Məhkəmə qərarları › İş №e-2(050)-2794/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2794/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2794/2025 16.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə İddiaçı Ləğv prosesində olan (bundan sonra-L.p.o) İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə mülki işə, Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə L.p.o İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)290719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 6637.57 manat məbləğində borcun-bundan 6316.54 manat əsas borcun, 213.67 manat kredit müqaviləsinin müddəti üçün hesablanmış faiz borcunun və 107.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 86.38 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh2 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 30 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)290719-01 nömrəli kredit müqaviləsinə əsasən 6 may 2014-cü il tarixli, MAS-02262/14 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün Cavabdeh2 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 7185.76 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 30 iyul 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 21 noyabr 2024-cü il tarixli 12-5/2-Ş-41- 5130/2024 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər kredit borcunun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bu səbəbdən də Cavabdeh2 30 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)290719- 01 nömrəli kredit müqaviləsi üzrə 2 dekabr 2024-cü il tarixə banka ödənilməmiş cəmi 6637.57 manat məbləğində borcu vardır. Bundan 6316.54 manat əsas borc, 213.67 manat kredit müqaviləsinin müddəti üçün hesablanmış faiz borcu və 107.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin mövqeyi: Cavabdeh2 iddianı qəbul edərək bildirmişdir ki, onun banka borcu vardır. Maddi imkanı olmadığından həmçinin bank ləğv edildikdən sonra ödəniş üçün hər hansı bir hesab əldə edə bilmədiyindən borcunu ödəyə bilməmişdir. İddianın təmin edilməsinə etiraz etmir. Borcunu hissə-hissə ödəyəcəkdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan: 30 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)290719-01 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 6 may 2014-cü il tarixli, MAS- 02262/14 nömrəli kredit müqviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün İsabala Eyvazova 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 7185.76 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. 30 iyul 2019-cu il il tarixli NBNP ***-*******FİMSA(B)290719-01/ZM/1 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. L.p.o İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bildiriş göndərilməklə banka olan kredit borcunu qaytarmadığı halda yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bildirişdə onların 15 noyabr 2024-cü il tarixə olan borcu 6316.21 manat əsas, 213.67 manat faiz, cəmi borcu 6530.21 manat göstərilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 30 iyul 2019-cu il tarixli NBNP ***- *******FİMSA(B)290719-01 saylı müqavilə üzrə 02 dekabr 2024-cü il tarixə 6316.54 manat əsas, 231.67 manat faiz, 107.36 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz, cəmi 6637.57 manat borcu vardır. Ödəniş qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırılması üçün 86.38 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçı iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Əsaslandırıcı hissə: İşin faktiki halları və iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış 30 iyul 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)290719-01 saylı kredit müqaviləsi əsasında Cavabdeh2 6 may 2014-cü il tarixli, MAS-02262/14 nömrəli kredit müqviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün Cavabdeh2 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 7185.76 manat məbləğində güzəştli şərtlərlə kredit verilmiş, həmin kreditin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Borclular kredit öhdəliyini layiqincə yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1.,470.2. və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh2 üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq, müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, müqavilə öhdəliklərinin şərtlərini pozmuşdur. Ona görə də Cavabdeh2 ilə yanaşı zamin Cavabdeh1 da mülki hüquqi məsuliyyət yaranmışdır. Cavabdehin özü də iddia tələbini qəbul etmiş, hər hansı etiraz bildirməmişdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6316.54 manat əsas, 213.67 manat faiz, 107.36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 6637.57 manat borc və dövlət rüsumu kimi ödənilmiş 86.38 manat məbləğində pul vəsaiti tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar