Məhkəmə qərarları › İş №e-2(050)-269/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-269/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-269/2023 02.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehlərin vəkili Nümayəndə3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin (Ləğv prosessindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin (Ləğv prosessindədir) Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2129,51 manat, bundan 728,69 manat əsas, 877,31 manat faiz, 423,71 manat cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 99,80 manat faiz borcu və ödənilmiş 41,30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan “DəmirBank“ ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2015-ci il tarixli kredit ********** nömrəli kredit müqaviləsinə əsasən cavadehə 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. 13 yanvar 2017-ci il tarixli əlavə sazişə əsasən kreditin borcalana kreditin qalığ məbləği konvertasiya edilərək 3385 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 16 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi və 13 yanvar 2017-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə saziş bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halkbuki, cavabdehlər ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 07 oktyabr 2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2129,51 manat təşkil edir, bundan 728,69 manat əsas, 877,31 manat faiz, 423,71 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 99,80 manat faiz borcu təşkil edir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı ASC-dən 10 sentyabr 2015-ci il tarixdə kredit götürmüş və 27 fevral 2017-ci il tarixli sazişə əsasən həmin kredit borcu 2041,99 manat müəyyən edilmişdir. Həmin saziş əsasında hər ay 87 manat olmaqla 9 ay ödəniş etmiş və gecikməsi olmamışdır. Lakin, bank sonradan bağlanmış və borcun qalan hissəsini ödəyə bilməmişdir. 2019-cu ildə problemli kreditlərin yenidən hesablanması zamanı banka müraciət etsə də, onunla yenidən müqavilə bağlanmamışdır. Halbuki, həmin fərmana əsasən faiz və cərimələr silinərək yalnız əsas borc saxlanılmalı olduğundan onun banka 1164,02 manat borcu qalmışdır. Hazırda maddi vəziyyəti ağır olduğundan həmin pulu hissə-hissə ödəməyə razıdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1 İddiaçı ASC-dən 10 sentyabr 2015-ci il tarixdə kredit götürmüş və 27 fevral 2017-ci il tarixli sazişə əsasən kreditin müddəti uzadılmışdır. Hər iki müqavilə üzrə o, zaminlik müqaviləsi bağlamış və öhdəlik götürmüşdür. Lakin, müqavilənin müddətinin 24 fevral 2019-cu il tarixdə bitməsinə baxmayaraq bank ona qarşı müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən zaminliyinə xitam verilməsini xahiş etdi. Cavabdehlərin vəkili Nümayəndə3 cavabdehlərə uyğun izahat verərək faiz və cərimələrin silinməsini, zaminliyə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 16 fevral 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə, 3800 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Bankla Cavabdeh2 arasında bağlanmış 16 fevral 2015-ci il tarixli, 400007084/ZM saylı zaminlik müqaviləsindən görünür ki, zamin 16 fevral 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. L.p.o İddiaçı ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan borcu 728,69 manat əsas, 877,31 manat faiz, 423,71 manat cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 99,80 manat faiz borcu borcu olmaqla, cəmi 2129.51 manat təşkil edir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2015-ci il tarixli, R-163 nömrəli əlavə sazişdən görünür ki, 16 fevral 2015-ci il tarixli, ********* kredit müqaviləsinə dəyişiklik olmuş və müqavilənin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 aprel 2015-ci il tarixli, R-163 nömrəli əlavə sazişdən görünür ki, zamin Cavabdeh2 kredit müqaviləsinin müddətinin uzadılmasına dair şərtləri qəbul etmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 fevral 2016-cı il tarixli, 02 nömrəli əlavə sazişdən görünür ki, 16 fevral 2015-ci il tarixli, ********* kredit müqaviləsinə dəyişiklik olmuş və müqavilənin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 fevral 2016-cı il tarixli, 02 nömrəli əlavə sazişdən görünür ki, zamin Cavabdeh2 kredit müqaviləsinin müddətinin uzadılmasına dair şərtləri qəbul etmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 yanvar 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişdən görünür ki, 16 fevral 2015-ci il tarixli, ********* kredit müqaviləsinə dəyişiklik olmuş və müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 yanvar 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişdən görünür ki, zamin Cavabdeh2 kredit müqaviləsinin müddətinin uzadılmasına dair şərtləri qəbul etmişdir. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 L.p.o İddiaçı ASC-yə olan borcu azaldılmış və restrukturizasiya olunması təklif olunan kredit məbləği 728.69 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə işdə olan sübutlarla Cavabdeh1 "xxxx" ASC ilə bağladığı 16 fevral 2015-ci il tarixli, ********* saylı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya müqavilə müddətinin sonuna əsas borc qismində 728,69 manat əsas, 877,31 manat faiz, 423,71 manat cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 99,80 manat faiz borcu borcu olmaqla, cəmi 2129,51 manat məbləğində borcunun yaranması, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə borcun azaldılmasına pul vəsaiti yönəldilməsi və nəticədə hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 728,69 manat təşkil etməsi təsdiq olunur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia 728,69 manat əsas borc məbləği hissədə təmin olunmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 16 fevral 2015-ci il tarixli, ********* saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 728,69 manat məbləğində pul vəsaitini iddiaçı təşkilatın xeyrinə ödəməlidir. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd edir ki, öhdəlikləri zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 13 yanvar 2021-ci il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı 14 dekabr 2022-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddiaçı təşkilat tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borca görə 728,69 manat və dövlət rüsumuna görə 41,30 manat olmaqla, cəmi 769 (yeddi yüz altımış doqquz) manat 99 qəpik məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar