Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2645/2023 15.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. İddiaçı QSC Cavabdeh qarşı evə istifadə hüququnun itirilməsi, fərdi yaşayış evdən çıxarılması və evin boşaldılması tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-cu il tarixli AN-İ №0956231 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh istifadə hüququnun itirilməsi, həmin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması, mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ №0956231 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilib). Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcıİddiaçı QSC-nin mülkiyyətində ünvan 1 ünvanında yerləşən, 0.15 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124 kv.m olan fərdi yaşayış evini alıcı Cavabdeh 16500 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 10000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 6500 manat məbləği xx.xx.2023-cü il tarixə qədər, altı aydan bir ödəmək, ilk üç ödəniş 1500 manat, son ödəniş 2000 manat ödəmək şərti ilə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən ödəniş edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4.-cü maddəsinə əsasən “Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Lakin Cavabdeh nisyə alğı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi,əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. İddiaçı QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, lakin İddiaçı QSC-yə nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı QSC-nin mülkiyyətində ünvan 2 ünvanında yerləşən, 0.15 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124 kv.m olan fərdi yaşayış evini alıcı Cavabdeh 16500 manat qiymətinə satılması razılaşdırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 0.15 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.m olan fərdi yaşayış evi **********07-10301 reyestr, ********** qeydiyat nömrə ilə xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı BOKT QSC-nin mülkiyyəti kimi qeyd edilmişdir. Müqavilənin ləğvinə dair təklifin surətindən görünür ki, İddiaçı QSC Cavabdeh xx.xx.2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir Ödəniş qəbzindən görünür ki, İddiaçı QSC məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ №0956231 nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsi bağlanmışdır (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilib). Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcıİddiaçı QSC-nin mülkiyyətində ünvan 1 ünvanında yerləşən, 0.15 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 124 kv.m olan fərdi yaşayış evini alıcı Cavabdeh 16500 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 10000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 6500 manat məbləği xx.xx.2023-cü il tarixə qədər, altı aydan bir ödəmək, ilk üç ödəniş 1500 manat, son ödəniş 2000 manat ödəmək şərti ilə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı ödəniş etməmişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 421.2.-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1. və 423.2-cü maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 424.2., 424.3. və 424.4.-cü maddələrinin tələbinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1. və 425.2.-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 600.4.-cü maddəsinin tələbinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından aslı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqaəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən tərəflər arasında torpaq sahəsi və evin 16500 manata satılması barədə nisyə alğı-satqı müqaviləsi bağlanmış, cavabdeh ötən müddət ərzində borclu qaldığı məbləğdən heç bir ödəniş etməmişdir. Müəyyən olunmuşdur ki, daşınmaz əmlak barədə alğı-satqı müqaviləsi bağlanmış olsa da, hal-hazırda ev və torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin adına DƏDRX-də qeydiyyata alınmamışdır. Bununla da cavabdehin mülkiyyət hüququ üzrə sahiblik və istifadə hüququ olsa da, sərəncam hüququ hal-hazıradək yaranmamışdır. Məhkəmə qeyd edir ki, müqavilənin ləğv olunması ilə bağlı bildirişlə cavabdeh tərəfə xəbərdarlıq edilmiş, lakin o, yenə də müqavilənin ləğv olunması və ya öhdəlik münasibətlərinin davam etdirilməsi üçün heç bir hərəkət etməmişdir. Bundan başqa Mülki Məcəllənin 600.4.-cü maddəsi də xüsusi norma olaraq nisyə alğısatqı müqaviləsi üzrə iddiaçıya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququ verir. Beləliklə məhkəmə cavabdehin mülkiyyət hüquqlarına müdaxilə məsələsini müzakirə etmiş və belə qənaətə gəlmişdir ki, məhkəmənin iddianın əsaslı olması barədə gəldiyi nəticə qanuni olmaqla mütənasiblik prinsipini pozmur. Belə ki, müqavilə öhdəliyi üzrə cavabdehin 16500 manat borcu qalmışdır və bu məbləğin ödənilməməsi Mülki Məcəllənin 421.2.-ci maddəsinin tələbi baxımından əhəmiyyətli dərəcədə pozuntu hesab olunur. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İddiaçı tərəf kommersiya təşkilatıdır və hazırkı vəziyyətdə bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Çünki banklar pul vəsaitini cəlb etmək və qaytarma, ödəniş, müddətlilik şərtləri ilə öz adından yerləşdirmək üçün yaradılmış idarədir. Cavabdeh isə müqavilənin məqsədinə çatmağa, yəni özünün mülkiyyət hüququ əldə etmək üçün öz hərəkətləri maneçilik törətmiş, öhdəliyin icrasını təhlükəyə məruz qoya biləcək hərəkətlərdən çəkinməmişdir. Ona görə də Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbi baxımından o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə də müqavilə ləğv olunmalı və ev-torpaq sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı QSC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-cu il tarixli, AN-İ №0956231 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh evdən istifadə hüququnun itirilsin, həmin fərdi yaşayış evindən çıxarılsın, əmlakı boşaldılsın və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilsin. Ödənilmiş100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-2645/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2645/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver