Məhkəmə qərarları › İş №e-2(050)-202/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-202/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-202/2025 28.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4719.69 manat əsas borc, 666,10 manat faiz borcu, 201,61 manat cərimə borcu olmaqla, cəmi 5587,40 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 76,28 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş və bununla da həmin şərtlərlə müqavilə bağlamış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq SMS vasitəsi ilə razılaşdırılmış, xx.xx.2026-cı il tarixədək, illik 20% olmaqla 4700 manat kredit xətti açılmış, məbləğ iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit № 3100sNARb/23). Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Ümumi Ofertanın 17.10-cu bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı ümumi Ofertadan görünür ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh SMS bildirişdə qeyd olunan məbləğdə, müddətdə, illik faiz dərəcəsində kredit limiti ayırmağı, ona bank hesabı (cari, kredit) açmağı və ödəniş kartı təqdim etməyi, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2026-cı il tarixədək, illik 20% olmaqla 4700 manat kredit xətti açılmış və həmin məbləğ xx.xx.2023cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 21 noyabr 2024-cü il tarixli UB- BANK/PİKMD/1239712 saylı maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə 4719,69 manat əsas borcu, 666,10 manat faiz borcu, 201,61 manat cərimə borcu olmaqla, cəmi 5587,40 manat borcu vardır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə "xxxx" KB ASC-yə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı ümumi Ofertaya əsasən Cavabdeh kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 76 (yetmiş altı) manat 28 qəpik dövlət rüsumu cavabdehə aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 4719,69 manat, faiz borcuna görə 666,20 manat, cərimə borcuna görə 201,61 manat və dövlət rüsumuna görə 76,28 manat olmaqla, cəmi 5663 (beş min altı yüz altımış üç) manat 68 qəpik məbləğində pul tutularaq "xxxx" KB ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar