Məhkəmə qərarları › İş №e-2(050)-1930/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1930/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1930/2024 09.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı” ASC-nin Cavabdeh qarşı borcun tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Kommersiya Bankı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4272.92 manat əsas, 931.51 manat faiz, 147.53 manat cərimə, cəmi 5851.96 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 78.92 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2023-cü il tarixində xx.xx.2026-cı il tarixədək illik 24.5% olmaqla istehlak məqsədləri üçün 5200 AZN nağd kredit (komissiya 161 AZN, aylıq ödəniş hər ayın 29-u 206 AZN) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür. Kredit xəttinin məqsədli təyinatı istehlakdır. (Kredit xətti № 3958nkAHMb/23). Hazırki iddia tələbinin əsası olaraq iddiaçı Ümumi Ofertaya, ümumi ofertanın təsdiqinə və kredit xəttinin ayrılmasına dair cavabdehlə bağlanmış Kredit xətti müqaviləsinə, borcun tam qaytarılması üçün cavabdehə göndərilmiş Bildiriş və onun çatdırılmasına dair poçt qəbzinə, cavabdehin Şəxsiyyətini təsdiq edən sənədə, Maliyyə arayışına, Dövlət rüsumun ödənilməsini təsdiq edən sənədə istinad edir. Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən Müştəri“ kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin Banka xx.xx.2024-cü il tarixinə 4272.92 manat əsas, 931.51 manat faiz, 147.53 manat cərimə, cəmi 5851.96 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü tarixli ərizədən və elektron çıxarışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2023-cü il tarixində xx.xx.2026-cı il tarixədək illik 24.5% olmaqla istehlak məqsədləri üçün 5200 AZN nağd kredit (komissiya 161 AZN, aylıq ödəniş hər ayın 29-u 206 AZN) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı” ASC-yə 4272.92 manat əsas, 931.51 manat faiz, 147.53 manat cərimə, cəmi 5851.96 manat borcu var. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh bildiriş göndərilməklə banka olan kredit borcunu qaytarmadığı halda yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bildirişdə Cavabdeh 12 fevral 2024-cü il tarixə olan borcu 4772.92 manat əsas, 625.07 manat faiz, 59.82 manat cərimə, cəmi 5457.81 manat göstərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, "xxxx" Kommersiya Bankı” ASC məhkəmədə iddia qaldırılması üçün 78.92 manat dövlət rüsumu ödəmişdir. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməmiş, nəticədə "xxxx" Kommersiya Bankı” ASC-yə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta”-ya əsasən Cavabdeh ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı” ASC-dən aldığı kredit üzrə əsas borcu və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliyini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışında cavabdehin 4272.92 manat əsas, 931.51 manat faiz, 147.53 manat cərimə, cəmi 5851.96 manat, cavabdehə ünvanlanmış borcun ödənilməsi barədə bildirişdə 12 fevral 2024-cü il tarixə olan borcu 4772.92 manat əsas, 625.07 manat faiz, 59.82 manat cərimə, cəmi 5457.81 manat göstərilmişdir. Lakin iddiaçı iddia tələbində maliyyə arayışında qeyd edilən 4272.92 manat əsas, 931.51 manat faiz, 147.53 manat cərimə, cəmi 5851.96 manat borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavabdehə ünvanlanmış borcun ödənilməsi barədə bildirişdə göstərilən 12 fevral 2024-cü il tarixə olan borcu 4772.92 manat əsas, 625.07 manat faiz, 59.82 manat cərimə, cəmi 5457.81 manat borcu götürülməklə iddiaya qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 59.82 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı işlə bağlı məhkəmə cavabdehin əmlak vəziyyətini, borcdan müəyyən qədər ödənişlər etməsini dəbbə pulunun azaldılmasına əsas kimi qəbul edir. Məhkəmə hesab edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirir, eyni zamanda həmin məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 59.82 manat məbləğində dəbbə pulu azaldılaraq 15 manat müəyyən edilməlidir. Odur ki, iddia 4772.92 manat əsas, 625.07 manat faiz, 15 manat cərimə, cəmi 5412.99 manat həcmində təmin edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə "xxxx" KB ASC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 78.92 manat məbləğində pul vəsaitinin 74.13 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 4.79 manatı isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4772.92 manat əsas, 625.07 manat faiz, 15 manat cərimə, cəmi 5412.99 manat borc və dövlət rüsumu kimi ödənilmiş 78.92 manat məbləğində pul vəsaitinin 74.13 manat məbləğində hissəsi tutularaq "xxxx" Kommersiya Bankı” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar