Məhkəmə qərarları › İş №e-2(050)-3075/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3075/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3075/2023 30.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı daşınmaz əmlakın alğısatqı müqaviləsinin ləğv edilməsi, evdən çıxarılma, əmlakın boşaldılması və təhvil verilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2019-cu il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Masallı rayonu, Əhmədli kəndində yerləşən, ümumi sahəsi 259.4 kv.m olan, 3 otaqlı fərdi yaşayış evinin alıcı Cavabdeh 12000 manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsilə ödəyir. Qalan 9000 manat məbləği isə xx.xx.2021ci il tarixədək 24 ay müddətinə hər altı aydan bir 2250 manat məbləği notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı müqavilədə razılaşdırılmış ödənişlərin edilməsindən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Mülki qanunvericiliyin hazırki tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Lakin Cavabdeh nisyə alğı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği banka tam şəkildə ödəməmişdir. Bununla da Cavabdeh oğlu alğı-satqı müqaviləsi üzrə öhdəliyi bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam etmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək öhdəliyi icra etmədiyi təqdirdə nisyə alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

İddia tələbi.

2. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Masallı rayonu, Əhmədli kəndində yerləşən, ümumi sahəsi 259.4 kv.m olan, 3 otaqlı fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qənul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir.

İş materialları.

5. xx.xx.2019-cu il tarixdə AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı QSC mülkiyyətində olan Masallı rayonu, Əhmədli kəndində yerləşən, ümumi sahəsi 259.4 kv.m olan, 3 otaqlı fərdi yaşayış evini və 0.07 ha torpaq sahəsini Cavabdeh ilkin olaraq 3000 manat vəsaitin İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan məbləği isə xx.xx.2021-ci il tarixədək 24 ay müddətinə hər altı aydan bir 2250 manat məbləği notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəniş ödəmək şərti ilə cəmi 12000 manata satmışdır.

6. xx.xx.2019-cu il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən müqaviləyə dəyişiklik və əlavələr olunması yaxud ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.

7. Seriya MA, ******* saylı çıxarışdan müəyyən olunur ki, Masallı rayonu, Əhmədli kəndində yerləşən, ümumi sahəsi 259.4 kv.m olan, 3 otaqlı fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsi "xxxx" QSC-nin adına tam pay hüququ ilə qeydə alınmışdır (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2011).

8. Cavabdeh xx.xx.2019-cu il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsi üzrə "xxxx" QSC-nin hesabına 3000 manat ilkin ödəniş, xx.xx.2020-ci il tarixdə 2500, 21 noyabr 2022-ci il tarixdə 3000 manat məbləğində ödənişlər etmişdir.

9. "xxxx" QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli, 049161 nömrəli xəbərdarlıq məktubundan müəyyən olunur ki, bank borcalana daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə Masallı rayonu, Əhmədli kəndində yerləşən fərdi yaşayış evini 10 noyabr 2022-ci il tarixədək banaka təhvil verilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

10. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

11. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikası Konstitusiyası. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolu. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

17. Belə ki, İddiaçı QSC ilə Cavabdeh ilə arasında xx.xx.2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ № ******* saylı müqaviləyə əsasən mülkiyyətində olan Masallı rayonu, Əhmədli kəndində yerləşən, ümumi sahəsi 259.4 kv.m olan, 3 otaqlı fərdi yaşayış evini və 0.07 ha torpaq sahəsini ilkin 3000 manat, qalan dəyərini isə xx.xx.2021-ci il tarixədək 24 ay müddətinə hər altı aydan bir 2250 manat məbləği notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəniş ödəmək şərti ilə cəmi 12000 manata Cavabdeh nisyə şəkildə satmışdır. Alıcı Cavabdeh nisyə şəkildə aldığı daşınmaz əmlakın dəyərindən ilkin olaraq 3000 manatını ödəsə də qalan məbləğin ödənilməsini tam təmin etməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ № ******* alğı-satqı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək 24 ay müddətinə hər altı aydan bir 2250 manat ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixdə 2500, 21 noyabr 2022-ci il tarixdə 3000 manat məbləğində ödənişlər etmiş, sonra ödəniş etmədiyindən İddiaçı QSC xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evini boşaltma və banaka təhvil verilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq göndərilmişdir. Cavabdeh iddiaçı bankın müraciətinə cavab vermədiyindən, müqavilə üzrə razılaşdırılmış ödənişlərin aparılmasını təmin etmədiyindən İddiaçı QSC alğı-satqı müqaviləsinin ləğv edilməsi, evdən çıxarılma, əmlakın boşaldılması, əmlakın mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

18. İddiaçı QSC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməsinə baxmayaraq, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini icra etməməsi iddiaçı bankın hüquqlarının pozulması ilə nəticələnmişdir.

19. Qeyd edilən hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, İddiaçı QSC Cavabdeh qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması, əmlakın təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hazırkı iddia tələbində haqlıdır.

20. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh Masallı rayonu, Əhmədli kəndində yerləşən, ümumi sahəsi 259.4 kv.m olan, 3 otaqlı fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və əmlakın mülkiyyətçisi İddiaçı QSC-yə təhvil verilməlidir.

Məhkəmə xərcləri.

21. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı "xxxx" QSC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh Masallı rayonu, Əhmədli kəndində yerləşən, ümumi sahəsi 259.4 kv.m olan, 3 otaqlı fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və mülkiyyətçi "xxxx" QSC-yə təhvil verilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia tələbi təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh Masallı rayonu, Əhmədli kəndində yerləşən, ümumi sahəsi 259.4 kv.m olan, 3 otaqlı fərdi yaşayış evindən çıxarılsın, fərdi yaşayış evi boşaldılsın və "xxxx" QSCyə təhvil verilsin. Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar