Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3799/2023 05.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra-QSC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı QSC-nin xeyrinə 13816.8 manat məbləğində kredit bоrcu, 1700.48 manat məbləğində faiz bоrcu və 577.53 manat məbləğində cərimə olmaqla, cəmi 16094.81 manat məbləğində bоrcun və ödənilmiş 138.28 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onula əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, taariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh 012A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı Əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamış, kredit bоrcundan 1183.2 manat ödəniş etmiş və оnun iddiaçıya 13816.8 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Kredit və faiz borcu kreditora qaytarılmadığı üçün xx.xx.2023-cü il tarixə 209 gün üçün hesablanmış faiz borcu 1700.48 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 209 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 577.53 manat təşkil edir. İddiaçı tələbinin hüquqi əsas kimi müqaviləyə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2-ci maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, göstərdi ki, götürdüyü kreditə görə İddiaçı QSC-yə 13816.8 manat əsas və 1700.48 manat faiz borcu var. Lakin cərimə borcu həddindən artıq hesablanmışdır. Kreditin vaxtlı-vaxtında ödənilməməsinə səbəb maddi imkanının olmaması olmuşdur. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə mülki işin məhkəmə aidiyyəti məsələsinə münasibətdə bildirir ki, cavabdeh vergi ödəyicisi olsada, müqavilədən görünür ki, kredit istehlak məqsədi ilə verilmişdir. Bu səbəbdən işə ümumi məhkəmədə baxılmışdır. İşin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları bildirir: xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ilə İddiaçı QSC-nin internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Ərizəyə əsasən Cavabdeh 012A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı Əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına müqaviləyə əsasən mədaxil edilmiş 15000 manat məbləğində kredit məxaric edidlmişdir. Maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən alınmış kreditə görə xx.xx.2023cü il tarixə onun 13816.8 manat kredit bоrcu, 1700.48 manat faiz bоrcu və 577.53 manat cərimə olmaqla, cəmi 16094.81 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh xəbərdarlıq edilməklə Banka olan kredit borclarını qaytarmadığı halda müqaviləyə xitam verilməsi və yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı QSC məhkəmədə iddia qaldırmaq üçün 138.28 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq əsas kredit və faiz borcunu müəyyənləşdirilmiş qaydada ödəməli olduğu halda bunu yerinə yetirməmişdir. İddia ərizəsinin cərimə tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, müqavilə bağlanan anda dəbbə pulunun miqdarının tənasüblü şəkildə, kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirildiyi barədə müqavilə şərti məhkəmə tərəfindən mübahisəyə baxarkən Mülki Məcəllənin 467-ci maddəsinə əsasən dəbbə pulunun azaldılmasını istisna edə bilməz. İlk növbədə ona görə ki, tərəflər müqavilə bağlayarkən borclunun gələcək əmlak vəziyyətini qabaqcadan müəyyən edə bilməzdilər. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsi dispozitiv norma olmamaqla, onun tətbiqi müqavilə şərtindən asılı deyildir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Hazırkı işlə bağlı məhkəmə cavabdehin üzərinə düşən öhdəliyi müəyyən qədər olsada yerinə yetirməsini, kreditorun və borclunun əmlak və digər mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi dəbbə pulu hissəsində qismən təmin olunmaqla 57.75 manat hissədə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 138.28 manat dövlət rüsumunun 136.72 manatı cavabdehdən tutulmalı, 1.56 manatı isə iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Əsas borc üzrə 13816.8 manat, faiz borcu üzrə 1700.48 manat, cərimə borcu üzrə 57.75 manat olmaqla, cəmi 15575.03 manat pul Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 136.72 manat pul Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-3799/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3799/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver