Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-247/2025 15.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5165,91 manat əsas borc, 572,54 manat faiz borcu, cəmi 5738,45 manat pul vəsaitinin və ödənilmiş 77,38 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2024-cü il tarixli RGTK6552083B161 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 6023,51 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Nəticədə cavabdehin 22 noyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 5165,91 manat əsas borc, 572,54 manat faiz borcu, cəmi 5738,45 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
Tərəflərin izahatları:
3. İddiaçı ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə məlumat verilməsinə) baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə 04 dekabr 2024-cü il və 06 yanvar 2025-ci il tarixli ərizə ilə müraciət edərək, bütün məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
4. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Maddi sıxıntıları yarandığından və uşaqların təhsili ilə bağlı xərcləri çıxdığı üçün 2024-cü ilin mart ayında "xxxx" ASC-dən kredit götürmüşdür. Sonradan müəllimlərin işə qəbulu ilə bağlı test imtahanında kəsilmiş və işindən azad olunmuşdur. Buna görə də, banka aylıq ödənişi edə bilməmişdir. Lakin 2024-cü ilin iyul ayına kimi hər ay 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir. Həmçinin onun sığortası olmuşdur, işdən çıxarılmış və hal-hazırda işləmir. Kredit üzrə əsas borcu qəbul edir, lakin faiz borcunu qəbul etmir. Məhkəmədən maddi durumunun nəzərə alınmasını və faiz borcunun silinməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
6. Məhkəmə işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 26 fevral 2024-cü il tarixli RGTK6552083B161 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 6023,51 manat kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.
8. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 ay müddətinə hər ay 300,72 manat, sonuncu ay 302,64 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
9. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 15 aprel 2021-ci il tarixli, BBUM5873553A299 saylı kredit müqaviləsinə əsasən 22 noyabr 2024-cü il tarixə 5165,91 manat əsas borc, 572,54 manat faiz borcu, cəmi 5738,45 manat borcu vardır.
10. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 16 noyabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 14 noyabr 2024-cü il tarixə yaranmış 5165,91 manat əsas borc, 572,54 manat faiz borcu, cəmi 5738,45 manat ümumi borc, 1463,83 manat gecikmə borcunun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
11. 22 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 77,78 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2024-cü il tarixli RGTK6552083B161 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 6023,51 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri ödəməlidir.
18. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 26 fevral 2024-cü il tarxili №RGTK6552083B161 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2024-cü il tarixli RGTK6552083B161 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 6023,51 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
21. Məhkəmə hesab edir ki, cavabdehdən 5165,91 manat əsas borc, 572,54 manat faiz borcu, cəmi 5738,45 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmə xərcləri:
23. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 77,38 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
24. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5165,91 manat əsas borc, 572,54 manat faiz borcu, cəmi 5738,45 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77,38 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
25. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh 5165,91 (beş min yüz altmış beş manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 572,54 (beş yüz yetmiş iki manat əlli dörd qəpik) manat məbləğində faiz borcu, cəmi 5738,45 (beş min yeddi yüz otuz səkkiz manat qırx beş qəpik) manat məbləğində pul və ödənilmiş 77,38 (yetmiş yeddi manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Hüseynov