Məhkəmə qərarları › İş №e-2(050)-3080/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3080/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3080/2023 21.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədr müavini Çingiz Ağayev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı TuranBank ASC-nin “Cəlilabad” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK № 1865/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 banka olan 1142,09 manat əsas borcu, 7,07 manat cərimə borcu olmaqla, cəmi borcu 1149,16 manat məbləğində borcun və 31.50 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Cəlilabad” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK № 1865/19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 %, güzəşt müddəti 12 ay olmaqla, 60 ay müddətinə 2534.46 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, İddiaçı ASC, Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, GK-MK-1865/19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 1142.09 manat əsas borcu, 7.07 manat cərimə borcu olmaqla, cəmi borcu 1149.16 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK № 1865/19 saylı kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0.1 % olmaqla, 5 ildən çox olmamaq şərtilə cərimə faizi ödəyir. 3.1-ci bəndinə əsasən tərəflər razılaşır ki, hazırki kredit müqaviləsi üzrə borcalana veriləcək kredit məbləği xx.xx.2015-ci il tarixli MK № 551/CD-15 saylı kredit müqaviləsi üzrə 360 gündən çox müddətə vaxtı keçmiş 7 800 manat məbləğində kredit borcunun silinməsinə yönəldiləcəkdir və hazırki kreditin məqsədi məhz qeyd edilən kredit müqaviləsi üzrə qalıq kredit borcunun restruktruziyasiyası edilərək ödənilməsindən ibarətdir. 4.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 4.1.4-cü bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcala digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.4-cü bəndinə əsasən borcalanın bank qarşısında öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin bank qarşısında borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 30 oktyabr 2019-cu il tarixli, GK-MK 1865/09 saylı güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə illik 1% olmaqla 60 ay müddətinə 2534,46 manat məbləğində kredit verməyi, cavabdeh isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunan müddətdə faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 30 oktyabr 2019-cu il tarixli, GK-MK 1865/09 zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında Cəlilabad şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK 1865/09 kredit müqaviləsinə əsasən illik 1% olmaqla 60 ay müddətinə 2534,46 manat məbləğində kredit verilmişdir. Bu müqaviləyə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh1 özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə banka borcalan arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK1865/09 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 bank qarşısında öhdəklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər və borcalan bank qarşısında birgə məsuliyyə daşıyır. Göründüyü kimi Cavabdeh2 kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə "xxxx" ASC-yə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, 30 oktyabr 2019-cu il tarixli, GK-MK 1865/09 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh2 ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə zaminlik müqaviləsini nəzərdən keçirib hesab edir ki, zaminlər Cavabdeh3, Cavabdeh1 kredit alan Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında cavabdehliyi öz üzərinə götürdüyündən, iddiaçının tələb etdiyi kredit borcu cavabdehlərdən eyni həcmdə tutularaq iddiaçının xeyrinə verilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 284 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 30 oktyabr 2019-cu il tarixli, GK-MK 1865/09 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1142,09 manat, cərimə borcuna görə 7,07 manat və dövlət rüsumuna görə 31,50 manat olmaqla, cəmi 1180 (bir min bir yüz səksən) manat 66 qəpik məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar