Məhkəmə qərarları › İş №e-2(050)-3113/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3113/2025

16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3113/2025 16.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Qasımov Xanbaba Alxas oğlunun katibliyi iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1700 manat məbləğində əsas borcun və dövlət rüsumu ödədiyi 37 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, yaşadığı evin təmiri ilə bağlı «Tap.az» saytında yerləşdirilmiş elanlardan pilləkən ustası kimi özünü reklam etmiş cavabdehin nömrəsini taparaq ona zəng vurmuş və ona bildirmişdir ki, yüksək keyfiyyətdə pilləkən düzəldərək yaşadığı evə quraşdıracaqdır. Cavabdeh evə gələrək görüləsi işlə tanış olmuş və ölçüləri götürmüş, ona bildirmişdir ki, işin görülməsi üçün ona ilkin ödəniş etməlidir, qalan pulu da pilləkənləri quraşdırdıqdan və iş başa çatdıqdan sonra ona ödəməlidir. O, cavabdehin bu təklifini qəbul etməklə ona xx.xx.2025-ci ildə 1700 manat məbləğində pul vermişdir. Lakin cavabdeh həmin pulu aldıqdan sonra hər dəfə bir bəhanə gətirməklə pilləkənləri gətirməmiş və o, bu şəxsin onu aldatdığını başa düşmüş və ondan verdiyi pulları geri tələb etmişdir. Lakin cavabdeh pulu da ona qaytarmadıqda o, onun barəsində Bakı şəhər Xətai rayon Pİ-nin 36-cı PB-nə şikayət etmiş və cavabdeh də bölməyə dəvət olunmuş və o pulu ondan aldığını etiraf edərək guya pilləkəni düzəltdiyini, lakin onu vaxtında qəbul etmədiyi üçün başqa şəxsə satdığını bildirmişdir. Bundan sonra da o hər dəfə «bu gün, sabah» deyərək onu aldatmaqda davam edir və o, bir daha onun ünvanına yazılı bildiriş göndərməklə 3 gün ərzində ondan aldığı pulları qaytarmasını bildirmiş, lakin bu şəxs yenə də heç bir ödəniş etməmişdir. Bakı şəhər Xətai rayon Pİ-nin 36-cı PB-nin xx.xx.2025-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi” barədə Qərarında bildirilmişdir ki, o mülki qaydada məhkəməyə müraciət etməlidir. İddiaçı “Elektron Məhkəmə” Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsini müdafiə etdiyini bildirmiş və məhkəmə yaşayış yerindən uzaq məsafədə olduğu üçün məhkəmə iclasını onun iştirakı olmadan keçilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin xx.xx.2025-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarından görünür ki, İddiaçı Din-in 102 xidmətinə zəng vuraraq Cavabdeh ondan pilləkən düzəltmək üçün 1700 manat pul almasını və işin görülməməsi barədə şikayət etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, təxminən 20 ilə yaxındır ki, fərdi qaydada pilləkən ustası kimi fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixdə İddiaçı onun mənzilinə pilləkən düzəltmək üçün 1700 manat beh almış, həmin pilləkənı düzəldərək İddiaçı zəng vurduqda Teymur mənzilin tikintisinin başa çatmadığını və pilləkənları hələlik gətirib quraşdırmamasını bildirmişdir. Cavabdeh sözü gedən pilləkənı başqa müştəriyə satdığını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən cavabdehin pilləkən düzəltmək üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün tərəflər arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. Məhkəmə mülki işin hallarını təhlil edərək işin mübahisəsiz halları kimi onu müəyyən edir ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, cavabdeh pul müqabilində iddiaçı üçün sifariş verilmiş pilləkəni onun evi üçün düzəldəcəyinə dair öhdəlik götürmüşdür. İlkin olaraq iddiaçı cavabdehə 1700 manat pul ödəmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Müqavilə tərəfləri öz aralarında razılaşa bilərlər ki, öhdəliyin icrasına görə qarşı tərəfin ödəməli olduğu haqq ya tam şəkildə öhdəlik icra olunduqdan sonra ödənilsin, yaxud da ödənişin bir hissəsi avans olaraq öhdəliyin icrasına başlananadək, qalan hissəsi isə icra prosesində və/və ya bilavasitə icranın sonunda ödənilsin. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 1700 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən dövlət rüsumu qismində ödənilmiş 37 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1700 manat məbləğində pul və 37 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar