Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-196/2025 11.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 5000 manat zərər məbləğinin və ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 03:30 radələrində Abşeron rayonu, H.Əliyev prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh Soltanağa oğlunun idarə etdiyi “Mazda CX-9” markalı, **- HP-*** dövlət qeydiyyat nişanlı avtomobil piyada X1 vurmuş, nəticədə piyada aldığı xəsarətlərdən vəfat etmişdir. “Mazda CX-9” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli ödəniş sənədlərinə əsasən iddiaçı tərəfindən 2500 manat X4 və 2500 manat X2 bank hesablarına ödənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-848/2021 saylı hökmdən və YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi Cavabdeh Soltanağa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü və 263-1.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmişdir. Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda məsuliyyət müəyyən olunmuşdur. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarından aydın görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh Soltanağa oğlu avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizədə işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin onun tərəfindən iddia tələbinə münasibət bildirilməmiş, eyni zamanda məhkəmədə nümayəndə vasitəsi ilə təmsil olunmamışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -"xxxx" ASC-nin 03 oktyabr 2019-cu il tarixli, PXA********** nömrəli İcbari Sığorta müqaviləsindən görünür ki, X5 məxsus “Mazda CX-9” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil bir il müddətinə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalanmışdır. -PXA 68107 nömrəli və PXA90530 nömrəli sığorta aktlarından görünür ki, 11 avqust 2020-ci il tarixdə, Abşeron rayonu, H.Əliyev prospektində Cavabdeh Soltanağa oğlunun idarə etdiyi “Mazda CX-9” markalı, **-HP-*** dövlət nömrə nişanlı avtomobilin törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində piyada X3 vəfat etmişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5000 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 2500 manat X4 və 2500 manat X2 bank hesabına köçürülmüşdür. -Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-848/2021 saylı hökmündən görünür ki, Cavabdeh Soltanağa oğlu Azərbaycan Respublikası CM-in 185.2.4 və 263-1.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədilməsində təqsirli bilinib, CM-in 66.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan 2 il müddətinə məhrum edilməklə, 7 il müddətinə azadlıqdan məhrum etmə və 2800 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə əvvəlcə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnməş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxslərin üzərinə qoyula bilər. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, zərərin əvəzini ödəmək vəzifəsi cavabdehin öhdəsinə qoyulmalıdır. Belə ki, Cavabdeh avtomobili qanuni əsaslar olmadan sərxoş halda idarə etdiyindən və sığorta hadisəsi doğuran baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri hökmlə müəyyən edildiyindən, məhz onun vurulmuş zərərlə bağlı mülki hüquq məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şahadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASCnin baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxslərə ödədiyi sığorta ödənişi məbləğini cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Məhz bu səbəbdən də Cavabdeh 5000 manat sığorta məbləği tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5000 manat sığorta məbləği və 70 manat dövlət rüsumu, cəmi 5070 (beş min yetmiş) manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-196/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-196/2025
11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver