Məhkəmə qərarları › İş №e-2(050)-2544/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2544/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2544/2023 18.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə mülki işə Masallı Rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 0071/PB/19 saylı kredit müqaviləsinə əsasən 760.61 manat əsas, 51.96 manat faiz, 571.98 manat dəbbə, cəmi 1384.55 manat kredit borcunun və 33.90 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 0071/PB/19 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 0071/PB/19 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə 1 faizlə 865.49 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli, 0071/PB/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT-a 760.61 manat əsas borc, 51.96 manat hesablanmış faiz borcu, 571.98 manat dəbbə pulu olmaqla,cəmi 1384.55 manat borcu vardır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli, 0071/PB/19 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh vaxtı keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 865.49 manat qalıq məbləğini ödəməsi məqsədi ilə illik 1 faiz olmaqla, 1 il güzəşt müddəti tətbiq edilməklə 5 il müddətinə 865.49 manat məbləğində güzəştli kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0071/PB/19 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 1 il güzəşt müddətində hər ay 0.72 manat, 4 il müddətində isə hər ay 18.40 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh Banka xx.xx.2019-cu il tarixli, 0071/PB/19 saylı kredit müqaviləsi üzrə 760.61 manat əsas borc, 51.96 manat hesablanmış faiz, 571.98 manat hesablanmış dəbbə, cəmi 1384.55 manat borcu vadır. İşə əlavə edilmiş bildirişdən və xəbərdarlıq məktubundan görünür ki, İddiaçı BOKT ASC cavabdehə xəbərdarlıq edərək kredit borcunu ödəmədiyi halda məhkəmədə iddia qaldıracağı barədə bildiriş göndərmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırılması üçün 33.90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" ASC-dən aldığı kredit üzrə əsas borcu, müqavilə ilə müəyyən edilmiş faizləri və gecikmə olduğu təqdirdə cərimə (penya) ödəməyinə dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 760.61 manat məbləğində əsas borca tənasübsüz olaraq hesablanmış 571.98 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı işlə bağlı məhkəmə cavabdehin əmlak vəziyyətini dəbbə pulunun azaldılmasına əsas kimi qəbul edir. Məhkəmə hesab edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirir, eyni zamanda həmin məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 571.98 manat məbləğində dəbbə pulu azaldılaraq 57.20 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 760.61 manat əsas, 51.96 manat faiz, 57.2 manat dəbbə, cəmi 869.77 manat kredit borcu İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 33.90 manat dövlət rüsumunun 30 manatı Cavabdeh, 3.90 manatı isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 0071/PB/19 saylı kredit müqaviləsinə əsasən 760.61 manat əsas, 51.96 manat faiz, 57.2 manat dəbbə, cəmi 869.77 manat kredit borcu İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş 33.90 manat məbləğində pul vəsaitinin 30 manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar