Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3645/2024 17.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Elsevər Əkbərov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14577,93 manat əsas, 1558,36 manat faiz, cəmi 16136,29 manat pul vəsaitinin və 138,41 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, RGRR4020378B299 saylı kredit müqaviləsinə əsasən ona müddəti 48 ay, illik 17,5 faiz dərəcəsi ilə 16027 manat məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin 21 oktyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 14577.93 manat əsas, 1558.36 manat faiz, cəmi 16136.29 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bütün məhkəmə iclaslarına iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul edərək izahatında göstərdi ki, həqiqətən də İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 17,5 faiz dərəcəsi ilə 16027 manat məbləğində kredit verilmişdir. Həmin vaxt məktəbdə müəllim işlədiyi üçün kredit borcunu vaxtı-vaxtında ödəmişdir. Lakin, 2024-cü ilin aprel ayında işdən çıxarılmış və həmin vaxtdan borcunu ödəyə bilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, RGRR4020378B299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh 48 ay müddətinə, illik 17,5 faiz dərəcəsi ilə 16027 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit üzrə borclarını və hesablanacaq faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. 25 oktaybr 2024-cü il tarixli, 15/00641 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, RGRR4020378B299 saylı kredit müqaviləsinə əsasən 21 oktyabr 2024-cü il tarixinə 14577,93 manat əsas, 1558,36 manat faiz, cəmi 16136,29 manat borcu vardır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, xx.xx.2023-cü il tarixli, RGRR4020378B299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat 41 qəpik dövlət rüsumu cavabdehə aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 05 oktyabr 2023-cü il tarixli, RGRR4020378B299 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 14577,93 manat, faiz borcuna görə 1558,36 manat və dövlət rüsumuna görə 138,41 manat, cəmi 16274 (on altı min iki yüz yetmiş dörd) manat 70 qəpik məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-3645/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3645/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver