Məhkəmə qərarları › İş №e-2(050)-3331/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3331/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3331/2023 25.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh əsas borca görə 6761,83 manat, cərimə borcuna görə 1014,27 manat, cəmi 7776,10 manat və ödənilmiş 97,77 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 10 avqust 2022-ci il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında" müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 6761.83 manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 563.49 manat olmaqla, hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd olunan borc öhdəliyini icra etməmişdir. Cavabdeh öhdəliyini tam olaraq icra etmədiyindən müqavilənin 2.4-cü maddəsinin tələbi əsasında 1014.27 manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş qalıq borca dair arayışdan müəyyən olunur ki, 07 sentyabr 2023-cü il tarixinə cavabdehin iddiaçıya 6761.83 manat əsas borc və bu borca hesablanmış 1014.27 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 7776.10 manat ödənilməmiş borc öhdəliyi vardır. İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, lakin İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfin iştrakı olmadan işə mahiyyəti baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin xahişini nəzərə alıb, işə nümayəndənin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan aşağıda göstərilən sübutları tədqiq etmişdir: xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilədən görünür ki, “borclu” Cavabdeh “kreditor” İddiaçı MMC-yə 6761,83 manat borcu olduğunu etiraf etmiş və həmin məbləği 12 aya, yəni xx.xx.2022-ci il tarixdən hər ay 563,49 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür; Qalıq borca dair arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən İddiaçı MMC-yə 7776,10 manat borc öhdəliyi mövcuddur; İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, 6781,83 manat borcun qaytarılması xahiş olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 97,77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borcun etirafı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2022-ci il tarixində tərəfər borcun etirafına dair müqavilə bağlamış, müqaviləyə əsasən “borclu” Cavabdeh 6761,83 manat məbləğində borcu etiraf etmiş və həmin məbləği 12 ay müddətinə, ayda 563,49 manat manat ödəmək şərti ilə “kreditor” İddiaçı MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı 07 sentyabr 2023-cü il tarixinə cavabdehin iddiaçıya 6761.83 manat əsas borc və bu borca hesablanmış 1014.27 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 7776.10 manat borcun yarandığını bildirmişdir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 882.1 və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli borcun etirafı müqaviləsi subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin bağlanması zamanı əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. Beləliklə, müqavilənin məzmunundan və işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, onun bağlanması ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında borcun etirafı müqaviləsi bağlanmış, Cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. O, müqavilə üzrə ona edilən xəbərdarlıqlara baxmayaraq müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, bunun da nəticəsində 07 sentyabr 2023-cü il tarixinə iddiaçıya 6761.83 manat əsas borc və bu borca hesablanmış 1014.27 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 7776.10 manat borcu yaranmışdır. Lakin məhkəmə cavabdehin maddi vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq cərimə məbləğini azaltmaqla 200 manat həddində tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 6761,83 manat, cərimə borcuna görə 200 manat, cəmi 6961,83 manat və ödənilmiş 97,77 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar