Məhkəmə qərarları › İş №e-2(050)-3573/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3573/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3573/2025 24.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ İ.Giriş hissə: Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, İddiaçı MMC -nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İİ.Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 (iki min dörd yüz) manat əsas məbləğ və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı MMC-nin istifadəsində olan Hyundai Sonata markalı, **-EC-*** nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixli, 12 saylı icarə müqaviləsinə əsasən cavadeh Cavabdeh günlük 50 (əlli) manat ödəmək şərti ilə, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək icarəyə verilmişdir. Cavabdeh tərəfindən müqaviləyə əsasən yaranmış öhdəliklər pozulmuş və ya tam icra edilməmişdir. Belə ki, Cavabdeh tərəfindən 1050 (min əlli) manat ödənilmiş, 2400 (iki min dörd yüz) manat ödənilməmiş saxlanılmışdır. Məsələ ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, yaranmış problemin aradan qalxması üçün heç bir səy göstərməmişdir. Bu səbəblə məhkəməyə müraciət edilmişdir. a. İşə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar məhkəmənin mövqeyi:

3. Masallı Rayon Məhkəməsində İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Masallı Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.

4. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

6. Bu səbəbdən məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İİİ. Əsaslandırıcı hissə: a. Mülki işin materialları:

7. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi Hyundai Sonata markalı, **-EC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi günlük 50 (əlli) manat ödəmək şərti ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək icarəyə verilmişdir. Cavabdeh isə pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüş, hazırda cavabdehin 2400 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də o, borcu ödəməmişdir.

8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçı təşkilata 2400 manat məbləğində borcu qalmışdır.

9. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b. Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli 12 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi Hyundai Sonata markalı, **-EC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi günlük 50 (əlli) manat ödənilməsi şərti ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müvəqqəti icarəyə verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəyəcəyi məbləği tam ödəməmişdir. c. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış icarə müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyır, iddiaçının isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır

12. İcarə haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.

13. Həmin Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən icarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi vardır.

14. Həmin Qanunun 7-ci maddəsinin 4-cü bəndinə əsasən icarəyə verilən əmlakın dəyəri faktik aşınma nəzərə alınmaqla bu əmlakın icarəyə verildiyi an ona qoyulan qiymət əsasında müqavilədə müəyyən edilir.

15. Həmin Qanunun 8-ci maddəsinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş əmlakın dəyərindən amortizasiya ayırmaları icarə haqqına daxil edilir. İcarəyə götürülmüş əmlakın təkrar istehsalını tamamilə icarəçi həyata keçirdikdə amortizasiya ayırmaları icarəyəverənə verilmir və yalnız icarəçiyə məxsus olur.

16. Azərbaycan Respublikasının İcarə haqqında Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur

17. Həmin Qanunun 2-ci bəndinə əsasən İcarəçinin icarəyə götürdüyü əmlakdan istifadə nəticəsində əldə etdiyi məhsul və gəlir, habelə icarəyə götürülmüş əmlakdan alınan gəlir hesabına əldə etdiyi əmlak onun mülkiyyətidir.

18. Həmin Qanunun 3-cü bəndinə əsasən əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyə verənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyə verən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. İcarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur

19. Göründüyü kimi, icarə obyektinə dair istifadə hüquqları icarə götürənə keçsə də, müqavilə müvəqqəti xarakter daşıyır, əmlak icarəyə verənin mülkiyyətində qalır.

20. Göstərilənləri nəzərə alaraq, cavabdeh icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Bu səbəbdən iddiaçı təşkilatın Cavabdeh xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 2400 manat borcu və 44 manat dövlət rüsumunu, cəmi 2444 manat məbləğində vəsaiti tələb etmək hüququ yaranmışdır. Ona görə də, iddia tələbi təmin olunmalıdır.

21. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 44 manat dövlət rüsumu ödənilmişdir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 2400 manat məbləğində borc və 44 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İV.Nəticə hissəsi:

24. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 2400 (iki min dörd yüz) manat məbləğində borc və 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar