Məhkəmə qərarları › İş №e-2(050)-3551/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3551/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3551/2024 19.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı” ASC-nin Cavabdeh qarşı borcun tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Kommersiya Bankı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5045.9 manat əsas, 441.74 manat faiz, 82.83 manat cərimə, cəmi 5570.47 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 76.11 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş və bununla da həmin şərtlərlə müqavilə bağlamış hesab edilmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq SMS vasitəsi ilə razılaşdırılmış, xx.xx.2026-cı il tarixədək, illik 26% olmaqla istehlak məqsədləri üçün 6000 AZN nağd kredit (aylıq ödəniş hər ayın 30-u 211 AZN) məbləği iddiaçı tərəfindən xx.xx.2023-ci il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, göstərdi ki, verilmiş kreditə görə "xxxx" Kommersiya Bankı” ASC-yə borcu var. Borcun vaxtlı-vaxtında ödənilməməsinə səbəb maddi imkanının olmaması olmuşdur. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən və elektron çıxarışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş və bununla da həmin şərtlərlə müqavilə bağlamış hesab edilmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq SMS vasitəsi ilə razılaşdırılmış, xx.xx.2026-cı il tarixədək, illik 26% olmaqla istehlak məqsədləri üçün 6000 AZN nağd kredit (aylıq ödəniş hər ayın 30-u 211 AZN) məbləği iddiaçı tərəfindən xx.xx.2023-ci il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı” ASC-yə 5045.9 manat əsas, 441.74 manat faiz, 82.83 manat cərimə, cəmi 5570.47 manat borcu var. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh bildiriş göndərilməklə banka olan kredit borcunu qaytarmadığı halda yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bildirişdə Cavabdeh 05 sentyabr 2024-cü il tarixə olan borcu 5045.9 manat əsas, 346.98 manat faiz, 46.01 manat cərimə, cəmi 5438.89 manat göstərilmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməmiş, nəticədə "xxxx" Kommersiya Bankı” ASC-yə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, 01U/21 saylı xx.xx.2021-ci saylı kredit müqaviləsinə əsasən Cavabdeh ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı” ASC-dən aldığı kredit üzrə əsas borcu və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliyini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışında cavabdehin 5045.9 manat əsas, 441.74 manat faiz, 82.83 manat cərimə, cəmi 5570.47 manat, cavabdehə ünvanlanmış borcun ödənilməsi barədə bildirişdə isə 05 sentyabr 2024-cü il tarixə olan borcu 5045.9 manat əsas, 346.98 manat faiz, 46.01 manat cərimə, cəmi 5438.89 manat göstərilmişdir. Lakin iddiaçı iddia tələbində maliyyə arayışında qeyd edilən 5045.9 manat əsas, 441.74 manat faiz, 82.83 manat cərimə, cəmi 5570.47 manat borcun ödənilməsini tələb edir. Məhkəmə kredit borcuna görə hesablanmış faizlə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. "xxxx" KB ASC xx.xx.2024-cü il tarixdə borclunun ünvanına bildiriş göndərməklə həmin tarixə 5045.9 manat əsas, 346.98 manat faiz, 46.01 manat cərimə, cəmi 5438.89 manat pul borcunun yarandığını göstərmiş, borc məbləği ilə öhdəlikləri lazimi qaydada icra etmədiyini bildirmiş, öhdəliklər icra edilməyəcəyi halda müqaviləni xitam edəcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən bildirişdə bank əsas borcu tam şəkildə tələb etdiyindən müqaviləni bir tərəfli qaydada xitam etmək niyyətini ifadə etmişdir. Yuxarıda qeyd edilən normaların tələblərinə əsasən həmin tarixdən müqavilə münasibətlərinə xitam verildiyindən məhkəməyə müraciət edildiyi zaman bildirişdə tələb edilmiş pulun məbləğindən əlavə pul tələb etmək hüququ olmamışdır. Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşin hallarından görünür ki, bank MM-nin 445.7-ci maddəsinə əsaslanmaqla illik 5 faiz pul tələb etməmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində isə 5045.9 manat əsas, 441.74 manat faiz, 82.83 manat cərimə, cəmi 5570.47 manat pul tələb edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən tələb edilən faiz borcu ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, bankın borcluya ünvanladığı bildirişdə tələb etdiyi 346.98 manat faiz borcunu tələb etmək hüququ olduğundan, iddia tələbi həmin hissədə təmin edilməldir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı cavabdehə ünvanlanmış borcun ödənilməsi barədə bildirişdə göstərilən 25 iyul 2024-cü il tarixə olan faiz borcu kimi göstərilmiş 346.98 manat faiz borcunu tələb edə bilər. Odur ki, iddia 5045.9 manat əsas, 346.98 manat faiz, 82.83 manat cərimə, cəmi 5475.71 manat həcmində təmin edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə "xxxx" KB ASC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 76.11 manat məbləğində pul vəsaitinin 74.76 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 1.35 manatı isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5045.9 manat əsas, 346.98 manat faiz, 82.83 manat cərimə, cəmi 5475.71 manat borc və dövlət rüsumu kimi ödənilmiş 76.11 manat məbləğində pul vəsaitinin 74.76 manat məbləğində hissəsi tutularaq "xxxx" Kommersiya Bankı” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar