Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3834/2025 14.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 15121.97 manat məbləğində kredit bоrcu, 1280.99 manat məbləğində faiz bоrcu və 298.52 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 16701.48 manat məbləğində bоrcun və ödənilmiş 140.1 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh2 aylıq faiz dərəcəsi 1.5833 % оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18500 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2025ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3378.03 manat ödəniş etmiş və оnun iddiaçıya 15121.97 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. O, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 141 gün üçün hesablanmış faiz borcu 1280.99 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 141 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 298.52 manat təşkil edir. İddiaçı QSC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qənul edilməsini xahiş etmişdir. Cavabdehin mövqeyi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək bildirmişdir ki, onun banka borcu vardır. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. İddianın təmin edilməsinə etiraz etmir. Borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan: xx.xx.2024-cü il tarixli Cavabdeh2 İddiaçı QSC-yə təqdim etdiyi ərizədən görünür ki, əsasən, o, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1.5833 % оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18500 manat məbləğində kredit götürmüşdür. xx.xx.2024-cü il tarixli 008G**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1 bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bildiriş göndərilməklə banka olan kredit borcunu qaytarmadığı halda yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli 008A********** nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə İddiaçı QSC-yə 15121.97 manat məbləğində kredit bоrcu, 1280.99 manat məbləğində faiz bоrcu və 298.52 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 16701.48 manat məbləğində borcu vardır. Ödəniş qəbzindən görünür ki, İddiaçı QSC məhkəmədə iddia qaldırılması üçün 140.1 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Əsaslandırıcı hissə: İşin faktiki halları və iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 008A********** nömrəli kredit müqaviləsi əsasında Cavabdeh2 aylıq faiz dərəcəsi 1.5833 % оlmaqla 48 ay müddətinə 18500 manat məbləğində kredit verilmiş, həmin kreditin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Borclular kredit öhdəliyini layiqincə yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1.,470.2. və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh2 üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq, müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, müqavilə öhdəliklərinin şərtlərini pozmuşdur. Ona görə də Cavabdeh2 ilə yanaşı zamin Cavabdeh1nın da mülki hüquqi məsuliyyət yaranmışdır. Cavabdeh2 özü də iddia tələbini qəbul etmiş, hər hansı etiraz bildirməmişdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 15121.97 manat məbləğində kredit bоrcu, 1280.99 manat məbləğində faiz bоrcu və 298.52 manat məbləğində cərimə olmaqla, ümumilikdə 16701.48 manat məbləğində bоrc və dövlət rüsumu kimi ödənilmiş 140.1 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-3834/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3834/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver