Məhkəmə qərarları › İş №e-2(050)-3786/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3786/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3786/2025 13.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı ASC Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Bank ilə Cavabdeh arasında (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş) “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2024-cü il tarixli, 504949-CNS-61204 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 18 faiz hesablanması şərti ilə 59 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2025-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 6915.33 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 504949-CNS-61204 saylı nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsindən müəyyən edilir ki, “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. İddiaçının tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2024-cü il tarixli, 504949-CNS-61204 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 6531.38 manat məbləğində əsas borc, 383.95 manat məbləğində faiz borcu, ümumilikdə 6915.33 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 89.15 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı məhkəməyə heç bir etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, lakin İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfin iştrakı olmadan işə mahiyyəti baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin xahişini nəzərə alıb, işə nümayəndənin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini, borc məbləğinə etiraz etmədiyini, maddi vəziyyəti ilə əlaqədar olaraq öhdəliyin icrasını gecikdirdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: “Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 504949-CNS-61204 saylı müqaviləyə əsasən Cavabdeh illik 18 faiz hesablanması şərti ilə 59 ay müddətində 7000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə əsas borca görə 6531.38 manat, faiz borcuna görə 383.95 manat, cərimə borcu 0 manat olmaqla, cəmi 6915.33 manat borcu yaranmışdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün 89.15 manat dövlət rüsumu ödəmişdir. Borcun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC Cavabdeh banka olan kredit borcunu vaxtında qaytarmadığı halda məhkəməyə müraciət ediləcəyini, yaranmış borcun və ona hesablanmış faiz və cərimələrin ödəməsi barədə məlumat verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur; 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir; 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir; 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3cü maddəsinə əsasən hesablanır; 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır; 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 740.6-cı maddəsinə əsasən borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır; 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir; 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir; 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir; 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz; 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür; 746.3-cü maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 746-5.2-ci maddəsinə əsasən istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. İşin faktiki hallarına əsasən iddiaçı Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 504949-CNS-61204 saylı müqaviləyə əsasən Cavabdeh illik 18 faiz hesablanması şərti ilə 59 ay müddətində 7000 manat məbləğində kredit verilmişdir. Borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə isə əsas borca görə 6531.38 manat, faiz borcuna görə 383.95 manat olmaqla, cəmi 6915.33 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında borc məbləği cavabdehin etirafedici izahatı ilə də təsdiq edilmişdir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89.15 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 6531.38 manat, faiz borcuna görə 383.95 manat olmaqla, cəmi 6915.33 manat və 89.15 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar