Məhkəmə qərarları › İş №e-2(050)-2726/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2726/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2726/2025 03.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcun qaytarılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сəmi 3998,60 (üç min doqquz yüz doxsan səkkiz dollar altmış sent) ABŞ dolları borcun - bundan 1264,87 (bir min iki yüz altmış dörd dollar səksən yeddi sent) ABŞ dolları əsas, 578,61 (beş yüz yetmiş səkkiz dollar altmış bir sent) ABŞ dolları faiz, 1971,70 (bir min doqquz yüz yetmiş dollar yetmiş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 183,42 (bir yüz səksən üç dollar qırx iki sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 87,98 (səksən yeddi manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

2. Masallı Rayon Məhkəməsinin eyni tarixli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcun qaytarılması” tələbi barədə mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilmişdir.

İddia ərizəsinin əsaslandırıldığı halları:

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış 2002 nömrəli 28 mart 2014cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “Qoyun-quzu alışı” məqsədi ilə 24 ay müddətinə illik 31 % dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Qoyun-quzu alışı” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1” vergi ödəyicisi kimi axtarılmış, lakin həmin şəxsin vergi ödəyicisi olmadığı müəyyən edilmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında ZM-2002 nömrəli 28 mart 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli 03 iyul 2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4425,60 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 03 iyul 2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 12 may 2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 3998,60 (üç min doqquz yüz doxsan səkkiz dollar altmış sent) ABŞ dolları təşkil edir. Bundan 1264,87 (bir min iki yüz altmış dörd dollar səksən yeddi sent) ABŞ dolları əsas, 578,61 (beş yüz yetmiş səkkiz dollar altmış bir sent) ABŞ dolları faiz, 1971,70 (bir min doqquz yüz yetmiş bir dolları yetmiş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 183,42 (bir yüz səksən üç dollar qırx iki sent) ABŞ dolları faiz borcu təşkil edir.

Tərəflərin izahatları:

4. Məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

5. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh3 19 avqust 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mhazırki tələb üzrə iddia müddəti ötürüldüyündən iddianın rədd olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2014-cü tarixli 2002 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 illik 24 ay müddətinə illik 31 % dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

9. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2014-cü tarixli 2002 nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 26-28-dən gec olmayaraq 24 ay müddətində hər ay 359 ABŞ dolları, sonuncu ay 352 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürmüşdür.

10. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 28 mart 2014-cü il tarixli kredit müqaviləsinə ZM-2002 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər.

11. 28 mart 2014-cü il tarixli kredit müqaviləsinə 03 iyul 2017-ci il tarixli 02 saylı əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1USD=1.4 AZN) 4425,6 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 03 iyul 2022-ci il tarixinədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərədən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir.

12. 28 mart 2014-cü il tarixli zaminlik müqaviləsinə 03 iyul 2017-ci il tarixli 02 saylı əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1USD=1.4 AZN) 4425,6 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 03 iyul 2022-ci il tarixinədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərədən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Zaminlər bu Əlavə sazişi imzalamaqla 2002 nömrəli 28 mart 2014-cü il tarixli Kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 03 iyul 2017-ci il tarixli 02 saylı Əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişlər.

13. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 iyul 2017-ci il tarixli 02 saylı əlavə sazişin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, borclu ilik hər ayın 03-ü tarixində 60 ay müddətində ilk 12 ay 25 ABŞ dolları, sonrakı aylar hər ay 61 ABŞ dolları və sonuncu ay 47,43 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürmüşdür.

14. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə ünvanlandığı 13 may 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 28 mart 2014-cü tarixli 2002 nömrəli kredit müqaviləsi üzrə 12 may 2025-ci il tarixə banka 1264,87 ABŞ dolları əsas borc, 578,61 ABŞ dolları faiz borcu, 1971,70 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 183,42 ABŞ dolları faiz borcu, cəmi 3998,6 ABŞ dolları borcu qalmışdır. Tələb edilən 3998,6 ABŞ dolları borcun 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

15. 13 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 28 mart 2014-cü tarixli 2002 nömrəli kredit müqaviləsi üzrə 12 may 2025-ci il tarixə banka 1264,87 ABŞ dolları əsas borc, 578,61 ABŞ dolları faiz borcu, 1971,7 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 183,42 ABŞ dolları faiz borcu, cəmi 3998,6 ABŞ dolları borcu vardır.

16. 24 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 87,98 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

17. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2014-cü tarixli 2002 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 24 ay müddətinə illik 31% dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla Cavabdeh2 və Cavabdeh3 arasında 28 mart 2014-cü il tarixli 2002 nömrəli zaminlik müqaviləsi bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün borcalanla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. 28 mart 2014-cü il tarixli kredit müqaviləsinə və zaminlik müqaviləsinə 03 iyul 2017-ci il tarixli 02 saylı əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1USD=1.4 AZN) 4425,6 ABŞ dolları hesablanmış, kreditin müddəti 03 iyul 2022-ci il tarixinədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərədən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Bankın bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Kredit müqaviləsinin müddəti 03 iyul 2022-ci il tarixdə bitmiş, iddiaçı isə 24 iyul 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarı: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də, fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı: Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı: İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

22. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.

23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarı: İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

25. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

26. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

27. Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Beləliklə, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

28. Göründüyü kimi, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında 28 mart 2014-cü tarixli 2002 nömrəli müqavilədən və həmin müqaviləyə 03 iyul 2017-ci il tarixli 02 nömrəli əlavə sazişdən irəli gələn öhdəliklərin icra müddəti kimi 03 iyul 2022-ci il müəyyənləşdirilmiş, bundan sonra iddiaçı tərəf hər hansı hüquqi prosedur həyata keçirməmiş, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan keçirmişdir. Əsas tələb üzrə iddia müddəti keçdiyindən əlavə tələb olan zaminlik üzrə də, iddia müddəti keçmişdir. Cavabdeh3 isə hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Məhkəmə baxışının hədləri:

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

30. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə:

31. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcun qaytarılması” barədə iddia tələbi rədd edilməli, ödənilmiş 87,98 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

32. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcun qaytarılması” barədə iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar