Məhkəmə qərarları › İş №e-2(050)-2308/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2308/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2308/2024 27.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ələsgər oğluna qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ələsgər oğluna qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iştirak edə bilməyəcəyini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər isə əsas borclu Cavabdeh3 2021-ci il tarixdə öldüyünü bildirərək iddianın ölmüş şəxsə qarşı düzgün irəli sürülmədiyini bildirərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdilər. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində cavabdeh qismində tələb irəli sürdüyü kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh3 iddia tələbi irəli sürülməzdən bir neçə il əvvəl öldüyündən və bu səbəbdən də iddia ərizəsinə baxılması mümkün olmadığından baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası adından Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Göründüyü kimi, borclu Cavabdeh3 öldüyü halda, bank tərəfindən şəxsin ünvanına məktub ünvanlayaraq borcu tələb etmiş, bundan sonra məhkəməyə müraciət edilmişdir. Odur ki, vərəsələri müəyyən edilərək borc tələb edilərək əvvəlcə borc onlardan tələb edilməli, icra edilmədiyi halda vərəsələrə və zaminlərə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa və ya baxılmamış saxlanılarsa məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ələsgər oğluna qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəməyə müraciət etmək üçün iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 84.71 (səksən dörd manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli **********67 saylı qəbz) ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar