Məhkəmə qərarları › İş №e-2(050)-2373/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2373/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2373/2023 25.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra-QSC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli, 029KK**********01 saylı kart krediti müqaviləsi üzrə yaranmış əsas borc üzrə 3950 manat, faiz borcu üzrə 641.68 manat, cərimə borcu üzrə 1182.76 manat olmaqla, cəmi 5774.44 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 77.74 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onula əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh bağladığı xx.xx.2021-ci il tarixli, 029KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, 3950 manat məbləğində kredit limiti açılmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir. Cavabdeh əsas borcu üzrə 3950 manat məbləğində kredit borcu qalmışdır. Kart kredit müqaviləsinin 2.3-ci maddəsinə müvafiq olaraq xx.xx.2023-cü il tarixə 438 gün üçün hesablanmış faiz borcu 641.68 manat təşkil edir. Kart krеdit müqaviləsinin 3.7-ci bəndinə uyğun оlaraq xx.xx.2023cü il tarixə 438 gün üçün hеsablanmış cərimə 1182.76 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə əsasən kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə kredit borcunu və faizləri olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka qaytarmağı öz üzərinə götürür. Cavabdeh yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. İddiaçı tələbinin hüquqi əsas kimi müqaviləyə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2-ci maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin eidlməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, 029KK**********01 saylı kart krediti müqaviləsindən görünür ki, Bank Cavabdeh 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, 3950 manat məbləğində istehlak kredit limiti açmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit ödənişlərini (əsas və faizi ilə birlikdə) ödəməyi öhdəsinə götürmüşdür. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh kart hesabında xx.xx.2021-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək yekun balans -5837.7, ümumi mədaxil- 3435. 27, ümumi məxaric -9272.97 manat təşkil edir. Maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən alınmış kreditə görə xx.xx.2023cü il tarixə onun 3950 manat, faiz borcu üzrə 641.68 manat, cərimə borcu üzrə 1182.76 manat olmaqla, cəmi 5774.44 borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlığın surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh xəbərdarlıq edilməklə Banka olan kredit borclarını qaytarmadığı halda müqaviləyə xitam verilməsi və yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı QSC məhkəmədə iddia qaldırmaq üçün 77.74 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq əsas kredit və faiz borcunu müəyyənləşdirilmiş qaydada ödəməli olduğu halda bunu yerinə yetirməmişdir. İddia ərizəsinin cərimə tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, müqavilə bağlanan anda dəbbə pulunun miqdarının tənasüblü şəkildə, kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirildiyi barədə müqavilə şərti məhkəmə tərəfindən mübahisəyə baxarkən Mülki Məcəllənin 467-ci maddəsinə əsasən dəbbə pulunun azaldılmasını istisna edə bilməz. İlk növbədə ona görə ki, tərəflər müqavilə bağlayarkən borclunun gələcək əmlak vəziyyətini qabaqcadan müəyyən edə bilməzdilər. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsi dispozitiv norma olmamaqla, onun tətbiqi müqavilə şərtindən asılı deyildir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Hazırkı işlə bağlı məhkəmə cavabdehin üzərinə düşən öhdəliyi müəyyən qədər olsada yerinə yetirməsini, kreditorun və borclunun əmlak və digər mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi dəbbə pulu hissəsində qismən təmin olunmaqla 118.28 manat tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 77.74 manat dövlət rüsumunun 63.41 manatı cavabdehdən tutulmalı, 14.33 manatı isə iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Əsas borc üzrə 3950 manat, faiz borcu üzrə 641.68 manat, cərimə borcu üzrə 118.28 manat olmaqla, cəmi 4709.96 manat pul Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 63.41 manat pul Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar