Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3848/2024 27.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 Zəkəriyyə oğluna və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi borcu 22.813,96 manat - bundan 11.985,27 manat əsas, 5.957,20 manat faiz, 3.219,79 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.651,70 manat faiz borcu və iş üzrə ödənilmiş 158,44 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq aşağıda qeyd olunanlara əsasən hesab edir ki, mülki işin icraatına Cavabdeh2 münasibətdə xitam verilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İddia ərizəsindən görünür ki, LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi Cavabdeh2 iddia ərizəsi məhkəməyə daxil olmazdan əvvəl, xx.xx.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh2 öldüyündən mülki iş üzrə icraata sonuncuya münasibətdə hissəvi xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 Zəkəriyyə oğluna və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata Cavabdeh2 münasibətdə hissəvi xitam verilsin. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə verilə bilər. Hakim: Ellara Abbasova Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı Rayon Məhkəməsi İş№2(050)-3848/2024 27 dekabr 2024-cü il Masallı şəhəri Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 Zəkəriyyə oğluna və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* №-li 12 noyabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 13.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında 400005956/ZM saylı 12 noyabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 12 noyabr 2014-cü il tarixli ********* №-li kredit müqaviləsinə 09 aprel 2015-ci il tarixdə R-166 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 12.324,23 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi təyin edilir. Əlavə Sazişə əsasən Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra 12 noyabr 2014-cü il tarixli ********* №-li kredit müqaviləsinə 12 fevral 2016-cı il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 11.529,54 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin Kredit müqaviləsinə 12 yanvar 2017-ci il tarixdə 70275670-31 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 12.014,92 ABŞ dolları əsas borc, 100,12 ABŞ dolları faiz borcu ilə birlikdə, cəmi 12.115,04 ABŞ dolları təşkil edən qalığı konvertasiya edilməklə 16.961,56 Manat təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-H-41-2516/2024 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 22.813,96 manat təşkil edir. Bundan 11.985,27 manat əsas, 5.957,20 manat faiz, 3.219,79 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.651,70 manat faiz borcu təşkil edir. İddiaçının tələbi: Cəmi borcu 22.813,96 manat - bundan 11.985,27 manat əsas, 5.957,20 manat faiz, 3.219,79 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.651,70 manat faiz borcu və iş üzrə ödənilmiş 158,44 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə çıxarılmış məhkəmə aktı: Masallı Rayon Məhkəməsinin e-2(050)-3848/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata Cavabdeh2 münasibətdə hissəvi xitam verilmişdir. Tərəflərin mövqeyi: İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək iddia müddəti tətbiq edilməklə ona münasibətdə ərizənin rədd edilməsini xahiş etdi. Digər Cavabdeh3 Zəkəriyyə oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Lakin məhkəmənin hazırlıq iclasında izahat verərərk iddia müddətinin tətbiq edilməklə iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* №-li 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 13.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında 400005956/ZM saylı 12 noyabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan sənədlərdən görünür ki, 12 noyabr 2014-cü il tarixli ********* №-li kredit müqaviləsinə 12 fevral 2016-cı il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 11.529,54 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılır. İşdə olan sənədlərdən görünür ki, 12 yanvar 2017-ci il tarixdə 70275670-31 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 12.014,92 ABŞ dolları əsas borc, 100,12 ABŞ dolları faiz borcu ilə birlikdə, cəmi 12.115,04 ABŞ dolları təşkil edən qalığı konvertasiya edilməklə 16.961,56 Manat təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. 09 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka olan borcu 11985 manat əsas, 5957,20 manat faiz 3.219,79 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.651,70 manat faiz borcu, cəmi 22813,96 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 158,44 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur; 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir; 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir; 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3cü maddəsinə əsasən hesablanır; 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır; 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 740.6-cı maddəsinə əsasən borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır; 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir; 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir; 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir; 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz; 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür; 746.3-cü maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 746-5.2-ci maddəsinə əsasən istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 472.1-ci maddəsinə əsasə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 4№-li Plenum Qərarının 10-cu maddəsində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Beləliklə işdə olan sübutlarla müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* №-li 12 noyabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 13.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra həmin kredit müqaviləsi üzrə əlavə sazişlər bağlanmış, sonuncu-12 yanvar 2017-ci il tarixdə bağlanmış 70275670-31 nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 12.014,92 ABŞ dolları əsas borc, 100,12 ABŞ dolları faiz borcu ilə birlikdə, cəmi 12.115,04 ABŞ dolları təşkil edən qalığı konvertasiya edilməklə 16.961,56 Manat təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmış, kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 faiz ödənilmiş, Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilə üzrə öhdəliklər icra edilmədiyindən hazırda xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 22.813,96 manat təşkil edir. Bundan 11.985,27 manat əsas, 5.957,20 manat faiz, 3.219,79 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.651,70 manat faiz borcu təşkil edir. Məhkəmə tərəfindən işin halları araşdırılarkən əsas borclu Cavabdeh2 xx.xx.2019cu il tarixdə vəfat etməsi müəyyən edilmiş və Masallı Rayon Məhkəməsinin e-2(050)- 3848/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata Cavabdeh2 münasibətdə hissəvi xitam verilmişdir. Məhkəmə digər cavabdehlər Cavabdeh3 Zəkəriyyə oğluna və Cavabdeh1 münasibətdə qeyd edir ki, öhdəlikləri zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin kreditor olaraq iddiaçı xx.xx.2023-cü il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh3 Zəkəriyyə oğluna və Cavabdeh1 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 Zəkəriyyə oğluna və Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır, rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 158,44 (bir yüz əlli səkkiz manat 44 qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 Zəkəriyyə oğluna və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-3848/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3848/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver