Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2435/2024 25.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00/14535/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə torpaq sahəsinin alınması üçün 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 00/14535/KBK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********542 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 5.579,78 manat təşkil edir. Bundan 3.787,06 manat əsas, 1.308,83 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 483,89 manat faiz borcu təşkil edir. İddiaçının tələbi: İddiaçı xx.xx.2019-cu il tarixli 00/14535/KBK nömrəli kredit müqaviləsi üzrə 3.787,06 manat əsas, 1.308,83 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 483,89 manat faiz borcu, cəmi 5.579,78 (beş min beş yüz yetmiş doqquz manat 78 qəpik) manat borc və iş üzrə ödənilmiş 75.80 (yetmiş beş manat 80 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə gəlməmiş, lakin nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfin iştrakı olmadan işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər: İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00/14535/KBK nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə torpaq sahəsinin alınması üçün 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. Bankla cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00/14535/KBK nömrəli zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 əsas kredit müqaviləsi üzrə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya zaminlər kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 19 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 banka olan borcu 3.787,06 manat əsas, 1.308,83 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 483,89 manat faiz borcu, cəmi 5.579,78 manat təşkil edir. 08 iyul 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə iddia qaldırılması üçün 75,8 manat dövlət rüsumu ödəmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2020-ci il tarixli, 2- 3(103)-131/2020 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş və banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. 15 mart 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə işdə olan sübutlarla İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00/14535/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə torpaq sahəsinin alınması üçün 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 00/14535/KBK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə şifahi müraciət olunmasına, habelə 15 mart 2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh3 xx.xx.2024-cü il tarixə kredit üzrə 3.787,06 manat əsas, 1.308,83 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 483,89 manat faiz borcu, cəmi 5.579,78 (beş min beş yüz yetmiş doqquz manat 78 qəpik) manat borcu təşkil edir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 9.1-9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinı riayət edərək iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1.-445.3.-cü maddələrinə sasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə bu qənaətə gəlir ki, borcalan Cavabdeh3 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəyi lazımınca yerinə yetirmədiyindən kreditor borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşudr. Məhkəmə digər cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 münasibətdə qeyd edir ki, öhdəlikləri zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2021-ci tarixdə başa çatmış, lakin kreditor olaraq iddiaçı xx.xx.2022-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-in 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 4№-li Plenum Qərarının 10-cu maddəsində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh3 3.787,06 manat əsas, 1.308,83 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 483,89 manat faiz borcu, cəmi 5.579,78 (beş min beş yüz yetmiş doqquz manat 78 qəpik) manat pul tutularaq, Ləğv prosesində olan "NBCBANK” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 75.80 (yetmiş beş manat 80 qəpik) manat dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 3.787,06 manat əsas, 1.308,83 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 483,89 manat faiz borcu, cəmi 5.579,78 (beş min beş yüz yetmiş doqquz manat 78 qəpik) manat pul tutularaq, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 75,80 (yetmiş beş manat 80 qəpik) manat dövlət rüsumu Cavabdeh3 tutularaq, iddiaçı Ləğv prosesində olan “NBCBANK " Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-2435/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2435/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver