Məhkəmə qərarları › İş №e-2(050)-1881/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1881/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1881/2023 16.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək 10 oktyabr 2017-ci il tarixli MAS-03497/17 nömrəli kredit müqaviləsi üzrə cəmi 1225.32 ABŞ dolları məbləğində kredit borcunun – bundan 999.62 ABŞ dolları əsas, 212.82 ABŞ dolları faiz borcunun və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 12.88 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 40.83 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli MAS-03497/17 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 6 faiz dərəcəsi ilə 2100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh3 arasında 10 oktyabr 2017-ci il tarixli MAS-03497/17 nömrəli və Cavabdeh2 arasında 10 oktyabr 2017-ci il tarixli MAS-03497/17-1 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəməyə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır.Kredit müqaviləsinin 2.1-ci və 3.3-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsədə o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh1 12 yanvar 2023-cü il tarixə kredit üzrə banka ödənilməmiş cəmi 1225.32 ABŞ dolları borcu vardır. Bundan 999.62 ABŞ dolları əsas, 212.82 ABŞ dolları faiz borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 12.88 ABŞ dolları faiz borcu təşkil edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişlər. İşdə olan 10 oktyabr 2017-ci il tarixli, MAS-03497/17 saylı krеdit müqaviləsindən görünür ki, Cavabdeh1 krеdit müqaviləsi əsasında 60 ay müddətinə, illik 6 faiz dərəcəsi оlmaqla, 2100 ABŞ dolları krеdit verilmişdir. 10 oktyabr 2017-ci il tarixli, MAS-03497/17 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə əsas borclunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zamin olan digər Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmış, o zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. 10 oktyabr 2017-ci il tarixli, MAS-03497/17-1 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə əsas borclunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zamin olan digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış, o zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. 10 oktyabr 2017-ci il tarixli ödəniş qrafikindən görünür ki, müqavilə üzrə son ödəniş müddəti 10 oktyabr 2022-ci il tarixidir. Maliyyə aryışından görünür ki, Cavabdeh1 12 yanvar 2023-cü il tarixə 999.62 ABŞ dolları əsas borcu, 212.82 ABŞ dolları faiz borcu, 12.88 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi olmaqla ümumlikdə 1225.32 ABŞ dolları borcu yaranmışdır. Bildirişdən görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırılması üçün 40.83 manat dövlət rüsumu ödəmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2- 3(103)-130-/2020 saylı qərarının surətindən görünür ki, bank müflis elan edilmiş və banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.1.-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1.,470.2. və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən maddi normaların tələblərindən göründüyü kimi, cavabdeh Rusif Bədəlov kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara, eləcə də müqavilə öhdəliklərini yerinə yetirməsi üçün onunla dəfələrlə razılaşmalar aparılmasına baxmayaraq, müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, bunun da nəticəsində müqavilə şərtlərini pozmuşdur. Zaminlər və əsas borclu birgə məsuliyyət daşyırlar. Ona görə də yaranmış borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq, bankın hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1.-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən. kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 999.62 ABŞ dolları əsas borcu, 212.82 ABŞ dolları faiz borcu, 12.88 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi olmaqla ümumlikdə 1225.32 ABŞ dolları borc və 40.83 manat ödənilmiş dövlət rüsumu alınaraq Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar