlandığı 07 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 09 aprel 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 03 aprel 2025-ci il tarixə banka 2525,01 ABŞ dolları əsas borc, 1256,28 ABŞ dolları faiz borcu, 3011,68 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 371 ABŞ dolları faiz borcu, cəmi 7163,97 ABŞ dolları borcu qalmışdır. Tələb edilən 7163,97 ABŞ dolları borcun 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

12. 07 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 09 aprel 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 03 aprel 2025-ci il tarixə banka 2525,01 ABŞ dolları əsas borc, 1256,28 ABŞ dolları faiz borcu, 3011,68 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 371 ABŞ dolları faiz borcu, cəmi 7163,97 ABŞ dolları borcu vardır.

13. 06 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 126,54 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 aprel 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 illik 36 ay müddətinə illik 32% dərəcəsi ilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 arasında 09 aprel 2014-cü il tarixli ********* nömrəli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün borcalanla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinə və zaminlik müqaviləsinə 25 may 2017-ci il tarixli 02 saylı əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1USD=1.4 AZN) 7182,25 ABŞ dolları hesablanmış, kreditin müddəti 25 may 2022-ci il tarixinədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərədən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Bankın bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Kredit müqaviləsinin müddəti 25 may 2022-ci il tarixdə bitmiş, iddiaçı isə 06 may 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı zaminlik müqaviləsinə əsasən qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinin tələbinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarı: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının: 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

20. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 İddiaçı ASC ilə bağladığı 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh2 tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır.

21. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 aprel 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 istehlak məqsədləri üçün 36 ay müddətinə illik 32% ödəmək şərtilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. 25 may 2017-ci il tarixli 02 nömrəli əlavə sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1USD=1.4 AZN) 7182,25 ABŞ dolları təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti 25 may 2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % dərəcəsində ödənilməlidir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.

22. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir.

23. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər.

24. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğindən əhəmiyyətli dərəcədə artıq hesablanmışdır.

25. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinə 25 may 2017-ci il tarixli 02 saylı əlavə saziş üzrə 2525,01 ABŞ dolları məbləğində əsas borca münasibətdə cavabdehlərdən 3011,68 ABŞ dolları dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 100 ABŞ dolları müəyyən edilməlidir.

26. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh2 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinə 25 may 2017-ci il tarixli 02 saylı Əlavə saziş üzrə 2525,01 ABŞ dolları əsas borc, 1256,28 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 371 ABŞ dolları faiz borcu, cəmi 4252,29 (dörd min iki yüz əlli iki ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.

27. Həmçinin müəyyən olundu ki, Cavabdeh1 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh2 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər.

28. Məhkəmə iddia tələbi üzrə tutulmalı məbləğin zamin Cavabdeh1 münasibətdə əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir.

29. İş materiallarından da, göründüyü kimi 09 aprel 2014-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında zaminlik müqaviləsinə 25 may 2017-ci il tarixli 02 nömrəli Əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən kreditin müddəti 25 may 2022-ci il tarixinədək uzadılmışdır. İddiaçı 06 may 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

30. Beləliklə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir.

31. Belə ki, həmin normada əks olunan müddətlər etibarlı müqavilə əsasında əmələ gəlmiş zaminliyə xitam verən kəsici müddətlərdir. Bu halda hüquqi hadisə kimi zaminliyin xitamı məhkəmə aktı əsasında deyil, qanuna əsasən baş tutur. Ona görə də, həmin normada zaminliyə xitam verən müddətin keçməsi müəyyən olunduqda zaminə qarşı yönəlmiş tələb məhkəmənin ayrıca akt şəklində qərardadı ilə deyil, işi mahiyyəti üzrə həll edən qətnamə ilə rədd edilməlidir.

Məhkəmə baxışının hədləri:

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

33. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 126,54 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 4252,29 ABŞ dolları tutulduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 92,29 (doxsan iki manat iyirmi doqquz qəpik) manat pul Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 34,25 (otuz dörd manat iyirmi beş qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

34. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 09 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi və zaminlik müqaviləsinə 25 may 2017-ci il tarixli 02 nömrəli Əlavə saziş üzrə zaminliyinə xitam verilməli, ona qarşı qaldırılmış iddia tələbi rədd edilməli, Cavabdeh2 2525,01 ABŞ dolları əsas borc, 1256,28 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 371 ABŞ dolları faiz borcu, cəmi 4252,29 (dörd min iki yüz əlli iki ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində borc (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş 92,29 (doxsan iki manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 34,25 (otuz dörd manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

35. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh1 09 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi və zaminlik müqaviləsinə 25 may 2017-ci il tarixli 02 nömrəli Əlavə saziş üzrə zaminliyinə xitam verilsin və ona qarşı qaldırılmış iddia tələbi rədd edilsin. Cavabdeh2 2525,01 ABŞ dolları əsas borc, 1256,28 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 371 ABŞ dolları faiz borcu, cəmi 4252,29 (dörd min iki yüz əlli iki ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində borc (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş 92,29 (doxsan iki manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri 34,25 (otuz dörd manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar