Məhkəmə qərarları › İş №e-2(050)-283/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-283/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-283/2024 20.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, yaşayış evinin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Masallı rayonu Ərkivan qəsəbəsində 0.04 ha torpaq sahəsinin və üzərində yerləşən 258.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Masallı rayonu Ərkivan qəsəbəsində 0.04 ha torpaq sahəsini və üzərində yerləşən 258.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evini alıcı Cavabdeh 15000 manat (on beş min) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 12000 manat məbləği 36 ay müddətinə ayda bir dəfə 333.34 manat (üç yüz otuz üç manat otuz dörd qəpik) olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən xx.xx.2023-cü il tarixədək müqavilə üzrə ödənilməsi nəzərdə tutulan 2687 manat ödənilməmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqısatqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Masallı rayonu Ərkivan qəsəbəsində 0.04 ha torpaq sahəsini və üzərində yerləşən 258.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evini alıcı Cavabdeh 15000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 12000 manat məbləği 36 ay müddətinə ayda bir dəfə 333.34 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüş, lakin alıcı tərəfindən 13.09. 2023-cü il tarixədək müqavilə üzrə ödənilməsi nəzərdə tutulan 2687 manat ödənilməmişdir, Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə yazılı müraciətlər göndərərək iddiaçıya cəmi 3500 manat borcu olmasını, Bakı şəhərində omba əməliyyatı olunduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iş üzrə mötəbər sübutları olduğundan məhkəmə iclasında təqdim edəcəyini bildirməsinə baxmayaraq xəstə olması, omba əməliyyatı olunması barədə rəsmi sənəd və digər sübutlar təqdim etməmişdir. İş materiallarında olan; Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi **********54-10301 reyestr, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə İddiaçı QSC-nin mülkiyyəti kimi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 30 avqust 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında Bakı şəhəri 53 saylı notariat ofisində Masallı rayonu Ərkivan qəsəbəsində 0.04 ha torpaq sahəsini və üzərində yerləşən 258.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evininin alqı-satqı barədə müqavilə bağlanmışdır. “Satıcı” müqavilənin 4-cü bəndinə əsasən göstərilən əmlakı 15000 manata satmış, “Alıcı” isə həmin qiymətə almışdır. Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsinə dair Təklifdən görünür ki, müqavilədə nəzərdə tutulmuş tarixlərdə 2687 manat ödənilməmişdir. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi təklif edilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə müqavilənin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün Bank tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iradəsinə zidd olaraq hazırda cavabdehin ona (mülkiyyətçiyə) məxsus əmlaka sahiblik etməklə ondan istifadə etməsi iddiaçının əmlakı üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia təmin olunmalı, cavabdeh Əliyev X1 rayonu Ərkivan qəsəbəsində 0.04 ha torpaq sahəsini və üzərində yerləşən 258.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmalı və həmin əmlak boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən İddiaçı QSC tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh Əliyev X1 rayonu Ərkivan qəsəbəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 258.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılsın. Masallı rayonu Ərkivan qəsəbəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 258.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar