Məhkəmə qərarları › İş №e-2(050)-2702/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2702/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2702/2024 28.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 1300 manat əsas, 206.97 manat faiz, 22.4 manat cərimə, cəmi 1529.37 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 35.70 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizə-Anket və İmza nümunəsi formasını imzalamaqla "xxxx" KB ASCnin rəsmi internet səhifəsində (www.leobank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta” ilə, barəsində məlumatların Asan- Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada anaoloq imza ilə və razılaşdığını təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2023-cü il tarixində xx.xx.2026-cı il tarixədək illik 27.6 (aylıq 2.3)% olmaqla 1900 AZN kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit xətti № AGİD**********9). X1 5.3-cü bəndində kreditin məqsədli təyinatı istehlakdır. Ümumi Ofertanın 5.7.4-cü bəndinə əsasən əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulmuş birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 180%-lə cərimə tətbiq edilir. Həmin ofertanın 5.7.5-ci bəndinə əsasən Borcalanın minimalaylıq ödəniş məbləği bank tərəfindən müəyyən olunur və bu məbləğ müqavilə üzrə öhdəliyin ümumi həcmindən artıq ola bilməz. Minimal ödəniş məbləğinin həcmi barədə məlumat “sayt”da və mobil əlavədə tariflərin yerləşdirildiyi siyahıda göstərilir. İlk minimal ödəniş məbləği güzəşt müddətiərzində xətdən istifadə olunan aydan sonrakı ayın ilk günü formalaşır və bu məbləğ həmin ayın son günündə saat 23:55-dək borcalan tərəfindən ödənilməlidir. Bu müddət ərzində borcalan tam ödəniş də edə bilər. Tam ödəniş dedikdə, kredit xəttinin istifadə olunmuş hissəsinin ümumi məbləği başa düşülür. Ofertanın 5.7.13-cü bəndə əsasən Borcalan minimal ödəniş məbləğinin ödənilməsini gecikdirdikdə, Bank aşağıdakı qaydada cərimə faizlərindən əlavə olaraq birinci təqvim ayı 5 manati ikinci təqvim ayından başlayaraq dördüncü təqvim ayınadək hər ay üçün 10 manat birdəfəlik cərimə (dəbbə pulu) tətbiq edir. Həmçinin müqavilənin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Kredit məbləğinin borclunun hesabına köçürülməsi barədə sms mətnin surəti işə əlavə edilmişdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Hazırki iddia tələbinin əsası olaraq iddiaçı Ümumi Ofertaya, ümumi ofertanın təsdiqinə və kredit xəttinin ayrılmasına dair cavabdehlə bağlanmış Kredit xətti müqaviləsinə, borcun tam qaytarılması üçün cavabdehə göndərilmiş Bildiriş və onun çatdırılmasına dair poçt qəbzinə, cavabdehin Şəxsiyyətini təsdiq edən sənədə, Maliyyə arayışına, Dövlət rüsumun ödənilməsini təsdiq edən sənədə istinad edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizə-Anket və İmza nümunəsi formasını imzalamaqla "xxxx" KB ASCnin rəsmi internet səhifəsində (www.leobank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta” ilə, barəsində məlumatların Asan- Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada anaoloq imza ilə və razılaşdığını təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2023-cü il tarixində xx.xx.2026-cı il tarixədək illik 27.6 (aylıq 2.3)% olmaqla 1900 AZN kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. Cavabdeh öhdəliyinin icra edilməsindən yayınmışdır. Nəticədə onun "xxxx" KB ASC-yə borcu yaranmışdır. "xxxx" KB ASC Cavabdeh cəmi 1529.37 manat məbləğində borcu yarandığını bildirir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə iddiaçı tərəfindən tələb edilən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə kredit borcuna görə hesablanmış faizlə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. "xxxx" KB ASC xx.xx.2024-cü il tarixdə borclunun ünvanına bildiriş göndərməklə həmin tarixə 1300 manat əsas, 149.04 manat faiz, 80.33 manat isə cərimə olmaqla borcunun yarandığını göstərmiş, borc məbləği ilə öhdəlikləri lazimi qaydada icra etmədiyini bildirmiş, öhdəliklər icra edilməyəcəyi halda müqaviləni xitam edəcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən bildirişdə bank əsas borcu tam şəkildə tələb etdiyindən müqaviləni bir tərəfli qaydada xitam etmək niyyətini ifadə etmişdir. Yuxarıda qeyd edilən normaların tələblərinə əsasən həmin tarixdən müqavilə münasibətlərinə xitam verildiyindən məhkəməyə müraciət edildiyi zaman bildirişdə tələb edilmiş pulun məbləğindən əlavə pul tələb etmək hüququ olmamışdır. Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşin hallarından görünür ki, bank MM-nin 445.7-ci maddəsinə əsaslanmaqla illik 5 faiz pul tələb etməmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində isə 1300 manat əsas, 206.97 manat faiz, 22.4 manat cərimə, cəmi 1529.37 manat pul tələb edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən tələb edilən faiz borcu ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, bankın borcluya ünvanladığı bildirişdə tələb etdiyi 149.04 manat faiz borcunu tələb etmək hüququ olduğundan, iddia tələbi həmin hissədə təmin edilməldir. Məhkəmə nəzərə alır ki, cərimə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor kredit verərəkən cərimə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 2.24 manat məbləğində saxlanılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1300 manat əsas, 149.04 manat faiz, 2.24 manat cərimə, cəmi 1451.28 manat və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 35.70 manat məbləğində pul vəsaitinin 34.51 manat məbləğində hissəsi tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1300 manat əsas, 149.04 manat faiz, 2.24 manat cərimə, cəmi 1451.28 manat və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 35.70 manat məbləğində pul vəsaitinin 34.51 manat məbləğində hissəsi tutularaq "xxxx" KB ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar