Məhkəmə qərarları › İş №e-2(050)-267/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-267/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-267/2023 21.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2168 (iki min yüz altmış səkkiz) manat 75 qəpikbundan 377.92 manat əsas, 1283.84 manat faiz, 456.99 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 50 manat faiz borcu və iş üzrə ödənilmiş 41.69 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 09 iyun 2014-cü il tarixli 2725 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 7640 (yeddi min altı yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 4710.08 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 09 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsi və xx.xx.2017ci il tarixli Zaminlik Müqaviləsi üzrə əlavə saziş bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 2168.75 manat təşkil edir. Bundan 377.92 manat əsas, 1283.84 manat faiz, 456.99 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 50 manat faiz borcu təşkil edir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş: 09 iyun 2014-cü il tarixli 2725 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 24 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə, 7640 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Bankla Cavabdeh1 arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, ZM-2725 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 09 iyun 2014-cü il tarixli 2725 nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh2 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka olan borcu 377.92 manat əsas, 1283.84 manat faiz, 456.99 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 50 manat faiz borcu olmaqla, cəmi 2158.75 manat təşkil edir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 fevral 2016-cı il tarixli, 02 nömrəli əlavə sazişdən görünür ki, 09 iyun 2014-cü il tarixli 2725 kredit müqaviləsinə dəyişiklik olmuş və müqavilənin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 fevral 2016-cı il tarixli, 02 nömrəli əlavə sazişdən görünür ki, zamin Cavabdeh1 kredit müqaviləsinin müddətinin uzadılmasına dair şərtləri qəbul etmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 yanvar 2017-ci il tarixli, 70075231-18 nömrəli əlavə sazişdən görünür ki, 09 iyun 2014-cü il tarixli 2725 kredit müqaviləsinə dəyişiklik olmuş və müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 yanvar 2017-ci il tarixli, 70075231-18 nömrəli əlavə sazişdən görünür ki, zamin Cavabdeh1 kredit müqaviləsinin müddətinin uzadılmasına dair şərtləri qəbul etmişdir. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Cavabdeh2 Ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu azaldılmış və restrukturizasiya olunması təklif olunan kredit məbləği 377.92 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 "xxxx" ASC ilə bağladığı 09 iyun 2014-cü il tarixli, 2725 saylı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya borcunun yaranması təsdiq olunur. Eyni zamanda, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə borcun azaldılmasına pul vəsaiti yönəldilməsi və nəticədə hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 377,92 manat təşkil etməsi təsdiq olunur. Məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh2 09 iyun 2014-cü il tarixli 2725 saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 377,92 manat məbləğində pul vəsaitini iddiaçı təşkilatın xeyrinə ödəməlidir. Məhkəmə digər Cavabdeh1 münasibətdə qeyd edir ki, öhdəlikləri zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 11 yanvar 2020-ci il tarixdə başa çatmış, lakin kreditor olaraq iddiaçı 14 dekabr 2022-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh1 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia tələbi əsassız və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddiaçı təşkilat tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 əsas borca görə 377,92 manat və dövlət rüsumuna görə 41,69 manat olmaqla, cəmi 419 (dörd yüz on doqquz) manat 61 qəpik məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar