Məhkəmə qərarları › İş №e-2(050)-194/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-194/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-194/2025 01.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, İddiaçı «Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra- ASC) Cavabdeh qarşı “kredit müqaviləsindən irəli gələn borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: «Unibank” Kommersiya Bankı” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" KB ASC-nin xeyrinə 22243.6 manat əsas, 2963.31 manat faiz, 163.63 manat cərimə, cəmi 25370.54 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 166.52 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onula əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 213nkNFT/24 saylı kredit müqaviləsinin 1.1- ci bəndinə əsasən iddiaçı xx.xx.2028-ci il tarixinədək, illik 25% ödəmək şərtilə 22480 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür (ödəniş cədvəli tərtib olunub). Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsini imzalamaqla həmçinin “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli kütləvi ofertanı (aksept) təsdiq etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər kredit müqaviləsinin bağlanmasıdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit borcalanın digər kredit müqaviləsi üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. İddia tələbinin əsası olaraq iddiaçı Ümumi Ofertaya, cavabdehlə bağlanmış Kredit müqaviləsinə, borcun tam qaytarılması üçün cavabdehə göndərilmiş bildiriş və onun çatdırılmasına dair poçt qəbzinə, cavabdehin şəxsiyyətini təsdiq edən sənədə, maliyyə arayışına, dövlət rüsumun ödənilməsini təsdiq edən sənədə istinad edir. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə, həmin gündən başlayaraq bank Borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 %-i miqdarında cərimə tətbiq edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Banka olan borcundan cərimələrin silinməsini, kreditin müddətinin uzadılmasını, əsas borcunun da hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin hər ay 540 manat aliment ödədiyini, bunu nəzərə alaraq hər ay 50-60 manat ödənilməsinə köməklik olunmasını, ümumilikdə digər banka da 6300 manat borcu olduğunu, aylıq ödənişin 237 manat olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: İş materiallarında olan: "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 213nkNFT/24 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı xx.xx.2028-ci il tarixinədək, illik 25% ödəmək şərtilə 22480 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı” ASC-yə 22243.6 manat əsas, 2963.31 manat faiz, 163.63 manat cərimə, cəmi 25370.54 manat borcu vardır. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh bildiriş göndərilməklə banka olan kredit borcunu qaytarmadığı halda, yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bildirişdə Cavabdeh 23 oktyabr 2024-cü il tarixə olan borcu 22243.6 manat əsas, 2561.38 manat faiz, 117.93 manat cərimə, cəmi 24922.91 manat göstərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, "xxxx" Kommersiya Bankı” ASC məhkəmədə iddia qaldırılması üçün 166.52 manat dövlət rüsumu ödəmişdir.. Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 9/1262 saylı ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixə (maliyyə arayışı üzrə tarixə) əsas borc üzrə 22243.6 manat, faiz borcu üzrə 2550.3 manat borcu var; ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Məhkəmə tələb edilən borc məbləğinə münasibətdə bildirir ki, iddia tələbində 22243.6 manat əsas, 2963.31 manat faiz borcu qeyd edilsə də, Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 9/1262 saylı ekspert rəyinə əsasən əsas borc üzrə 22243.6 manat, faiz borcu üzrə 2550.3 manat müəyyən edilmiş edilmişdir. Məhkəmə hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 9/1262 saylı ekspert rəyinə əsasən əsas borc üzrə 22243.6 manat, faiz borcu üzrə 2550.3 manat borcu götürülməklə iddiaya qiymət verilməlidir. Odur ki, iddia 22243.6 manat əsas, 2550.3 manat faiz borcu həcmində təmin edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 163.63 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı işlə bağlı məhkəmə cavabdehin əmlak vəziyyətini, borcdan müəyyən qədər ödənişlər etməsini dəbbə pulunun azaldılmasına əsas kimi qəbul edir. Məhkəmə hesab edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirir, eyni zamanda həmin məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 163.63 manat məbləğində dəbbə pulu azaldılaraq 20 manat müəyyən edilməlidir. Odur ki, iddia 22243.6 manat əsas, 2550.3 manat faiz, 20 manat cərimə, cəmi 24813.9 manat həcmində təmin edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 166.52 manat ödənilmiş dövlət rüsumunun 164.44 manatı cavabdehə, 2.08 manatı isə iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutulmalı və Məhkəmə Eskpertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 22243.6 manat əsas, 2550.3 manat faiz bоrcu və 20 manat məbləğində cərimə olmaqla, cəmi 24813.9 manat məbləğində bоrc və dövlət rüsumu kimi ödənilmiş 166.52 manat pul vəsaitinin 164.44 manat hissəsi tutularaq «Unibank” Kommersiya Bankı” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar