Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2232/2025 13.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə baxaraq MÜƏYYƏN ETDİM: Tələb:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə mediasiya prosesində bağladıqları 14 aprel 2023-cü il tarixli MŞL/MT014/2023-00771 saylı barışıq sazişi ilə bir uşağa görə müəyyən edilmiş 50 manat alimentin məbləğinin artırılması və 14 dekabr 2013-cü il təvəllüdlü X2 və 20 aprel 2015-ci il təvəllüdlü X1 adlı uşaqların yetkinlik yaşına catana kimi saxlanılması üçün Cavabdeh aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir.
Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
4. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı:
1.2.1. 8.4-cü bəndə əsasən aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. 8.4-3-cü bəndinə görə alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPMin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.
Hakimin mövqeyi:
5. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı 14 aprel 2023-cü il tarixli MŞL/MT014/2023-00771 saylı barışıq sazişi ilə bir uşağa görə 50 manat olmaqla iki uşağın saxlanması üçün 100 manat müəyyən edilmiş alimentin uşaqların saxlanması üçün kifayət etmədiyini və uşaqlaın tələbatların artdığını əsas gətirərək aliment məbləğinin artırılmasını xahiş edir. Göründüyü kimi iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanır və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Buna görə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-3-cü bəndinin tələbinə əsasən maraqlı tərəfin ərizəsi əsasında 14 aprel 2023-cü il tarixli MŞL/MT014/2023-00771 saylı barışıq sazişi ilə müəyyən edilmiş alimentin indeksasiyası icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Göründüyü kimi aliment məbləğinin artırılması barədə iddiaçının ərizəsinin mahiyyəti indeksasiya xarakteri daşıdığından indeksasiyası məsələsinə iddia icraatı qaydasında deyil, maraqlı şəxsin ərizəsi əsasında qətnamənin icrası qaydasında baxılmalıdır. Bu səbəbdən hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir və iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir.
Nəticə:
6. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və İddiaçı aliment məbləğinin indeksasiyası olunması barədə ərizə ilə qətnamənin icrası qaydasında icraya nəzarət edən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
7. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq
Qərara aldım:
İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı aliment məbləğinin indeksasiyası olunması barədə ərizə ilə qətnamənin icrası qaydasında icraya nəzarət edən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Elşən Hüseynov