Məhkəmə qərarları › İş №e-2(050)-2007/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2007/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2007/2025 03.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 1307,64 manat olmaql bundan 1262,02 manat əsas borc, 16,10 manat kredit müqaviləsi müddəti üzrə hesablanmış faiz borcu, 29,52 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 33,08 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflər məhkəmənin 03 iyul 2025-ci il tarixə təxirə salınmış hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə hazırlıq iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. 19 iyun 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasından əvvəl İddiaçı ASC-nin nümayəndəsi X2 11 iyun 2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini, təyin edilmiş hazırlıq iclasında işlərin çoxluğu ilə əlaqədar iştirakı üzürlü səbəbdən mümkün olmadığından hazırlıq iclasının iştirakı olmadan baxılmasını və baxış iclasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi Elnur Quliyev tərəfindən X1 13 fevral 2024-cü il tarixdə etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363.1-ci maddəsinə əsasən əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Göründüyü kimi İddiaçı ASC-nin nümayəndəsi X1 13 fevral 2024-cü il tarixdə verilmiş etibarnamədə müddət göstərilmədiyindən bir il müddəti olmuş və həmin müddət 13 fevral 2025-ci il tarixdə başa çatmışdır. İddiaçı ASC-nin nümayəndəsi Mətanət Əliyevə verilmiş etibarnamənin müddəti bitdiyindən ərizə ilə müraciət edərkən səlahiyyəti olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 №-li qərarı ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Eyni zamanda tərəflərə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdəhakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edir. İş materiallarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 33,08 manat məbləğində dövlət rüsumu ödəmişdir (qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 14:41:42). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da, geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hesab edirəm ki, iş üzrə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş 33,08 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş 33,08 (otuz üç manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 14:41:42) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar