Məhkəmə qərarları › İş №e-2(050)-2099/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2099/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2099/2023 21.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə. İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 11000 manat pulun alınması, aralarında bağlanmış 19 aprel 2018-ci il tarxli və 22 iyun 2018-ci il tarixli borc pula dair müqavilələrin ləğv edilməsi, ümumilikdə 34000 manat pulun və ödənilmiş 192 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə münasibəti normal olduğuna və onun inamını qazandığına görə ona 02 noyabr 2020-ci il tarixində 1 il müddətinə qaytarmaq şərti ilə 11000 manat borc pul vermişdir. Aralarında olan kredit müqaviləsi faizsiz olmaqla Bakı şəhəri 36 saylı notariat ofisində bağlanmışdır. Cavabdeh borcunu qaytarmasına söz versə də, hal-hazıra kimi onun pulunu verməkdən imtina edir. Bundan əlavə olaraq, Cavabdeh ilə onun arasında bağlanmış Bakı şəhəri 36 saylı notariat ofisində reyestrdə 3M-66 № ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsi əsasında xx.xx.2028-ci il tarixində qaytarmaq şərti ilə 10000 manat və Bakı şəhəri 36 saylı notariat ofisində reyestrdə 3M-100 № ilə qeyd edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsi əsasında xx.xx.2028-ci il tarixində qaytarmaq şərti ilə 13000 manat borc pul almışdır. Aralarında olan kredit müqaviləsi faizsiz şərtləşdirilib. Cavabdeh onun etibarından və inamından istifadə edərək bildirmişdir ki, borc verdiyi pulları tez bir zaman ərzində hissə-hissə qaytaracaqdır. O, ticarətlə məşğul olduğunu, ona görə də pulların qaytarılmasının onun üçün çətin olmadığını da bildirmişdir. Cavabdehlə aralarında kredit müqavilələri bağlanan zaman, həmin borc verdiyi pulları cavabdehin qaytarmaq imkanına malik olmadığı ona məlum olmamışdır. Hazırda cavabdehin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Ona borc verdiyi pullarını gələcəkdə və bundan sonra qaytara bilməsi təhlükəli haldadır. Belə olan halda onun, iddiaçı kimi cavabdehlə aralarında olan kredit müqavilələrinin vaxtından əvvəl ləğv etmək hüququ yaranmış olur. Cavabdeh onun pulunu-əmlakını qaytarmaq imkanlarını itirir və pulunu qaytarmaq istəmir. Buna görə də məhkəməyə müraciət edir. Cavabdeh ona ümumilikdə 34000 manat pul borcludur. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildridi ki, 02 noyabr 2020-ci il tarixli borc müqaviləsinin şərtlərinə görə cavabdeh 02 noyabr 2021-ci il tarixdə qədər alçı olduğu 11000 manat pulu geri qaytarmamış, bütün tələblər nəticəsiz qalmışdır. Bu səbəblə İddiaçı digər 19 aprel 2018-ci il tarixli və 22 iyun 2018-ci il tarixli borc müqavilələri üzrə cəmi 23000 manat borc gələcəkdə qaytarılmaması təhlükəsi yaranmışdır. Həmin müqavilələrin şərtlərinə görə son ödəniş tarixi, müvafiq olaraq 19 aprel 2028-ci il və 22 iyun 2028-ci il tarixləridir. Odur ki, hər iki müqavilənin vaxtından əvvəl ləğv olunması və hər üç borc müqaviləsinə görə ümumilikdə 34000 maanat pulun Cavabdeh alınması tələb olunur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. 19 aprel 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 19 aprel 2028-ci il tarixə qədər 10 il müddətinə qaytarmaq şərti ilə 10000 manat borc almışdır. Müqavilə iddiaçı və cavabdeh tərəfindən imza edilmiş, notariat qaydada təsdiq edilmişdir. 22 iyun 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 22 iyun 2028-ci il tarixə qədər 10 il müddətinə qaytarmaq şərti ilə 13000 manat borc almışdır. Müqavilə iddiaçı və cavabdeh tərəfindən imza edilmiş, notariat qaydada təsdiq edilmişdir. 02 noyabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 1 il müddətinə qaytarmaq şərti ilə 11000 manat borc almışdır. Müqavilə iddiaçı və cavabdeh tərəfindən imza edilmiş, notariat qaydada təsdiq edilmişdir. Məhkəmə rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı 192 manat dövlət rüsumu ödənmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2.1.-ci maddəsinə əsasən müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz. Həmin Məcəllənin 423.2-ci maddəsində qeyd olunmuşdur ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, borc müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1. və 740.2.-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. 02 noyabr 2020-ci il tarixli borc müqaviləsinin şərtinə görə 11000 manat borc pul 02 noyabr 2021-ci il tarixdə qaytarılmalıdır. İşin hallarına əsasən cavabdeh borcunu halhazıradək qaytarmamış, o, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. 19 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə son ödəniş müddəti 19 aprel 2028-ci il tarixdə, 22 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzrə 22 iyun 2028-ci il tarixidə başa çatır. Məhkəmə işin hallarını ümumi dəyərləndirərək qeyd edir ki, İddiaçı iddiasında haqlı hesab olunmalıdır. Belə ki, cavabdeh 02 noyabr 2020-ci il tarixli kredit müqaviləsinin şərtinə görə 11000 manat borc pul 02 noyabr 2021-ci il tarixdə qaytarılmalı olduğu halda, 2 ilə yaxın müddətdə hal-hazıradək ödəniş etməmişdir. Bu səbəblə İddiaçı haqlı olaraq hesab edir ki, öhdəlik müddəti bitmiş müqaviləni icra etməyən Cavabdeh, digər müqavilələr üzrə 5 ildən sonra digər müqavilələri də icra etməyəcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinin şərtləri baxımından şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Beləliklə İddiaçı vaxtı çatmamış borc müqavilələrini bağlayarkən, ona məlum olmuş olsaydı ki, Cavabdeh 02 noyabr 2020-ci il tarixli borc müqaviləsinin şərtinə görə 11000 manat borc pulu 02 noyabr 2021-ci il tarixdə qaytarmamaqla, öhdəliyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1. və 427.3.-cü maddələrində nəzərdə tutulmuş qaydalara uyğun icra etməyəcək, ümumiyyətlə Cavabdehla borc müqaviləsi bağlamış olmazdı. Qeyd olunan maddələrin şərtlərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin şərtləri baxımından öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Cavabdeh ödəniş müddəti çatmış 11000 manat borc pulu qaytarmamaqla, digər borc müqavilələri üzrə öhdəliyinin icrasına maneəçilik yaradan hərəkətlərə yol vermişdir və təbii ki, bununla da İddiaçı müqavilənin əsasında durmuş gələcək təsəvvürlərinin yanlış çıxması şəraitini yaratmışdır. Bütün qeyd olunanlar məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı iddia tələbində haqlı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2018-ci il tarixli və 22 iyun 2018-ci il tarixli kredit müqavilələri ləğv edilsin. Kredit müqavilələrini ləğv olunma tarixi qətnamənin qanuni qüvvəyə minidiyi gün hesab edilsin. Cavabdeh 34000 manat və dövlət rüsumuna ödənilmiş ödənilmiş 192 manat, cəmi 34192 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar