Məhkəmə qərarları › İş №e-2(050)-2529/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2529/2025

28.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2529/2025 28.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərc tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı xx.xx.1999-cu ildə Qazaxıstan Respublikasının Petropavlovsk şəhərində anadan olmuşdur. Hazırda Masallı rayonu, Yeni Zuvand kəndində qeydiyyatda olmaqla, Masallı rayonunun İsgəndərli kəndində yaşayır. Masallı rayonu, Güllütəpə kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh ilə 2019-cu ilin iyul ayında ailə həyatı qurmuş, nikahlarını Masallı Regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 10 fevral 2020-ci il tarixdə, 87 nömrə ilə qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X5 adlı bir uşaqları olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-1436/2023 saylı qətnaməsi ilə iddiası təmin edilərək, onunla Cavabdeh arasında 10 fevral 2020-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, 87 saylı nikahın pozulması, 26 aprel 2020-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanılması, Cavabdeh “Mercedes-Benz C180” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 6.300 (altı min üç yüz) manatın ½ hissəsi olan 3150 (üç min bir yüz əlli) manat məbləğində pul vəsaitin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bundan öncə iddiaçı ilə Cavabdeh ilə Lənkəran 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-00027 saylı Barışıq Sazişi bağlanılaraq, uşağın saxlanılması üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Cavabdeh Barışıq Sazişində göstərilən 180 manat pulu vaxtı-vaxtında verir. Sazişin pozulmasına heç bir əsas yoxdur. Sazişdən əlavə olaraq, uşağa 600 manat dəyərində mobil telefon alsa da, aliment pulunu artırmır. Uşağın bağça xərcləri aylıq 190 manat təşkil edir. Bununla yanaşı uşağın nitqində qüsur olduğu üçün “UĞUR PRİM MƏRKƏZİ” ilə təlim müqaviləsi bağlamışdır. Aylıq ödəniş paketi 160 (bir yüz altmış) manat olsa da, iddiaçı ödənişi çatdıra bilmədiyi üçün günlük 17 manat ödəyir. Cavabdeh isə buna heç bir yardım göstərmir. Cavabdeh 600 manat dəyərində telefonu alır, uşağın bağçaya getməsini lazımsız sayır. Bundan da əlavə, Nuray mütəmadi olaraq xəstələnir və onun xəstəliyi ilə bağlı iddiaçının xərcləri çox çıxır. Hətta cavabdeh bir dəfə uşaqla görüşməkdən ötəri aparmağa gələndə özü bunun şahidi olmuşdur. Uşağı o halda görən cavabdeh buna dözməyib 200 manat müalicə xərci vermişdir. Halbuki, uşağın xəstəliklərinə görə iddiaçının 2.000 manatdan çox xərci çıxmışdır. Hər dəfə uşağa əlavə xərc çıxması ilə bağlı cavabdehə bildiriləndə, o, iddiaçıya məhkəmə qərarı ilə 3.150 (üç min bir yüz əlli) manata satdığı avtomobilin yarı dəyərini ödədiyini bildirir. Çıxan bütün xərclərini o puldan xərcləməsini deyir. Hansı ki, hazırda cavabdeh indi özünə daha bahalı avtomobil almışdır. Övladı üçün alimentin artırılmasına isə iddiaçıya olan qərəzinə görə razılıq vermir. Bununla bağlı iddiaçı alimentin artırılması məqsədi ilə Barışıq Sazişinin indeksasiya olunmasından ötəri Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-89/2025 saylı qərardadı ilə “İddiaçı barışıq sazişi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması barədə ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Belə olduğu halda, Masallı 1 saylı Mediasiya Təşkilatına alimentin artırılması tələbi ilə müraciət etmişdir. Cavabdeh mediasiyaya çağırılsa da, çağırışa gəlməmişdir. Telefon danışığında bildirmişdir ki, onlar Saziş bağlamışlar və cavabdeh Sazişi pozmur, uşağın 18 yaşına qədər Saziş belə qalacaq. İddiaçı o pulla razılaşıb, o pulla da davam edəcək. Halbuki, cavabdeh alimenti vermək iqtidarındadır. Barışıq Sazişi ilə təsdiq edilmiş 180 manat aliment pulu bugünkü günün təlabatına cavab vermir, bundan əlavə uşağın əlavə xərclərini fikirləşdikdə aliment kifayət etmir. Beləliklə, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-89/2025 saylı qərardadı ilə, Masallı 1 saylı Mediasiya Təşkilatının MŞM/MT036/2025-00285 saylı, xx.xx.2025-ci il tarixli arayışını əsas götürərək, məcburiyyət qarşısında qalıb, alimentin artırılması barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının tələbi: Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X5 adlı bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 (üç yüz) manat aliment pulu və uşağın əlavə xərcləri üçün 85 (səksən beş) manat pulun, ümumilikdə 385 (üç yüz səksən beş) manat və mediasiya xərci kimi ödənilən 60 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək hazırda barışıq sazişi əsasında təyin edilmiş 180 manatın uşağın maddi xərclərini tam qarşılamadığını, uşağın nitqində qüsur olmasına görə əlavə olaraq loqoped xərcləri çəkdiyini və uşaq bağçasına görə aylıq 190 manat ödəniş etdiyini bildirdi. Sonda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Mirsayıl oğlu məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini, hazırda ikinci dəfə ailə qurduğunu, maddi vəziyyətinin yaxşı olmadığını, həmçinin sağlamlıq vəziyyəti ilə əlaqədar müalicələr aldığını bildirmiş, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Müqavilənin surətindən görünür ki, “Şəkər Bala” məktəbəqədər təhsil müəssisəsi ilə İddiaçı arasında müqavilə bağlanmışdır. İddiaçı xx.xx.2025-ci il tarixindən başlayaraq hər ay 190 manat məbləğində xidmət haqqı ödəməkdədir. Müqavilənin surətindən görünür ki, “UĞUR PNİM” xidmət mərkəzi ilə ilə İddiaçı arasında xx.xx.2025-ci il tarixli təlim müqaviləsi bağlanmışdır. İddiaçı aylıq paket ödənişi 160 manat olmaqla və ya günlük 17 manat məbləğində xidmət haqqı ödəməkdədir. Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞM/MT014/2023-00027 saylı barışıq sazişindən görünür ki, tərəflərin birgə uşaqları X5 anası İddiaçı yanında saxlanılmaqla onun himayəsinə verilir. Uşağın saxlanılması üçün 180 manat sabit məbləğdə aliment müəyyən edilir. X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, cari ilin fevral ayının 20-dən başlayaraq gələn hər ayın 20-dək 180 manat məbləğində aliment Cavabdeh tərəfindən İddiaçı ödənilir. Cavabdeh uşaqla görüşüb ünsiyyətdə olması üçün hər həftənin bazar günü tərəflər üçün əlverişli gün hesab edilir. Cavabdeh hər ayda üç dəfə olmaqla bazar günləri saat 10:00-da X4 anası İddiaçı təhvil alır və saat 17:00-da geri qaytararaq İddiaçı təhvil verir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-89/2025 saylı qərardadından görünür ki, İddiaçı barışıq sazişi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması barədə ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00285 saylı mediasiya prosesində iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh Mirsayıl oğlu mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyanın: 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir; 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 №-li qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “8.11-1-ci bəndinə görə Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflərin nikahı məhkəmə qətnaməsi ilə pozulmuş, uşaq ananın himayəsində saxlanmışdır. xx.xx.2023-cü il tarixli, MŞM/MT014/2023-00027 saylı barışıq sazişi əsasında cavabdeh tərəfindən xx.xx.2020-ci il təvəllüdlü X2 üçün ümumilikdə 180 manat aliment iddiaçıya ödənilir. Yuxarıda göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il təvəllüdlü X3 atasının Cavabdeh Mirsayıl oğlu, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Uşağın saxlanılması üçün xx.xx.2023-cü il tarixli, MŞM/MT014/2023-00027 saylı barışıq sazişi ilə hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində aliment müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşağın yaşı ilə bərabər, onun sosial və maddi təlabatları da artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, yetkinlik yaşına çatmamış uşaq üçün aylıq aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində (230 manat (aliment məbləği) : 400 manat (2025-ci il üçün minimum əmək haqqı) = 0,57 misli) sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, MŞM/MT014/2023-00027 saylı barışıq sazişi ilə xx.xx.2020-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 №-li qərarı əsas götürülməklə alimentin artırılmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilməlidir. İddiaçının digər tələbi cavabdehdən uşağın əlavə xərcləri üçün hər ay 85 manat məbləğində pulun tutulmasıdır. İddiaçı bu tələbini uşağın loqopedə aparılması və hər seansın 17 manat təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edilən tələbə münasibətdə iddianı əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə uşağın loqopedə aparılması ilə bağlı qəbzlər təqdim edilsə də, hər hansı konkret tibbi diaqnoz təqdim edilməməklə yanaşı, bu halın uşaq üçün ciddi xəstəlik və ya AR Ailə Məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallara aid olmasını sübuta yetirməmişdir. Bundan əlavə İddiaçı məhkəmə iclasında verdiyi izahatında təxminən 2 ay da uşağı loqoped seansına aparmalı olduğunu qeyd etmişdir. Məhkəmə müddətin qısa olmasını nəzərə alaraq hesab edir ki, qeyd edilən xərclərin hazırki qətnamə üzrə artırılmış aliment məbləği ilə əhatə olunması mümkündür. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya xərcinə görə ödənilmiş 60 manat məbləğində pul cavabdehdən İddiaçı xeyrinə tutulsun. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, MŞM/MT014/2023-00027 saylı barışıq sazişi ilə xx.xx.2020-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində sabit pul və 60 manat mediasiya xərci Cavabdeh Mirsayıl oğlundan alınaraq İddiaçı xeyrinə tutulsun. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı Rayon Məhkəməsi vasitəsilə və Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar