Məhkəmə qərarları › İş №e-2(050)-2573/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2573/2024

10.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2573/2024 10.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 8176.31 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 42 manat pulun cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxaılmasını xahiş etmişdir. İddiaçının dəlilləri İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022ci il tarixli 281 saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsi müddətinin qurtarması) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin – OBA Yeni Yasamal 4 mağazasında çalışdığı zaman, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 3275.83 manat və 5717.57 manat zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlarda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 8176.31 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, ziyanın ödənilməsi barədə məhkəməyə müraciət edilmişdir. İddiaçı MMC-nə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Etirazın dəlilləri Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, müdafiə etdiyi şəxs xx.xx.2022-ci ildə işdən çıxmışdır, mağazanın sayımı isə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə aparılmışdır. Həmin vaxt xx.xx.2022-ci il tarixdə cavabdeh orada olmamışdır. Çatışmamazlıq ondan sonra da yarana bilərdi. Bu onun məsuliyyəti deyil. O, işlədiyi dövrdə heç bir mənimsəmə və ya digər qanunsuz hərəkətlər etməmişdir. Bundan başqa o, məhkəməyə ərizə təqdim edərək, bir illik iddia müddətinin ötürülməsinə görə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarına əlavə olunmuş əmək müqaviləsindən və X1 haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci ildə əmək müqaviləsi bağlanmış və o, satıcı kassir vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdə onunla “X1” haqqında müqavilə bağlanmışdır. xx.xx.2021-ci tarixli 435 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli 281 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixdə tərtib olunmuş İnvertarizasiya aktına əsasən yoxlama zamanı Cavabdeh işlədiyi “Yeni Yasamal 4” mağazada 3275.83 manat dəyərində mal əskikliyinin olması qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə tərtib olunmuş İnvertarizasiya aktına əsasən yoxlama zamanı Cavabdeh işlədiyi “Yeni Yasamal 4” mağazada 5717.57 manat dəyərində mal əskikliyinin olması qeyd olunmuşdur. 21 dekabr 2021-ci il tarixli imtina aktına əsasən Tamerlan Nuriyev, 21 dekabr 2021-ci il tarixli İnvertarizasiya aktını imza etməkdən imtina etmişdir. Maliyyə arayışından məlum olur ki, Cavabdeh adına 8176.31 manat ziyan hesablanmışdır. Borcun ödənilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Kommersiya qurumunun Dövlət Resyestr çıxarışından məlum olur ki, «Oba Market” MMC 17 iyun 2016-cı il tarixdə qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi İşin faktiki halları müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 281 saylı əmrlə işdən azad edilmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində İddiaçı MMC-nin – OBA Yeni Yasamal 4 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 8176.31 manat məbləğində müəyyən edilmişdir. Maliyyə arayışından da məlum olur ki, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 8176.31 manat borcu qalmaqdadır. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsində göstərmişdir ki, müdafiə etdiyi şəxs tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə onun marketə ziyan vurması aşkar edilmiş, xx.xx.2022-ci il tarixdə işdən azad olunmasına baxmayaraq ona qarşı iki ildən sonra ziyan tələbi barədə iddia qaldırılmışdır. Əmək məcəlləsinə əsasən əmək münasibətləri prosessində əmək müqaviləsi üzrə işəgötürən və öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyəti ziyanın vurulduğu aşkar edildiyi andan başlayır. Əmək məcəlləsinin 296-cı maddəsinə əsasən işəgötürən işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulması aşkar edildiyi gündən 1 (bir) il müddətinə müraciət edə bilər. İddia ərizəsindən göründüyü kimi İddiaçı əmək münasibətlərinin xitam verildiyi vaxtdan 1 (bir) ildən artıq müddət keçdikdən sonra, yəni 23 iyul 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin etirazlarını və iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verməklə, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək məcəlləsinin 296-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin. 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarıda qeyd etmişdir ki, fərdi əmək mübahsiələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr Əmək Məcəlləsinin 296cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən Mülki məcəlləni 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materialarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə hesabında 8176.31 manat çatışmazlıq müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlardan müəyyən edir ki, Cavabdeh tərəfindən İddiaçınə 8176.31 manat məbləğdə ziyan vurulmuşdur. Lakin, iddiaçı işəgötürənə vurulmuş ziyanın ödənilməsinin tələb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin etirazı və iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyana görə 8176.31 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 42 manat pul tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar