Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-199/2025 29.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cəmi borcu 25922.87 manat, bundan 9425.32 manat əsas, 7134.68 manat faiz, 8076.45 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1286.42 manat faiz borcu və iş üzrə ödənilmiş 167.77 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onula əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% dərəcəsi ilə 7640 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında ********* nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, R-095 saylı əlavə sazişlərə əsasən kreditin qalıq məbləği 7360.17 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışıdr. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli, 02 saylı əlavə sazişlərə əsasən Kreditin qalıq məbləği 6698.35 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışıdr. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyinin qalıq məbləği 6763.25 ABŞ dolları konvertasiya olunaraq (1 ABŞ dolları=1.50 AZN) 9618.63 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 34% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 25922.87 manat təşkil edir. Bundan 9425.32 manat əsas, 7134.68 manat faiz, 8076.45 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1286.42 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, 2014-cü il tarixdə kredit götürmüşdür. Sonradan Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən artıq ödədiyi məbləğ kompensasiya olunmuş və ona bildirmişlər ki, artıq borcu qalmamışdır, lakin borcu qalmaması barədə rəsmi sübutu yoxdur. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialında olan: 22 dekabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 istehlak məqsədi ilə 36 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 7640 ABŞ dolları məbləğində kredit verilmişdir. 22 dekabr 2014-cü il tarixli, ********* saylı zaminlik müqaviləsindən görünür ki, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 09 aprel 2015-ci il tarixli, R-095 saylı kredit və zaminlik müqavilələrinə əlavə sazişlərdən görünür ki, kreditin qalıq məbləği 7360.17 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışıdr. 15 fevral 2016-cı il tarixli, 02 saylı kredit və zaminlik müqavilələrinə əlavə sazişlərdən görünür ki, kreditin qalıq məbləği 6698.35 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışıdr. 25 yanvar 2017-ci il tarixli, 02 saylı kredit və zaminlik müqavilələrinə əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı borc öhdəliyinin qalıq məbləği 6763.25 ABŞ dolları konvertasiya olunaraq (1 ABŞ dolları=1.50 AZN) 9618.63 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən alınmış 25 yanvar 2017-ci il tarixli, ********* saylı müqaviləyə görə xx.xx.2024-cü il tarixə onun 9425.32 manat məbləğində kredit bоrcu, 7134.68 manat məbləğində faiz bоrcu, 8076.45 manat cərimə və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1286.42 manat məbləğində olmaqla, cəmi 25922.87 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2025-ci il tarixli, 9/793 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin və kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il və 25 yanvar 2017-ci il tarixli əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh2 iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müqavilə üzrə müddətin bitdiyi xx.xx.2022-ci il tarixə 9560.91 əsas borc, 7192.16 manat faiz və xx.xx.2024-cü il tarixədək illik 5 faiz hesablanmaqla faiz borcun məbləği 1347.82 manat borcu müəyyən edilmişdir. xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilməklə Banka olan kredit borclarını qaytarmadığı halda müqaviləyə xitam verilməsi və yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 167.77 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda tətbiq olunan normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq əsas kredit və faiz borcunu müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qanunla qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanin 1 saylı Prtokolunun 1-ci maddəsinin və İnsan Hüquqları Avropa məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Məhkəmə ödənilməli olan əsas və faiz borc məbləğlərini müzakirə edərək qeyd edir ki, təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin və kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il və 25 yanvar 2017-ci il tarixli əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh2 iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müqavilə üzrə müddətin bitdiyi xx.xx.2022-ci il tarixə 9560.91 əsas borc, 7192.16 manat faiz və xx.xx.2024-cü il tarixədək illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 1347.82 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor kredit verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 200 manat məbləğində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-ci maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə borcun zamindən də tələb edilməsinə münasibətdə bildirir ki, onun öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə çatmış, lakin kreditor icra edilməmiş öhdəlik üzrə xx.xx.2023-cü il tarixədək iddia irəli sürməmişdir. Belə ki, həmin məsələni qanunvericilk tərəflərin iradəsindən asılı etməmiş, imperativ şəkildə MM-nin 477-ci maddəsi ilə tənzimləmişdir. Belə olan halda Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə kreditor zaminə qarşı bir il ərzində iddia irəli sürmədiyi üçün (kəsici müddət) zaminlik müqavilələrinə xitam verildiyindən iddia cavabdeh (zamin) Cavabdeh1 qarşı olan hissədə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 9425.32 manat məbləğində kredit bоrcu, 7134.68 manat məbləğində faiz bоrcu, 200 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanış 1286.42 manat məbləğində olmaqla, cəmi 18046.42 manat məbləğində bоrc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı ASC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 167.77 manat məbləğində pul vəsaitinin, 144.14 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 9425.32 manat məbləğində kredit bоrcu, 7134.68 manat məbləğində faiz bоrcu, 200 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1286.42 manat, cəmi 18046.42 manat məbləğində bоrc və ödənilmiş dövlət rüsumunun 144.14 manat hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci 100 manat Cavabdeh2 tutularaq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-199/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-199/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver