Məhkəmə qərarları › İş №e-2(050)-3219/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3219/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3219/2025 12.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcun qaytarılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 4973,89 (dörd min doqquz yüz yetmiş üç dollar səksən doqquz sent) ABŞ dolları borcun - bundan 1329,18 (bir min üç yüz iyirmi doqquz dollar on səkkiz sent) ABŞ dolları əsas, 628,04 (altı yüz iyirmi səkkiz dollar dörd sent) ABŞ dolları faiz, 2831,99 (iki min səkkiz yüz otuz bir dollar doxsan doqquz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 184,68 (bir yüz səksən dörd dollar altmış səkkiz sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 104,56 (bir yüz dörd manat əlli altı qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli 22 yanvar 2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə illik 28 % dərəcəsi ilə 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 400006826/ZM nömrəli 22 yanvar 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış R-216 nömrəli 27 aprel 2015-ci il tarixli əlavə sazişlərə əsasən kreditin müddəti 27 iyul 2018-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli 26 sentyabr 2017-ci il tarixli əlavə sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7085,54 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 26 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 14 iyul 2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 4973,89 (dörd min doqquz yüz yetmiş üç dollar səksən doqquz sent) ABŞ dolları təşkil edir. Bundan 1329,18 (bir min üç yüz iyirmi doqquz dollar on səkkiz sent) ABŞ dolları əsas, 628,04 (altı yüz iyirmi səkkiz dollar dörd sent) ABŞ dolları faiz, 2831,99 (iki min səkkiz yüz otuz bir dollar doxsan doqquz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 184,68 (bir yüz səksən dörd dollar altmış səkkiz sent) ABŞ dolları faiz borcu təşkil edir.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, bir neçə ildir ki, xəstədir. Oğlunu Rusiya Federasiyasının Leninqrad şəhərindən müharibəyə aparmışlar və oğlu barədə heç bir məlumat yoxdur. Üç nəvəsi isə onun himayəsindədir. Maddi cəhətdən imkanı olmadığından 2019-cu ildən sonra heç bir ödəniş edə bilməmişdir. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2015-ci tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 28 % dərəcəsi ilə 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

9. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2015-ci tarixli ********* nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 22-24 tarixlərində 36 ay müddətində hər ay 268,90 ABŞ dolları, sonuncu ay 268,64 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürmüşdür.

10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli 400006826/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər.

11. 27 aprel 2015-ci il tarixli, R-216 saylı əlavə sazişə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi 6296,19 (altı min iki yüz doxsan altı dollar on doqquz sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 27 iyul 2018-ci il tarixinədək uzadılmışdır. Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 28% ödənilir.

12. 27 aprel 2015-ci il tarixli, R-216 saylı əlavə sazişə əsasən 22 yanvar 2015-ci il tarixli 400006826/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər.

13. 22 yanvar 2015-ci tarixli ********* nömrəli kredit müqaviləsinə və zaminlik müqaviləsinə 26 sentyabr 2017-ci il tarixli 02 saylı əlavə sazişindən görünür ki, borcalanın kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 7085,54 (yedd min səksən beş dollar əlli dörd sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 26 sentyabr 2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir.

14. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə ünvanlandığı 15 iyul 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 14 iyul 2025-ci il tarixə banka 1329,18 ABŞ dolları əsas, 628,04 ABŞ dolları faiz, 2831,99 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 184,68 ABŞ dolları faiz, cəmi 4973,89 ABŞ dolları borcu qalmışdır. Tələb edilən 4973,89 ABŞ dolları borcun 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər.

15. 15 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın 22 yanvar 2015-ci tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 14 iyul 2025-ci il tarixə banka 1329,18 ABŞ dolları əsas borcu, müqavilə müddəti üçün 628,04 ABŞ dolları faiz borcu, 2831,99 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 184,68 ABŞ dolları faiz borcu, cəmi 4973,89 ABŞ dolları borcu vardır.

16. Azərbaycan Respublikasının Mərkəzi Bankına problemli kreditləri kompensasiyası ilə bağlı internet portalına sorğu göndərilmiş və sorğuya cavab olaraq əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh1nın Ləğv prosesində olan İddiaçı ASCnə 21 fevral 2015-ci il tarixə 6372,03 ABŞ dolları, 21 dekabr 2015-ci il tarixə 5703,**********06 ABŞ dolları borcu olmuş, 21 fevral 2015-ci il tarixə 1593,01 manat kompensasiya, 21 dekabr 2015-ci il tarixə 3422,38 manat kompensasiya hesablanmış, 01 mart 2019-cu il tarixinə əsasə kredit borcu 7244,98 manat müəyyən edilmiş, 4985,37 manat borcun azaldılmasına yönəldilərək qalıq borc məbləği - əsas kredit borcu 2259,60 manat müəyyən edilmiş, həmin kreditin illik faiz dərəcəsi 1 % olmaqla 5 il (bir il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur.

17. 09 sentyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 104,56 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

18. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2015-ci tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 26% dərəcəsi ilə 6500 ABŞ məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 arasında 22 yanvar 2015-ci tarixli 400006826/ZM nömrəli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün borcalanla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Bankın bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Kredit müqaviləsinin müddəti 26 sentyabr 2022-ci il tarixdə bitmiş, iddiaçı isə 10 sentyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı zaminlik müqaviləsinə əsasən qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinin tələbinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da, qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarı: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də, fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir.

22. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının: 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə rurulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

24. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh1 tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır.

25. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2015-ci tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədləri üçün 36 ay müddətinə illik 26% ödəmək şərtilə 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.

26. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir.

27. Mübahisə edilən müqavilənin tələblərinə əsasən cavabdehin 22 yanvar 2015-ci tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşür və fərmanın icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcu 2259,60 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1 % olmaqla 5 il ( bir il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur.

28. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir.

29. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərinin icra edilməməsi işin mübahisəsiz halını təşkil edir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 2259,60 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, İnternet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir.

30. Göründüyü kimi kredit müqaviləsi üzrə tələb olunan faiz və cərimə borcu mövcud deyildir. Belə ki, iddiaçı ilə cavabdeh arasında dövlətin dəstəyi ilə kompensasiya olunaraq təklif olunan 2259,60 manat borc pulun qaytarılması ilə bağlı yeni müqavilə münasibəti yaranmış iddiaçı Ləğv prosesində olan İddiaçı tərəfindən oferta (müqavilə bağlamaq təklifi) göndərilmiş və Cavabdeh1 aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə təklif olunan məbləğlə razılaşaraq buna etiraz etməmişdir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 2259,60 manat təşkil etməsi və bunun müqabilində tərəflər arasında müqavilə bağlandığı halda müqavilə münasibətlərinə uyğun olaraq borcun ödənilməsi, müqavilə münasibətinə girmək istəmədiyi halda isə kreditorun ümumi əsaslarla müəyyən olunan pulun məhkəmə qaydasında tələb etmək hüququ yaranır. Belə ki, problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının internet portalından çıxarışda ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissənin izahından görünür ki, 01 mart 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) borcun azaldılmasına yönəldilmiş məbləğ çıxılmaqla qalıq borcu isə 2259,60 manat məbləğində müəyyən edilmişdir.

31. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh1 2259,60 manat məbləğində əsas borc iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

32. Həmçinin müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər.

33. Məhkəmə iddia tələbi üzrə tutulmalı məbləğin zamin Cavabdeh2 münasibətdə əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir.

34. İş materiallarından da, göründüyü kimi 22 yanvar 2015-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. 27 aprel 2015-ci il tarixli, R-216 saylı əlavə sazişə əsasən kreditin müddəti 27 iyul 2018-ci il tarixədək, 26 sentyabr 2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən isə kreditin müddəti 26 sentyabr 2022-ci il tarixinədək uzadılmışdır. İddiaçı 10 sentyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

35. Beləliklə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir.

36. Belə ki, həmin normada əks olunan müddətlər etibarlı müqavilə əsasında əmələ gəlmiş zaminliyə xitam verən kəsici müddətlərdir. Bu halda hüquqi hadisə kimi zaminliyin xitamı məhkəmə aktı əsasında deyil, qanuna əsasən baş tutur. Ona görə də, həmin normada zaminliyə xitam verən müddətin keçməsi müəyyən olunduqda zaminə qarşı yönəlmiş tələb məhkəmənin ayrıca akt şəklində qərardadı ilə deyil, işi mahiyyəti üzrə həll edən qətnamə ilə rədd edilməlidir. Məhkəmə baxışının hədləri:

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

38. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 104,56 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 2259,60 manat tutulduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42,60 (qırx iki manat altmış qəpik) manat pul Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 61,96 (altmış bir manat doxsan altı qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

39. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 22 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi, zaminlik müqaviləsinə 27 aprel 2015-ci il tarixli, R-216 saylı əlavə saziş və 26 sentyabr 2017-ci il tarixli 02 saylı əlavə saziş üzrə zaminliyinə xitam verilməli, ona qarşı qaldırılmış iddia tələbi rədd edilməli, Cavabdeh1 2259,60 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42,60 (qırx iki manat altmış qəpik) manat məbləğində pul iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 61,96 (altmış bir manat doxsan altı qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

40. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 22 yanvar 2015-ci il tarixlik zaminlik müqaviləsi, zaminlik müqaviləsinə 27 aprel 2015-ci il tarixli, R-216 saylı əlavə saziş və 26 sentyabr 2017-ci il tarixli 02 saylı əlavə saziş üzrə zaminliyinə xitam verilsin və ona qarşı qaldırılmış iddia tələbi rədd edilsin. Cavabdeh1 2259,60 (iki min iki yüz əlli doqquz manat altmış qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42,60 (qırx iki manat altmış qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri 61,96 (altmış bir manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar