Məhkəmə qərarları › İş №e-2(050)-2180/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2180/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2180/2025 22.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcun qaytarılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA070619-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 4101,77 (dörd min yüz bir manat tetmiş yeddi qəpik) manat məbləğində borcun - bundan 3880,75 (üç min səkkiz yüz səksən manat yetmiş beş qəpik) manat əsas borcun, 171,34 (bir yüz yetmiş bir manat otuz dörd qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 49,68 (qırx doqquz manat altmış səkkiz qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 61,02 (altmış bir manat iki qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh2 arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 07 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA070619-01nömrəli kredit müqaviləsinə əsasən 11 mart 2015-ci il tarixli 10-0613/15 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə Cavabdeh2 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 3923,92 (üç min doqquz yüz iyirmi üç manat doxsan iki qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən bank ilə Cavabdeh1 arasında 07 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA070619-01/ZM nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsiinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1 və 2.4.4-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də, Cavabdeh2 07 iyun 2019-cu il tarixli MBNP ***- *******FİMSA070619-01 nömrəli kredit müqaviləsi üzrə 09 sentyabr 2024-cü il tarixə banka ödənilməmiş cəmi 4101,77 (dörd min yüz bir manat tetmiş yeddi qəpik) manat məbləğində borcu vardır. Bundan 3880,75 (üç min səkkiz yüz səksən manat yetmiş beş qəpik) manat əsas borcun, 171,34 (bir yüz yetmiş bir manat otuz dörd qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 49,68 (qırx doqquz manat altmış səkkiz qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət olunmasına və bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, özü ağır şəkər xəstəsidir və insulinlə yaşayır. Hal hazırda işləmir, maddi vəziyyəti ağırdır və atasının köməkliyi ilə dolanır. Qeyd olunanları nəzərə alaraq faiz borcunun azaldılmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, hal-hazırda əmək haqqından "xxxx" ASC-nə olan borcuna görə 50 faiz, "xxxx" MMC-nə olsn borcuna görə isə 20 faiz məbləğində pul tutulur. Qeyd olunanları nəzərə alaraq zaminlik müqaviləsinin ləğv olunmasını məhkəmədən xahiş etmişdir.

İş materialları:

6. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 iyun 2019-cu tarixli MBNP ***- *******FİMSA070619-01 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh2 60 ay müddətinə (bir il güzəşt müddəti tətbiq edilməklə) illik 1 % dərəcəsi ilə 3923,92 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

7. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 iyun 2019-cu tarixli MBNP ***- *******FİMSA070619-01 nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 07-10 tarixlərində 60 ay müddətində hər ay ilk 12 ay üzrə 3,38-3,27 manat, növbəti aylar üçün 83,43 manat, sonuncu ay 83,383 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

8. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA070619-01/ZM/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər.

9. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə ünvanlandığı 11 sentyabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 09 sentyabr 2024-cü il tarixə banka 3880,75 manat əsas, 171,34 manat faiz, cəmi 4052,09 manat borcu qalmışdır. Tələb edilən 4052,09 manat borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər.

10. 11 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 07 iyun 2019-cu tarixli MBNP ***-*******FİMSA070619-01 nömrəli kredit müqaviləsi üzrə 11 sentyabr 2024-cü il tarixə banka 3880,75 manat əsas borcu, müqavilə müddəti üçün 171,34 manat faiz borcu, həmin düstürla hesablanan günlük faiz məbləği 0,54 qəpik və gecikdirilmiş gün sayısı 92, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 49,68 manat, cəmi 4101,77 manat borcu vardır.

11. 04 iyun 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 61,02 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 iyun 2019-cu tarixli MBNP ***-*******FİMSA070619-01 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 01% dərəcəsi ilə 3923,92 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 arasında 07 iyun 2019-cu tarixli MBNP ***- *******FİMSA070619-01/ZM/1 nömrəli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün borcalanla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamini Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Cavabdehlər istifadə etdiyi məbləği müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdülər. Lakin cavabdehlər müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmişlər, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdilər. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da, qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

15. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının: 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə rurulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdehlər müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və cəriməni ödəməlidirlər.

18. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 İddiaçı ASC ilə bağladığı 07 iyun 2019-cu il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh2 tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır.

19. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 iyun 2019-cu tarixli MBNP ***-*******FİMSA070619-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 60 ay müddətinə illik 01% ödəmək şərtilə 3923,92 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.

20. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir.

21. Mübahisə edilən müqavilənin tələblərinə əsasən cavabdehin 07 iyun 2019-cu tarixli MBNP ***-*******FİMSA070619-01 nömrəli kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşür və fərmanın icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcu 3880,75 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1 % olmaqla 5 il (bir il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur.

22. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 600 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir.

23. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərinin icra edilməməsi işin mübahisəsiz halını təşkil edir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 3880,75 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, İnternet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir.

24. Göründüyü kimi kredit müqaviləsi üzrə tələb olunan faiz və cərimə borcu mövcud deyildir. Belə ki, iddiaçı ilə cavabdeh arasında dövlətin dəstəyi ilə kompensasiya olunaraq təklif olunan 3880,75 manat borc pulun qaytarılması ilə bağlı yeni müqavilə münasibəti yaranmış iddiaçı Ləğv prosesində olan İddiaçı tərəfindən oferta (müqavilə bağlamaq təklifi) göndərilmiş və Cavabdeh2 aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə təklif olunan məbləğlə razılaşaraq buna etiraz etməmişdir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 3880,75 manat təşkil etməsi və bunun müqabilində tərəflər arasında müqavilə bağlandığı halda müqavilə münasibətlərinə uyğun olaraq borcun ödənilməsi, müqavilə münasibətinə girmək istəmədiyi halda isə kreditorun ümumi əsaslarla müəyyən olunan pulun məhkəmə qaydasında tələb etmək hüququ yaranır. Belə ki, problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının internet portalından çıxarışda ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissənin izahından görünür ki, 01 mart 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) borcun azaldılmasına yönəldilmiş məbləğ çıxılmaqla qalıq borcu isə 3880,75 manat məbləğində müəyyən edilmişdir.

25. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlərdən birgə qaydada 3880,75 manat məbləğində əsas borc və illik 1% dərəcəsi ilə hesablanmış 171,34 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

27. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu 61,02 manat cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticə:

28. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 3880,75 (üç min səkkiz yüz səksən manat yetmiş beş qəpik) manat məbləğində əsas borc, 171,34 (bir yüz yetmiş bir manat otuz dörd qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və ödənilmiş 61,02 (altmış bir manat iki qəpik) manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

29. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 600-cı maddələrinə əsasən məhkəmə,

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 3880,75 (üç min səkkiz yüz səksən manat yetmiş beş qəpik) manat məbləğində əsas borc, 171,34 (bir yüz yetmiş bir manat otuz dörd qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, cəmi 4052,09 (dörd min əlli iki manat doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 61,02 (altmış bir manat iki qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar