Məhkəmə qərarları › İş №e-2(050)-2166/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2166/2023

22.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2166/2023 22.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 81,30 manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün Ədalət-A MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 211,70 manat pulun cavabdehdən tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 150.72 manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 281.12 manat pulun cavabdehdən tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində təşkilatın tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, X3 tərəfindən verilmiş UPO-001 saylı 15 dekabr 2022-ci il tarixli, xüsusi razılıqlar (lisenziyalar) alınmışdır. Bu məqsədlə Bakı şəhərinin rayonlarında, kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzilinə kabel xətləri çəkir. Bakı şəhəri Binəqədi rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar "xxxx" MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "xxxx" MMC ilə “Ədalət-A” hüquqi firması arasında “hüquqi xidmətlərin göstərilməsi barədə” xx.xx.2014-cü il tarixdə müqavilə bağlamışdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2018-ci il tarixli, məniz alqı-satqı müqaviləsinin təminatı üçün veh müqaviləsinin sürətindən görünür ki, cavabdeh Vakı şəhəri, Binəqədi rayonu, 7ci mkr, Abay Kunanbayev küçəsi, 7/19 saylı evin, 38 nömrəli mənzilinin mülkiyətçisi olmuşdur. xx.xx.2022-ci il tarixli, arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 7/19 saylı evin, 38 nömrəli mənzilində yaşamış Səfərov Fəxrəddin ilə “AG Telecom“ MMC arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2011-ci il tarixdə bu ünvan KATV1-n şəbəkəsinə qoşulmuş, xx.xx.2012-ci il tarixədək sonuncu ödənişini etmiş və xx.xx.2012-ci il tarixdə 15,90 manat borcla şəbəkədən ayrılmışdır. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 7/19, 40 nömrəli mənzilə 2541N saylı akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2014-cü il tarixdə baxış keçrilmişdir. Daha sonra, xx.xx.2015-ci ildə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktını aşkar etmiş və bu barədə 2541 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır.Beləliklə tərtib edilmiş aktan görünür ki, cavabdehə məxsus mənzil „KATV1“ kable televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində “AG Telecom“ MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qanunsuz qoşulmanın müəyyən edildiyi zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilə son baxışın keçirildiyi xx.xx.2014-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2015-ci ilədək olan müddət 271 gün təşkil edir. Bu da hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 81.30 manat maddi ziyan təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam ediləcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə qeydiyyatda olduğu ünvana tərtib edilmiş akt əlavə etməklə pretenziya məktubu göndərilmiş məktub qəbul edilmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki "xxxx" MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçrilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat pul ödəyir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında əlavə olunmuş "xxxx" MMC ilə “Ədalət-A” hüquqi firması arasında “hüquqi xidmətlərin göstərilməsi barədə” xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, icracı tərəfindən sifarişçiyə hüquqi xidmətlərin göstərilməsinə dair münasibətlərini tənzimləyir. Sifarişçi icraçıya bu müqaviləyə əsasən vaxtaşırı olaraq hüquqi xidmətlərin gösrətilməsini tapşırır və göstərilən xidmətlərin müqabilində icraçıya bu müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada pul ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında” qanununun 35-ci maddəsində qeyd edilmişdir ki, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən digər materialları əsas götürüb, hesab edir ki, iddia tələbi tələb edilən hissəsində əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 100 manat və ödənilmiş 30 (otuz) manat 40 qəpik dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 284 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində vurulmuş 81.30 manat zərər, 100 manat hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş haqq və 30.40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 211 (iki yüz on bir) manat 70 qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar