Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-201/2025 13.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5565,50 manat əsas borc, 495,91 manat faiz borcu, 35,12 manat cərimə borcu olmaqla cəmi 6096,53 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 81,37 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 06 mart 2024-cü il tarixli 68nkMDK/24 saylı kredit müqaviləsinin 1.1- ci bəndinə əsasən iddiaçı 05 may 2027-ci il tarixinədək, illik 25% ödəmək şərtilə 5882 manat məbləğində krediti cavabdehə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsini imzalamaqla həmçinin “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” 31 mart 2021-ci il tarixli kütləvi ofertanı (aksept) təsdiq etmişdir. Müqavilənin 1.3cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər kredit müqavilələrinin bağlanmasıdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit borcalanın digər kredit müqavilələri üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə, həmin gündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 %-i miqdarında cərimə tətbiq edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
Tərəflərin izahatları:
3. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə İlqar oğlu 23 dekabr 2024-cü il tarixdə, “X1” Açıq Səhmdar Cəmiyyəti isə 13 yanvar 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, 2024-cü ilin mart ayında "xxxx" ASC-dən kredit götürmüş, maddi sıxıntıları yarandığı üçün aylıq ödənişin aşağı salınması üçün banka müraciət etmişdir. Lakin buna baxmayaraq, aylıq ödənişi aşağı salmamışlar və o, buna görə də, 6 ay olar ki, heç bir ödəniş etməmişdir. Kredit üzrə əsas borcu qəbul edir, lakin faiz borcunu və cəriməni qəbul etmir. Məhkəmədən mənim maddi durumumun nəzərə alınmasını və iddianın qismən təmin olunmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
6. Məhkəmə işə iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. “X1” ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2024-cü il tarixli, 68nkMDK/24 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 05 may 2027-ci il tarixinədək illik 25% ödəmək şərtilə 5882 manat məbləğində kredit verilmişdir.
8. 68nkMDK/24 saylı kredit müqaviləsinə 06 mart 2024-cü il tarixli 1 saylı əlavədən görünür ki, Cavabdeh 38 ay müddətinə hər ayın 06-dan gec olmayaraq ilk 37 ay 226 manat, sonuncu ay 210,40 manat ödəməyi öhdəsinə götürmüşdür.
9. “X1” ASC-nin 10 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, bank ilə Cavabdeh arasında bağlanmış 06 mart 2024-cü il tarixli, 68nkMDK/24 saylı kredit müqaviləsinə əsasən öhdəlikləri yerinə yetirmədiyi üçün borclunun banka 10 oktyabr 2024-cü il tarixinə 5565,50 manat əsas borcu, 336,83 manat faiz borcu, 12,91 manat cərimə borcu, cəmi 5915,24 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi borcluya təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.
10. 21 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “X1” ASCyə 21 noyabr 2024-ci il tarixə 5565,50 manat əsas borcu, 495,91 manat faiz borcu, 35,12 manat cərimə borcu, cəmi 6096,53 manat borcu vardır.
11. 21 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, “X1” ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 81,37 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları:
12. Məhkəmə iclasında müəyyən olundu ki, “X1” ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2024-cü il tarixli 68nkMDK/24 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 5882 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd olunan məbləği kredit müqaviləsində göstərilən 38 ay müddətinədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliklərə layiqincə əməl etməmişdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
16. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri ödəməlidir.
17. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı “X1” ASC ilə bağladığı 06 mart 2024-cü il tarixli 68nkMDK/24 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək krediti və ona hesablanmış faizləri ödəməməklə, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. İşin hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2024-cü il tarixli 68nkMDK/24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 38 ay müddətinə illik 25% ödəmək şərtilə 5882 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 21 noyabr 2024-ci il tarixə 5565,50 manat əsas borcu, 495,91 manat faiz borcu, 35,12 manat cərimə borcu, cəmi 6096,53 manat borcu yaranmışdır. İddiaçı 10 oktyabr 2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. Bu səbəbdən məhkəmə cavabdehin mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 5565,50 manat əsas borc, 336,83 manat faiz borcu, 12,91 manat cərimə, cəmi 5915,24 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə xərcləri:
20. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu 81,37 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
21. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5565,50 manat əsas borc, 336,83 manat faiz borcu, 12,91 manat cərimə, cəmi 5915,24 manat məbləğində pul və 81,37 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir.
22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 5565,50 manat əsas borc, 336,83 manat faiz borcu, 12,91 manat cərimə borcu, cəmi 5915,24 (beş min doqquz yüz on beş manat iyirmi dörd qəpik) manat məbləğində borc və 81,37 (səksən bir manat otuz yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Hüseynov