Məhkəmə qərarları › İş №e-2(050)-33/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-33/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-33/2025 04.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı L.p.o "xxxx" ASC-nin (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra-cavabdehlər) qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə L.p.o "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 11864.83 manat - bundan 5281.08 manat əsas, 2577.44 manat faiz, 3243.46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 762.85 manat faiz borcu və iş üzrə ödənilmiş 125.60 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* №-li 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 400006738/ZM №-li 15 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 15 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə R-378 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 10746.29 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. 15 yanvar 2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7173.15 ABŞ dolları əsas borc, 1117.28 ABŞ dolları faiz borcu və 71.53 ABŞ dolları cərimə məbləği ilə birlikdə, cəmi 8361.96 ABŞ dolları təşkil edir. Əsas borc qalığı 7173.15 ABŞ dolları konvertasiya edilməklə (1 USD =1.41 AZN) 10114.14 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 16 % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********812 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 11864.83 manat təşkil edir. Bundan 5281.08 manat əsas, 2577.44 manat faiz, 3243.46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 762.85 manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsnin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: Dəmirbank” ASC-nin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* №-li 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. 400006738/ZM №-li 15 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış R-378 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 10746.29 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olumuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli 15 yanvar 2015-ci il tarixli Əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin cəmi qalığı 8361.96 ABŞ dolları təşkil etmişdir. Əsas borc qalığı 7173.15 ABŞ dolları konvertasiya edilməklə (1 USD = 1.41 AZN) 10114.14 manat təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 16 % ödənilməlidir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 cəmi borcu 11864.83 manat - bundan 5281.08 manat əsas, 2577.44 manat faiz, 3243.46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 762.85 manat faiz borcu təşkil edir. **********812 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, müqavilənin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, L.p.o İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün 125.60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2025-ci il tarixli, 9/2267 saylı ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix üzrə) əsas borc üzrə 5229.71 manat, faiz borcu üzrə 1673.51 manat borcu, xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix üzrə) əsas borc üzrə 5229.71 manat, faiz borcu üzrə 1673.51 manat borcu, əldən çıxmış fayda üzrə 748.87 manat borcu var; ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manatdır. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: Belə ki, tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli 15 yanvar 2015-ci il tarixli Əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin cəmi qalığı 8361.96 ABŞ dolları təşkil etmişdir. Əsas borc qalığı 7173.15 ABŞ dolları konvertasiya edilməklə (1 USD = 1.41 AZN) 10114.14 manat təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 16 % müəyyən edilmiş, Cavabdeh2 öhdəliyini layiqincə yerinə yetirilməyərək kredit öhdəliyini vaxtında icra etməməsi iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan mötəbər sübutlardan və qeyd olunan maddi normaların tələblərindən göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq, müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 3243.46 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 400 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Məhkəmə gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % olmaqla 762.85 manat faiz tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ona görə də iddiaçı dəymiş ziyan kimi pul tələb etməkdə haqlı olmuşdur. Lakin, iş üzrə alınmış ekspert rəyində tələb edilən məbləğ iddia tələbinə münasibətdə az göstərildiyindən ekspert rəyində göstərilən məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə digər Cavabdeh1 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin xx.xx.2023-cü il tarixdə zamin Cavabdeh1 qarşı iddia irəli sürülmüşdür. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi qeyd edilən müddət kəsici müddət olmaqla, həmin müddətin başa çatması öhdəliyin xitamına səbəb olur. Burada bir illik müddətin müəyyən olunmasında qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə məhkəmə hesab edir ki, 400006738/ZM №-li 15 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsinə xitam verildiyi üçün Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır. Göründüyü kimi, iddia tələbində 5281.08 manat əsas, 2577.44 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 762.85 manat faiz borcu qeyd edilsə də, Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2025-ci il tarixli, 9/2267 saylı ekspert rəyinə əsasən əsas borc üzrə 5229.71 manat, faiz borcu üzrə 1673.51 manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 748.87 manat faiz borcu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2025-ci il tarixli, 9/2267 saylı ekspert rəyinə əsasən əsas borc üzrə 5229.71 manat, faiz borcu üzrə 1673.51 manat borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 748.87 manat faiz borcu götürülməklə iddiaya qiymət verilməlidir. Odur ki, iddia tələbi 5229.71 manat əsas, 1673.51 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 748.87 manat faiz borcu həcmində təmin edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 3243.46 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı işlə bağlı məhkəmə cavabdehin əmlak vəziyyətini, borcdan müəyyən qədər ödənişlər etməsini dəbbə pulunun azaldılmasına əsas kimi qəbul edir. Məhkəmə hesab edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirir, eyni zamanda həmin məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 3243.46 manat məbləğində dəbbə pulu azaldılaraq 400 manat müəyyən edilməlidir. Odur ki, iddia 5229.71 manat əsas, 1673.51 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 748.87 manat faiz borcu, 400 manat cərimə, cəmi 8052.09 manat həcmində təmin edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 125.60 manat ödənilmiş dövlət rüsumunun 100.53 manatı cavabdehə, 25.07 manatı isə iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul cavabdehdən tutulmalı və Məhkəmə Eskpertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə: Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 5229.71 manat əsas, 1673.51 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 748.87 manat faiz borcu, 400 manat cərimə, cəmi 8052.09 manat borc və dövlət rüsumu kimi ödənilmiş 125.60 manat məbləğində pul vəsaitinin 100.53 manatı məbləğində hissəsi tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar