Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-352/2024 18.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra-QSC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı QSC-nin xeyrinə 014A********** saylı kredit müqaviləsi üzrə 13479.34 manat məbləğində kredit bоrcu, 2058.46 manat məbləğində faiz bоrcu və 676.41 manat məbləğində cərimə olmaqla, cəmi 16214.21 manat; 014KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1497.50 manat məbləğində kredit bоrcu, 24.42 manat məbləğində faiz bоrcu və 38.19 manat məbləğində cərimə olmaqla, cəmi 1560.11 manat; ümumilikdə hər iki müqavilə üzrə 17774.32 manat məbləğində bоrcun və və ödənilmiş 143.32 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onula əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 014A********** saylı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı Əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan 1020.66 manat ödəniş etmiş və оnun iddiaçıya 13479.34 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 277 gün üçün hesablanmış faiz borcu 2058.46 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 277 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 676.41 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tariхdə bağladığı 014KK**********01 saylı kart kredit müqaviləsi əsasında aylıq 2 faiz dərəcəsi olmaqla 36 ay müddətinə müqavilə ilə müəyyən olunmuş 1500 manat məbləğində kredit limiti açılmış və bank krediti emissiya edilmiş 5335********6891 nömrəli ödəniş kartı vasitəsilə verilmişdir. Kart krediti müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.4-cü maddəsinə əsasən faizlər hər bir kredit borcu yarandığı tarixdən başlayaraq müvafiq kredit borcunun Banka tam qaytarılması tarixinədək onun qalığı üçün hesablanır. Cavabdeh götürdüyü kart kreditdən 1497.50 manat istifadə etmiş və qaytarmadığından 1497.50 manat əsas kredit borcu qalmışdır. O, kredit müqaviləsinin 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və xx.xx.2023-cü il tarixə 214 gün üçün onun 24.42 manat məbləğində faiz borcu qalmışdır. Müqavilənin 3.7-ci bəndinə görə kreditin gecikdirilməsi halında nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. xx.xx.2023-cü il tarixə 214 gün üçün hesablanmış 38.19 manat cərimə təşkil edir. İddiaçı tələbinin hüquqi əsas kimi müqaviləyə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, göstərdi ki, götürdüyü kreditlərə görə İddiaçı QSC-yə 014A********** saylı kredit müqaviləsi üzrə 13479.34 manat məbləğində əsas, 2058.46 manat məbləğində faiz bоrcu; 014KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1497.50 manat məbləğində əsas, 24.42 manat məbləğində faiz bоrcu var. Lakin cərimə borcu artıq hesablanmışdır. Kreditin vaxtlı-vaxtında ödənilməməsinə səbəb maddi imkanının olmaması olmuşdur. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan: xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı QSC-nin internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Ərizəyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı Əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14500 manat məbləğində istehlak kredit götürmüşdür. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına müqaviləyə əsasən mədaxil edilmiş 14500 manat məbləğində kredit məxaric edilmişdir. xx.xx.2022-ci il tarixli, 014KK**********01 saylı kart krediti müqaviləsindən görünür ki, Bank Cavabdeh 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, 1500 manat məbləğində istehlak kredit limiti açmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit ödənişlərini (əsas və faizi ilə birlikdə) ödəməyi öhdəsinə götürmüşdür. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına müqaviləyə əsasən mədaxil edilmiş 1500 manat məbləğində kredit məxaric edidlmişdir. Maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən alınmış 014A********** saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə görə xx.xx.2023-cü il tarixə onun 13479.34 manat məbləğində kredit bоrcu, 2058.46 manat məbləğində faiz bоrcu və 676.41 manat məbləğində cərimə olmaqla, cəmi 16214.21 manat borcu yaranmışdır. Maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən alınmış 014KK**********01 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə görə xx.xx.2023-cü il tarixə onun 1497.50 manat məbləğində kredit bоrcu, 24.42 manat məbləğində faiz bоrcu və 38.19 manat məbləğində cərimə olmaqla, cəmi 1560.11 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh xəbərdarlıq edilməklə Banka olan kredit borclarını qaytarmadığı halda müqaviləyə xitam verilməsi və yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı QSC məhkəmədə iddia qaldırmaq üçün 143.32 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq əsas kredit və faiz borcunu müəyyənləşdirilmiş qaydada ödəməli olduğu halda bunu yerinə yetirməmişdir. İddia ərizəsinin cərimə tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, müqavilə bağlanan anda dəbbə pulunun miqdarının tənasüblü şəkildə, kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirildiyi barədə müqavilə şərti məhkəmə tərəfindən mübahisəyə baxarkən Mülki Məcəllənin 467-ci maddəsinə əsasən dəbbə pulunun azaldılmasını istisna edə bilməz. İlk növbədə ona görə ki, tərəflər müqavilə bağlayarkən borclunun gələcək əmlak vəziyyətini qabaqcadan müəyyən edə bilməzdilər. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsi dispozitiv norma olmamaqla, onun tətbiqi müqavilə şərtindən asılı deyildir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Hazırkı işlə bağlı məhkəmə cavabdehin üzərinə düşən öhdəliyi müəyyən qədər olsada yerinə yetirməsini, kreditorun və borclunun əmlak və digər mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi dəbbə pulu hissəsində qismən təmin olunmaqla 014A********** saylı kredit müqaviləsi üzrə 67.64 manat hissədə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 143.32 manat dövlət rüsumunun 141.5 manatı cavabdehdən tutulmalı, 1.82 manatı isə iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 014A********** saylı kredit müqaviləsi üzrə 13479.34 manat məbləğində kredit bоrcu, 2058.46 manat məbləğində faiz bоrcu və 67.64 manat məbləğində cərimə, cəmi 15605.44 manat; 014KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1497.50 manat məbləğində kredit bоrcu, 24.42 manat məbləğində faiz bоrcu və 38.19 manat məbləğində cərimə, cəmi 1560.11 manat; ümumilikdə hər iki müqavilə üzrə 17165.55 manat pul Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 141.5 manat pul Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-352/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-352/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver