Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-4190/2025 26.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5437 manat əsas, 932,26 manat faiz, 87,18 manat cərimə, cəmi 6456,44 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 84,97 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 24 noyabr 2022-ci il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı 28 dekabr 2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş və bununla da həmin şərtlərlə müqavilə bağlamış hesab edilmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq SMS vasitəsi ilə razılaşdırılmış, 05 fevral 2028-ci il tarixədək, illik 27 % olmaqla istehlak məqsədləri üçün 7400 manat nağd kredit (komissiya 301 manat, aylıq ödəniş hər ayın 6-ı 226 manat) məbləği iddiaçı tərəfindən 06 fevral 2023-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit № 11204nkXRDb/22). Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən Müştəri“ kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: Sübutların siyahısı: hazırki iddia tələbinin əsası olaraq iddiaçı Ümumi Ofertaya, ümumi ofertanın təsdiqi barədə ərizəyə, kredit məbləğinin, faizinin, müddətinin razılaşdırılması barədə smsin mətninə, borcun tam qaytarılması üçün cavabdehə göndərilmiş, bildiriş və onun çatdırılmasına dair poçt qəbzinə, cavabdehin şəxsiyyətini təsdiq edən sənədə, maliyyə arayışına, dövlət rüsumun ödənilməsini təsdiq edən sənədə istinad edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflərin izahatları:
3. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, 22 dekabr 2025-ci il tarixdə nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək hazırlıq və baxış iclaslarının iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
5. Məhkəmə işə iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, balaca uşağı xəstədir və ürək əməliyyatı olunmalıdır. Maddi imkanı olmadığı üçün 6-7 aydır ki, krediti ödəyə bilmir. Həmin müqavilə üzrə ödənişlərini vaxtı-vaxtında ödəsə də, sonradan ödəniş edə bilməmişdir. Kredit üzrə əsas borcu qəbul edir, lakin faizin cə cərimənin azaldılmasını istəyir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etmişdir.
İş materialları:
7. "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2023cü il tarixli, 11204nkXRDb/22 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 05 fevral 2028-ci il tarixədək, illik 27 % olmaqla istehlak məqsədləri üçün 7400 manat nağd kredit verilmişdir.
8. 10 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə 10 dekabr 2025-ci il tarixə 5437 manat əsas, 932,26 manat faiz, 87,18 manat cərimə, cəmi 6456,44 manat borcu vardır.
9. "xxxx" Kommersiya Bankı ASC-nin 25 sentyabr 2025-ci il tarixli bildirişdən görünür ki, bank ilə borclu arasında bağlanmış 06 fevral 2023-cü il tarixli, 11204nkXRDb/22 saylı kredit müqaviləsinə əsasən öhdəlikləri yerinə yetirmədiyi üçün borclunun banka 25 sentyabr 2025-ci il tarixinə 5437 manat əsas borcu, 625,51 manat faiz borcu, 33,67 manat cərimə, cəmi 6096,18 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi borcluya təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.
10. 10 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 84,97 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları:
11. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında 06 fevral 2023-cü il tarixli, 11204nkXRDb/22 saylı kredit müqaviləsi bağlanmışdır. "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh 7400 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd olunan məbləği kredit müqaviləsində göstərilən 05 fevral 2028-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
15. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri ödəməlidir.
16. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı “X1” ASC ilə bağladığı 06 fevral 2023-cü il tarixli, 11204nkXRDb/22 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir.
18. Belə ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2023-cü il tarixli, 11204nkXRDb/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 05 fevral 2028-ci il tarixədək illik 27 % ödəmək şərtilə 7400 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
19. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər.
20. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə artıq hesablanmışdır.
21. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, 008A********** saylı kredit müqaviləsi üzrə 5437 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 87,18 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 10 manat müəyyən edilməlidir.
22. Məhkəmə yuxarıda qeyd edilən plenum qərarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdehin 10 dekabr 2025-ci il tarixli maliyyə arayışına əsasən 5437 manat əsas, 932,26 manat faiz, 87,18 manat cərimə, cəmi 6456,44 manat, 25 sentyabr 2025-ci il tarixli bildirişə əsasən 5437 manat əsas borc, 625,51 manat faiz borcu, 33,67 manat cərimə, cəmi 6096,18 manat borcunun olduğu qeyd edilmişdir. İddiaçı 25 sentyabr 2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. Bu səbəbdən məhkəmə cavabdehin mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 5437 manat əsas borc və 625,51 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmə xərcləri:
24. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 84,97 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 6072,51 manat tutulduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80,73 (səksən manat yetmiş üç qəpik) manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 4,24 (dörd manat iyirmi dörd qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
25. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5437 manat əsas borc, 625,51 manat faiz borcu, 10 manat cərimə, cəmi 6072,51 (altı min yetmiş iki manat əlli bir qəpik) manat məbləğində pul və ödənilmiş 80,73 manat dövlət rüsumu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 4,24 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.
26. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 5437 manat əsas borc, 625,51 manat faiz borcu, 10 manat cərimə, cəmi 6072,51 (altı min yetmiş iki manat əlli bir qəpik) manat məbləğində pul və ödənilmiş 80,73 (səksən manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Məhkəmə xərcləri 4,24 (dörd manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov