Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2166/2024 22.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia ərizəsində qeyd edilən işin halları: İddiaçı, Cavabdeh qohumları vasitəsi ilə tanımış və aralarında münasibət yaranmışdır. Həmin münasibətə görə cavabdeh ondan borc istəmiş, o da cavabdehə xx.xx.2024-cü il tarixdə 8.750 (səkkiz min yeddi yüz əlli) manat və xx.xx.2024-cü il tarixdə 4000 (dörd min) manat borc pul vermişdir. Cavabdeh 8750 manat pulu 5 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək qaytarmağı, 4000 manat pulu isə 2 ay, yəni xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh götürdüyü öhdəliyi tam olaraq icra etməmiş, borcdan 1400 və 1000 manat olmaqla, cəmi 2400 manat qaytarmış, qalan 10.350 manatı hazırkı vaxtadək qaytarmamışdır. Cavabdeh 8.000 manatdan hər ay 750 manat qaytarmağı, 4000 manatdan isə hər ay 375 manat qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini vaxtaşırı icra etməmiş və nəticədə onun məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Tələbi cavabdehlə aralarında bağlanmış borc müqaviləsinə əsaslanır və borcun əsasını cavabdehin öz xətti ilə yazmış olduğu qəbzlər təşkil edir. Cavabdehə borcun qaytarılması barədə dəfələrlə xəbərdarlıq etmiş, lakin cavabdeh borcu qaytarmamışdır. Odur ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. İlk iddia üzrə iddiaçının tələbi: Cavabdeh borca görə 10.350 (on min üç yüz əlli) manat və dövlət rüsumuna görə 122 (bir yüz iyirmi iki) manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək Cavabdeh borca görə 11.350 (on bir min üç yüz əlli) manat və dövlət rüsumuna görə 122 (bir yüz iyirmi iki) manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd edilən işin halları: İlkin iddia üzrə iddiaçı, hazırki iddia üzrə cavabdeh İddiaçı ondan 10350 manat pul tələb etsə də o, ilk iddianı qismən qəbul edir və qeyd edir ki, onun İddiaçı 5150 manat borcu qalmışdır. Belə ki, əvvəllər də o, İddiaçı borca pul götürmüşdür. Həmişə verilən puldan əlavə ona faiz ödəmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi 8750 manat pul ona verilməmişdir. Həmin qəbzə imza etdiyi kağızda 8750 manat qeyd olunsa da, çıxılmaz vəziyyətdə qalıb ona imza etmişdir. Ona məxsus **********643898 nömrəli karta xx.xx.2024-cü il tarixdə cavabdehə məxsus kartdan 5000 manat pul daxil olmuşdur. Bu bir daha onun xx.xx.2024-cü il tarixdə imza etdiyi qəbzdə göstərilən 8750 manat pulun tam olaraq verilmədiyini və yerdə qalan 3750 manat pulun faizi olaraq hesablandığını əyani olaraq sübut edir. Əgər 3750 manat pul verilibsə iddiaçı bununla bağlı sübut məhkəməyə təqdim etməyib. Həmin 5000 manat borcdan (950+1400) 2350 manat pulu özünə məxsus **********643898 nömrəli kartdan onun istifadəsində olan **********969810 saylı kartına göndərməklə ona qaytarmışdır. Halbuki bununla bağlı heç bir mübahisə mövcud deyildir. Çünki iddiaçı öz iddia ərizəsində özü də bunu etiraf etmişdir (hətta 2400 manat qeyd etmişdir). xx.xx.2024-cü il tarixdə imza edilən qəbzə gəldikdə isə eyni qaydada qəbzdə məbləğ 4000 manat göstərilmiş lakin, ona məxsus **********468807 nömrəli kartına isə 2500 manat İddiaçı məxsus kartdan göndərilmişdir. Həmin məbləğdən isə ona bu günə kimi heç nə qaytara bilməmişdir. 1500 manat faiz olaraq qəbzdə göstərilmişdir. 2500 manat xx.xx.2024-cü il tarixdə ona göndərilmişdir. Amma qəbzdə isə qeyd olunmuşdur ki, guya o, həmin gün pulu almışdır. Əgər 1500 manatın da ona verilməsi ilə bağlı sübutu varsa məhkəməyə təqdim edilməsini tələb edir. Ümumilikdə ona (5000+2500) cəmi 7500 manat pul verilmişdir ki, onun da 2350 manatını qaytarmış, hal-hazırda İddiaçı 5150 manat borcu qalmışdır. Həmçinin qeyd edir ki, onun tərəfindən həmin qəbzlər imzalanarkən girov olaraq özünə məxsus əşyaları cavabdehə təhvil vermişdir və həmin əşyalar bugünə qədər ona qaytarılmamışdır. Həmin əşyalar: ACER markalı qırmızı rəngdə noutbuk, 2 ədəd qızıl sep (üzərində buğa burcu və N hərfi olan kulonlar), Reket qolbaq (körpə uşaq üçün) ərinə məxsus Alyans üzük, qara Pandora qolbaq, 2 ədəd halqa sırğa (həmin sırğaları İddiaçı qulağından zorla dartıb çıxarmışdır), 1 ədəd uşaq qolbağı. Həmin əşyaların ona qaytarılmasını İddiaçı tələb edir. Həmin əşyaların girov olaraq ondan götürülməsini və halhazırda da onda olmasını whatsapp ani mesajlaşma şəbəkəsində İddiaçı tərəfindən ona göndərilmiş səs yazısı sübut edir. Həmin səs yazısında o, “qızıllarına və kompyüterinə nə verərlər mən sənə xəbərdar edərəm”) sözlərini demişdir. Qarşılıqlı iddia üzrə iddiaçının tələbi: Qarşılıqlı iddianın təmin edilməsini yəni, girov kimi qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ondan alınan ACER markalı qırmızı rəngdə noutbukun (kompyuter), 2 ədəd qızıl sepin (üzərində buğa burcu və N hərfi olan kulonlar), reket qolbağın (körpə uşaq üçün), ərinə məxsus Alyans üzüyün, qara Pandora qolbağın, 2 ədəd halqa sırğanın, 1 ədəd uşaq qolbağının cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərəflər arasındakı borc münasibətlərinin sübutu kimi məhkəməyə Cavabdeh əlyazmaları təqdim edilmişdir. Hesab edir ki, əlyazmalar Cavabdeh iradə ifadəsini göstərir. O, heç bir təsir altında qalmadan, şəxsi iradəsi ilə həmin əlyazmaları yazmaqla İddiaçı borca pul götürmüşdür. Həmin əlyazmalar müqaviləyə bərabər sənəd kimi qiymətləndirilməklə İddiaçı tərəfindən cavabdehə verilmiş 10350 manatın və əlavə olaraq sonradan borca verilmiş 1000 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qarşı tərəfin tələb olunan borcun bir hissəsinin əsas borca hesablanmış əlavə faiz borcu olmasına dair qeyd etmişdir ki, cavabdehin özü tərəfindən yazılmış əlyazmada və məhkəməyə təqdim edilmiş səs yazılarda faizlə bağlı heç bir sübut, tərəflər arasında razılaşma olması müəyyən edilmir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə əşyaların 1000 manat borcun qarşılığı kimi alındığını, pulun ödənildiyi halda həmin əşyaların geri qaytarılmasına etiraz etmədiklərini bildirmişdir. İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ilk iddia tələbini yalnız karta atılan məbləğə münasibətdə, yəni 7500 (5000+2500) hissədə qəbul edir, qalan pulun göstərilən əsas məbləğlərə faiz kimi hesablanmasını bildirmişdir. Həmçinin səs yazılarda və məhkəməyə təqdim edilmiş əlyazmada Cavabdeh məbləğə dair hər hansı etirazının olmaması, şəxsin borcu alarkən maddi cəhətdən çətin vəziyyətdə olması və İddiaçı ilə aralarındakı münasibətlərin normal olması ilə əlaqədardır. Münasibətlər pozulana qədər Cavabdeh aldığı pulu faizi ilə qaytarmağa razı olmuş, bu səbəbdən səs yazılarda borcu tam etiraf etmişdir. Bundan əlavə 1000 manat məbləğdə borca münasibətə bildirmişdir ki, həmin pul vəsaiti Cavabdeh məxsus kart hesabına deyil, digər şəxsə məxsus kart hesabına atılmışdır. Bu səbəbdən hesab edirik ki, iddia tələbi 1000 manata münasibətdə digər şəxsə qarşı irəli sürülməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh bir neçə dəfə onun evinə gəlmiş, ondan çarəsiz vəziyyətdə olduğu üçün borca pul istəmişdir. Borcun verilməsinə dair Cavabdeh əlyazmaları və video görüntüləri məhkəməyə təqdim edilmişdir. Həmçinin borca verdiyi 1000 manat pulu qaytaracağı halda Cavabdeh qarşılıqlı iddia üzrə tələb edilən əşyaların geri qaytarılmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş sənədlər: Əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə 8750 manat almasını və 5 ay müddətinə qaytaracağını, hər ayın 18-də 750 manat verəcəyini qeyd etmişdir. (Məhkəmə araşdırması ilə aydınlaşdırılmışdır ki, pulun verilmə tarixi 18 yanvar 2024-cü il kimi nəzərə alınmalıdır.) Əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə 4000 manat almasını və 2 ay müddətinə qaytaracağını, hər ayın 6-da 375 manat verəcəyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 122 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Vəkil2 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 2500 manat Cavabdeh kart hesabına köçürülmüşdür. DVD disklərdə olan video görüntülərdə Cavabdeh xx.xx.2024-cü il tarixdə 8750 manat almasına dair və xx.xx.2024-cü il tarixdə 4000 manat almasına dair şəxsi iradə ifadəsi ilə və təsir altında qalmadan əlyazmaları yazması müəyyən edilmişdir. DVD diskdə olan səs yazılarda Cavabdeh anası ilə İddiaçı söhbəti əsasında Cavabdeh aldığı borc məbləğləri qeyd edilmişdir. Həmin səs yazıda 1000 manat borc da etiraf edilmişdir. İlk iddia ərizəsinə münasibətdə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, işin hallarından və iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında faktiki olaraq borc münasibətləri yaranmışdır. Mülki iş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən imzalanmış yazılı qəbzlərlə cavabdehin iddiaçıdan 8750 manat və 4000 manat məbləğində pul alması göstərilmişdir. İddiaçı həmin borc məbləğinin 2400 manat hissəsini geri qaytarmış və bu ilk iddia ərizəsində də göstərilmişdir. Bundan əlavə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsində, həmçinin cavabdeh tərəfin məhkəmə iclasındakı izahatlarında borc məbləği 5150 manat hissədə etiraf etmişdir. Qalan hissədə cavabdeh tərəf pulun faizə verilməsini iddia etmişdir. Qeyd edilən məsələyə münasibətdə məhkəmə hesab edir ki, iş materialları və təqdim edilmiş əlavə sübutlarla tərəflər arasında yaranmış borc münasibətlərində faizlə bağlı razılaşmanın olması öz təsdiqini tapmamış, bunun əksi olaraq məhkəməyə təqdim edilmiş video görüntülər və səs yazılarda Cavabdeh borcu ümumilikdə etiraf etmiş, faizlə bağlı heç bir fikir ifadə etməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış 8750 manat və 4000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdehin iddiaçıdan 8750 manat və 4000 manat pul almış olması yazılı qəbzlərə və qarşı tərəfin qismən etirafedici izahatlarına əsasən öz təsdiqini tapmışdır. Odur ki, tərəflər arasında bağlanmış 8750 manat və 4000 manat pulun borc kimi verilməsinə dair müqavilə Azərbaycan Respublikası Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbləri pozulduğundan etibarsızdır və cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 8750 manat və 4000 manat puldan müvafiq olaraq geri qaytarılmamış 7550 manat və 3000 (10350) manat pulu iddiaçıya geri qaytarmalıdır. Həmçinin 1000 manat məbləğində pulun Cavabdeh verilməsi ilə bağlı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəf həmin pulun Cavabdehın istifadəsində olmayan kart hesabına atılması səbəbindən iddia tələbini bu hissədə inkar etsə də, məhkəmə 1000 manat pulun əvəzi kimi Cavabdeh İddiaçı təqdim etdiyi özünə məxsus daşınar əmlakları, təqdim edilmiş səs yazılarını nəzərə alaraq iddia tələbinin bu hissədə də sübuta yetdiyi qənaətinə gəlir. Həmçinin səsyazılarda 1000 manat pulun verilməsinin təsdiq edilməsi, qeyd edilən pulun başqa şəxsin adına olan kart hesabına atılmasına baxmayaraq Cavabdeh sərəncamına verilməsini sübuta yetirir. Bu səbəbdən cavabdeh tərəfin 1000 manat məbləğində pulun alınması ilə bağlı digər şəxsə qarşı iddia qaldırılması ilə bağlı tələbini əsassız hesab edir. Qarşılıqlı iddia ərizəsinə münasibətdə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2 və 152.7-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, İddiaçı qarşılıqlı iddia ərizəsində göstərilən əşyaların onda olmasını etiraf edir və əşyaların borc olaraq verdiyi 1000 manat məbləğində pulun qaytarılacağı halda geri qaytarılmasına etirazı olmadığını bildirmişdir. Hazırda ilk iddia ərizəsi üzrə 1000 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilərək, ACER markalı qırmızı rəngli kompüter, 2 ədəd qızıl sep (üzərində buğa bürcü və “N” hərfi olan kulonlar), uşaq üçün reket qolbaq, alyans kişi üzüyü, qara rəngli Pandora qolbaq, 2 ədəd halqa sırğa, 1 ədəd uşaq qolbağı İddiaçı alınaraq, Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh 11350 manat məbləğində pul və 122 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia təmin edilsin. ACER markalı qırmızı rəngli kompüter, 2 ədəd qızıl sep (üzərində buğa bürcü və “N” hərfi olan kulonlar), uşaq üçün reket qolbaq, alyans kişi üzüyü, qara rəngli Pandora qolbaq, 2 ədəd halqa sırğa, 1 ədəd uşaq qolbağı İddiaçı alınaraq Cavabdeh qaytarılsın. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-2166/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2166/2024
22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver