Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2333/2023 08.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (KATV1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “(KATV1)” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 149 manat 49 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxış zamanı binaların yoxlanması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqının, ümumilikdə 329 manat 89 qəpik məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır. "xxxx" MTK tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Əhmədli y/sahəsi, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2012-ci il tarixdə həmin ünvanda yaşayan X1 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2014-cü il tarixədək etmiş və xx.xx.2014-cü il tarixdə 26.70 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2019cu il tarixdə “Ədalət-A” hüquq firmasının və "K@TV1" kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 7150 saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 7150 saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2018-ci ildə baxış keçirilmişdir. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni, kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı xx.xx.2018-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2019-cu il tarixə qədər olan müddət 453 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 149 manat 49 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçı MMC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçı tərəfin iştrakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 7150 saylı aktdan görünür ki, “Ədalət-A” hüquq firmasının, “KATV 1” kabel televiziyasının və RİTN-in əməkdaşları ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman Bakı şəhəri, Əhmədli y/sahəsi, ünvan 3 saylı mənzildə kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma aşkar edilmişdir. Bu barədə 7150 saylı akt tərtib olunmuşdur. Aktdan məlum olur ki, həmin vaxt mənzildə ev sahibi olmamışdır. Kirayədə yaşayan şəxs olmuşdur. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı MMC “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə və binaların yoxlanmasına dair müqaviləyə əsasən 150 manat xərc ödəmişdir. İş materiallarında olan 06 aprel 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri, Əhmədli y/sahəsi, ünvan 3 ünvanında yaşayan X1 arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2012-ci il tarixdə kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü il tarixdək son ödəməsini etmiş və xx.xx.2014-cü il tarixdə 26.70 manat borc ilə şəbəkədən ayrılmışdır. İşdə olan 171 saylı, 25 iyun 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" MTK-nın Bakı şəhəri, Əhmədli y/sahəsi, Babək pr. 94 ünvanında inşa etdiyi yaşayış kompleksindəki 5 saylı binanın 15 saylı mənzilində qeydiyyatsız yaşayır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı ona zərərin vurulduğunu “Ədalət-A” hüquq firmasının və dörd ildən artıq bundan əvvəl tərtib etdiyi aktla əsaslandırır. Bu mənada tərtib edilmiş aktla iddiaçıya zərərin vurulduğu qəbul olunsa belə həmin zərərin məhz cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində vurulduğu sübuta yetmir. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada konkret şəxsin, o cümlədən, cavabdehin hər hansı hüquq pozuntusuna görə təqsirli olması yalnız səlahiyyətli orqanın qanunvericiliyin tələbinə uyğun qəbul etdiyi müvafiq qərarla təsdiq oluna bilər. Digər tərəfdən iddiaçı iddia ərizəsində qanunsuz qoşulmuş mənzilin cavabdehə məxsus olmasını göstərir. Lakin işdə olan xx.xx.2019-cu il tarixli, 7150 saylı aktdan məlum olur ki, həmin vaxt mənzildə ev sahibi olmamış, kirayədə yaşayan şəxs olmuşdur. Beləliklə, məhkəmə baxışının gedişində iddiaçı tərəfindən ona dəymiş zərərin məhz cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını təsdiq edən hər hansı başqa sübut təqdim edilməmişdir. Həmçinin, mülki qanunvericilikdə bu cür xarakterli deliktlərə görə mülki hüquq pozuntusunun törədilməsində birbaşa təqsiri təsdiq edilməyən daşınmaz əmlak mülkiyyətçisinin məsuliyyəti müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin hüquqi xidmətlə bağlı 150 manat hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf bu barədə sübut kimi kassa mədaxil orderi təqdim etmişdir. Lakin həmin kassa məxaric orderindən və iddia ərizəsində qeyd olunanlardan aydın olur ki, hüquqi xidmətə görə 150 manat yalnız mübahisəli mənzilə baxılması ilə əlaqədar deyil, ümumi olaraq qrafik üzrə binaların yoxlanılması üçün ödənir. Yəni iddia ərizəsində qeyd olunduğu kimi İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödənilməsi təşkil edir. Bu da onu göstərir ki, pozuntu aşkar olunmasa belə müqavilə öhdəliyinə əsasən iddiaçı həmin məbləği “Ədalət-A” hüquq firmasının hesabına köçürməli idi. Çünki həmin müqavilə yalnız mübahisəli mənzilə baxılması ilə əlaqədar bağlanmamışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 149 manat 49 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxış zamanı binaların yoxlanması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqının, ümumilikdə 329 manat 89 qəpik məbləğində pulun tutulması barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-2333/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2333/2023
08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver