Məhkəmə qərarları › İş №e-2(050)-4283/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-4283/2025

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-4283/2025 02.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcun qaytarılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 23313,62 (iyirmi üç min üç yüz on üç manat altmış iki qəpik) manat, bundan 11985,27 (on bir min doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat əsas, 5957,20 (beş min doqquz yüz əlli yeddi manat iyirmi qəpik) manat faiz, 3219, 79 (üç min iki yüz on doqquz manat yetmiş doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2151,36 (iki min yüz əlli bir manat otuz altı qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 159,94 (yüz əlli doqquz manat doxsan dörd qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Həsənov Adəm Əziz oğlu arasında bağlanmış ********* №-li 12 noyabr 2014cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 13000 (on üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Həsənov Adəm Əziz oğluna kredit verilərkən X4 ilə Bank arasında 400005956/ZM saylı 12 noyabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də, daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 12 noyabr 2014-cü il tarixli ********* №-li kredit müqaviləsinə 09 aprel 2015-ci il tarixdə R-166 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 12324,23 (on iki min üç yüz iyirmi dörd dollar iyirmi üç sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 07 avqust 2020-ci il tarixinə kimi təyin edilir. Əlavə Sazişə əsasən X4 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra 12 noyabr 2014-cü il tarixli ********* №-li kredit müqaviləsinə 12 fevral 2016-cı il tarixdə 02 nömrəli əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 11529,54 (on bir min beş yüz iyirmi doqquz dollar əllid dörd sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən 12 aprel 2022-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) faiz ödənilir. Əlavə Sazişə əsasən X4 və X12 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin Kredit müqaviləsinə 12 yanvar 2017-ci il tarixdə 70275670- 31 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 12014,92 (on iki min on dörd dollar doxsan iki sent) ABŞ dolları əsas borc, 100,12 (bir yüz ABŞ dolları 12 sent) ABŞ dolları faiz borcu ilə birlikdə, cəmi 12115,04 (on iki min bir yüz on beş dollar dörd sent) ABŞ dolları təşkil edən qalığı konvertasiya edilməklə (1 (bir) USD = 1,4 AZN) 16961,56 (on altı min doqquz yüz altmış bir manat əlli altı qəpik) manat təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən 12 yanvar 2022-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) faiz ödənilir. Əlavə Sazişə əsasən X4 və X12 ilə zaminlik müqaviləsi bağlanılır. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə borclulara dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, onlar, borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, borclular həmin müqavilə üzrə üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Məlumat üçün bildirirlər ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Həsənov Adəm Əziz oğlu, X4 və X7 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ilkin olaraq 15 noyabr 2024-cü il tarixli, 12-5/2-4135/2025 nömrəli iddia ərizəsi ilə Masallı Rayon məhkəməsinə müraciət edilmişdir. Masallı Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, e-2(050)-3848/2024 saylı qətnaməsinə əsasən X4 və X7 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi zaminlərə münasibətdə bir illik müddət tətbiq edilərək rədd edilmişdir. Cavabdeh Həsənov Adəm Əziz oğlu 02 oktyabr 2019-cu il tarixdə vəfat etdiyi üçün Masallı Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, e-2(050)-3848/2024 saylı qərardadı ilə iddia ərizəsinə dair mülki iş üzrə Həsənov Adəm Əziz oğluna münasibətdə hissəvi xitam vermişdir. Bundan sonra bank tərəfindən yaranmış zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr baş İdarəsinə 02 oktyabr 2019-cu il tarixdə vəfat etmiş Həsənov Adəm Əziz oğlundan miras qalmış əmlaka dair mirası qəbul etmiş vərəsələr barədə məlumatın və vərəsəlik şəhadətnaməsinin surətinin təqdim olunması barədə müraciət olunmuşdur. Müraciətə cavab olaraq bildirilmişdir ki, Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Həsənov Adəm Əziz oğlunun adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkarlanmamışdır. Sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə Həsənov Adəm Əziz oğlunun adına daşınmaz əmlakın olub olmaması barədə sorğu verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsindən daxil olmuş cavab məktubunda bildirilmişdir ki, 19 dekabr 1963-cü il təvəllüdlü X10 adına Masallı rayonu, Xoşçobanlı y/m kəndində yerləşən ümumibirgə mülkiyyətində olan 0.08 ha həyətyanı və 1.2464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır”. Daha sonra Masallı rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə mərhum Həsənov Adəm Əziz oğlunun mülkiyyətində olan Masallı rayonu, Xoşçobanlı y/m kəndində yerləşən ümumbirgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kimlərin (şəxs və ya şəxslərin dairəsinə dair məlumatlar, onların şəxsiyyət vəsiqələrinin surətləri) istifadəsində olduğuna dair müvafiq məlumatların əldə edilməsi üçün sorğu verilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş cavabda müəyyən edilmişdir ki, Həsənov Adəm Əziz oğlunun mülkiyyətində olan Masallı rayonu, Xoşçobanlı kəndində yerləşən ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hazırki dövrdə mərhumun həyat yoldaşı Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Yuxarıda qeyd olunanlara əsasən, hal-hazırda cavabdeh qismində Cavabdeh çıxış edir. Borcun ödənilməsi barədə cavabdehə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, sonuncu tərəfindən borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. 31 iyul 2025-ci il tarixə cavabdeh Həsənov Adəm Əziz oğlunun kredit üzrə cəmi borcu 23313,62 (iyirmi üç min üç yüz on üç manat altmış iki qəpik) manat təşkil edir. Bundan 11985,27 (on bir min doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat əsas, 5957,20 (beş min doqquz yüz əlli yeddi manat iyirmi qəpik) manat faiz, 3219,79 (üç min iki yüz on doqquz manat yetmiş doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2151,36 (iki min yüz əlli bir manat otuz altı qəpik) manat faiz borcu təşkil edir.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, maddi cəhətdən imkanı olmadığından qeyd olunan borcu qəbul etmir. Özü tək qalır, iki oğlu və iki qızı ailə qurub və ayrı yaşayırlar. Özü 220 manat sosial müavinat alır, həmin pul da, dərman pulu və kommunal xərclərə sərf edirəm. Ona görə banka pul ödəyə bilməz. Bu səbəbdən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

İş materialları:

5. İddiaçı ASC ilə Həsənov Adəm Əziz oğlu arasında bağlanmış 12 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Həsənov Adəm Əziz oğluna 48 ay müddətinə illik 40 % dərəcəsi ilə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həsənov Adəm Əziz oğlu həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

6. İddiaçı ASC ilə Həsənov Adəm Əziz oğlu arasında bağlanmış 12 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 12-14 tarixində 48 ay müddətində hər ay 395,63 ABŞ dolları, sonuncu ay 395,39 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürmüşdür.

7. İddiaçı ASC ilə Həsənov Adəm Əziz oğlu arasında bağlanmış 12 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsinə 09 aprel 2015-ci il tarixli, R-166 saylı əlavə sazişə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi 12324,23 (on iki min üç yüz iyirmi dörd dollar iyirmi üç sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 07 avqust 2020-ci il tarixinədək uzadılmışdır.

8. İddiaçı ASC ilə Həsənov Adəm Əziz oğlu arasında bağlanmış 12 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsinə 12 fevral 2016-cı il tarixli, 02 saylı əlavə sazişə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi 11529,54 (on bir min beş yüz iyirmi doqquz dollar əlli dörd sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 12 aprel 2022-ci il tarixinədək uzadılmışdır. Əlavə Saziş imzalandığı tarixdən etibarən kredit illik 10% ödənilir.

9. İddiaçı ASC ilə Həsənov Adəm Əziz oğlu arasında bağlanmış 12 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsinə 12 yanvar 2017-ci il tarixli, 70275670-31 saylı əlavə sazişə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi 12014,92 (on iki min on dörd dollar doxsan iki sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 12 yanvar 2022-ci il tarixinədək uzadılmışdır. Əlavə Saziş imzalandığı tarixdən etibarən kredit illik 15% ödənilir.

10. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Həsənov Adəm Əziz oğlunun vərəsəsi Cavabdeh ünvanlanmış 05 sentyabr 2025-ci il tarixli bildirişdən görünür ki, Həsənov Adəm Əziz oğlunun banka 11985,27 ABŞ dolları əsas, 5957,2 ABŞ dolları faiz, 3219,79 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 2207,8 ABŞ dolları faiz, cəmi 23370,06 ABŞ dolları borcu qalmışdır. Tələb edilən 23370,06 ABŞ dolları borcun 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

11. Masallı Rayon Məhkəməsinin e-2(050)-3848/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Həsənov Adəm Əziz oğluna, X1 və X7 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata Həsənov Adəm Əziz oğluna münasibətdə hissəvi xitam verilmişdir.

12. Masallı Rayon Məhkəməsinin e-2(050)-3848/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X1 və X7 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi rədd edilmişdir.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin 15 may 2025-ci il tarixli məktubundan görünür ki, 19 dekabr 1963-cü il təvəllüdlü Həsənov Adəm Əziz oğlunun adına Masallı rayonu, Xoşçobanlı y/m kəndində yerləşən ümüm birgə mükiyyətdə olan 0.08 ha həyətyanı və 1.2464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır.

14. Masallı rayon İcra hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 iyul 2025-ci il tarixli məktubundan görünür ki, mərhum Həsənov Adəm Əziz oğlunun mülkiyyətində olan Masallı rayonu, Xoşçobanlı kəndində yerləşən ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hazırda həyat yoldaşı Cavabdeh istifadə edir.

15. AZ-İİ seriyalı 023253 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Adəm Əziz oğlu 02 oktyabr 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 oktyabr 2019-cu il tarixdə 32 nömrə ilə qeyd edilmişdir.

16. Məhkəmənin sorğusuna cavab olaraq Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında akt qeydindən görünür ki, Həsənov Adəm Əziz oğlu ilə X2 arasında 04 oktyabr 1982-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir.

17. Məhkəmənin sorğusuna cavab olaraq Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Həsənov Adəm Əziz oğluna aid 02 oktyabr 2019-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: arvadı Cavabdeh, oğlu X14, oğlu X5, qızı X15 və qızı X8.

18. Məhkəmənin sorğusuna cavab olaraq Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 23 yanvar 2026-cı il tarixli məktubdan görünür ki, 02 oktyabr 2019-cu il tarixdə vəfat etmiş Həsənov Adəm Əziz oğlunun adına vərəsəlik işi aşkar edilməmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilməmişdir.

19. 01 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Həsənov Adəm Əziz oğlunun 12 yanvar 2017-ci tarixli KM033T01170019S01 nömrəli kredit müqaviləsi üzrə 31 iyul 2025-ci il tarixə banka 11985,27 (on bir min doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat əsas, 5957,20 (beş min doqquz yüz əlli yeddi manat iyirmi qəpik) manat faiz, 3219,79 (üç min iki yüz on doqquz manat yetmiş doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2151,36 (iki min yüz əlli bir manat otuz altı qəpik) manat faiz, cəmi 23313,62 (iyirmi üç min üç yüz on üç manat altmış iki qəpik) manat borcu vardır.

20. Azərbaycan Respublikasının Mərkəzi Bankına problemli kreditləri kompensasiyası ilə bağlı internet portalına sorğu göndərilmiş və sorğuya cavab olaraq əldə edilmiş məlumatlardan görünür ki, Həsənov Adəm Əziz oğlunun İddiaçı ASC-nə olan borcu restrukturizasiya olunmamışdır.

21. 15 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 159,94 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

22. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Həsənov Adəm Əziz oğlu arasında bağlanmış 12 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Həsənov Adəm Əziz oğluna 48 ay müddətinə illik 40 % dərəcəsi ilə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla X3 və X12 arasında 12 noyabr 2014-cü tarixli zaminlik müqaviləsi bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün borcalanla birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. 09 aprel 2015-ci il tarixli, R-166 saylı əlavə sazişə əsasən borc öhdəliyi 12324,23 (on iki min üç yüz iyirmi dörd dollar iyirmi üç sent) ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti 07 avqust 2020-ci il tarixinədək uzadılmışdır. 12 fevral 2016-cı il tarixli, 02 saylı əlavə sazişə əsasən borc öhdəliyi 11529,54 (on bir min beş yüz iyirmi doqquz dollar əlli dörd sent) ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti 12 aprel 2022-ci il tarixinədək uzadılmışdır. 12 yanvar 2017-ci il tarixli, 70275670-31 saylı əlavə sazişə əsasən borc öhdəliyi 12014,92 (on iki min on dörd dollar doxsan iki sent) ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti 12 yanvar 2022-ci il tarixinədək uzadılmışdır. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Bankın bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Həsənov Adəm Əziz oğlu, X4 və X7 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon məhkəməsinə müraciət edilmişdir. Masallı Rayon Məhkəməsinin e-2(050)-3848/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsinə əsasən X4 və X7 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia tələbi zaminlərə münasibətdə bir illik müddət tətbiq edilərək rədd edilmişdir. Cavabdeh Həsənov Adəm Əziz oğlu 02 oktyabr 2019-cu il tarixdə vəfat etdiyi üçün Masallı Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, e-2(050)-3848/2024 saylı qərardadı ilə iddia ərizəsinə dair mülki iş üzrə Həsənov Adəm Əziz oğluna münasibətdə hissəvi xitam vermişdir. Hazırda iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Həsənov Adəm Əziz oğlunun vərəsəsi (arvadı) Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

24. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi 4 iyun 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenumunun Qərarı: Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da, qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

27. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Həsənov Adəm Əziz oğlu müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc və ona hesablanmış faizlər ödənilməlidir.

28. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Həsənov Adəm Əziz oğlu arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği müqavilə üzrə borclu Həsənov Adəm Əziz oğluna versə də, sonuncu öz öhdəliklərinə əməl etmədən vəfat etmişdir. Cavabdeh borcalanın qanun üzrə vərəsəsi olduğundan borcalanın miras əmlakı ilə birlikdə borclunun öhdəlikləri üzrə də, məsuliyyət daşıyır.

29. Belə ki, İddiaçı ASC ilə Həsənov Adəm Əziz oğlu arasında bağlanmış 12 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 40 faiz dərəcəsi ilə 13000 ABŞ dolları kredit verilmişdir. Lakin borclu Həsənov Adəm Əziz oğlu banka olan borcunu tam ödəmədən vəfat etmişdir. Həsənov Adəm Əziz oğlunun vərəsəsi arvadı Cavabdeh miras əmlakı faktiki qəbul edən vərəsəsi olduğundan borcalanın banka olan borcunu ödəməlidir.

30. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar.

31. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar.

32. Həmçinin qanunvericiliyə əsasən borclu öldüyü halda kreditorun vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Göründüyü kimi iddia tələbində borcludan 11985,27 (on bir min doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat əsas, 5957,20 (beş min doqquz yüz əlli yeddi manat iyirmi qəpik) manat faiz, 3219, 79 (üç min iki yüz on doqquz manat yetmiş doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2151,36 (iki min yüz əlli bir manat otuz altı qəpik) manat faiz borcu, cəmi 23313,62 (iyirmi üç min üç yüz on üç manat altmış iki qəpik) manat məbləğində borcun tutulması xahiş edilir. Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 23 yanvar 2026-cı il tarixli məktuba əsasən 02 oktyabr 2019-cu il tarixdə vəfat etmiş Həsənov Adəm Əziz oğlunun adına vərəsəlik işi aşkar edilməmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin 15 may 2025-ci il tarixli məktubuna görə 19 dekabr 1963-cü il təvəllüdlü Həsənov Adəm Əziz oğlunun adına Masallı rayonu, Xoşçobanlı y/m kəndində yerləşən ümümbirgə milkiyyətdə olan 0.08 ha həyətyanı və 1.2464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Masallı rayon İcra hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 iyul 2025-ci il tarixli məktubuna əsasən mərhum Həsənov Adəm Əziz oğlunun mülkiyyətində olan Masallı rayonu, Xoşçobanlı kəndində yerləşən ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hazırda həyat yoldaşı Cavabdeh istifadə edir.

33. Məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehin qəbul etdiyi miras əmlakın dəyərini müəyyən etmək məqsədi ilə qiymətləndirmə təyin edilməsinə lüzum görməmişdir. Belə ki, Həsənov Adəm Əziz oğlundan qalmış miras əmlakların dəyəri açıqaşkar iddia tələbindən dəfələrlə çoxdur. Odur ki, qiymətləndirmənin keçirilməsi işin lüzumsuz uzadılmasına gətirib çıxardar və prosessual qənaət prinsipinə ziddir.

34. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən mirası qəbul etmiş vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də, qəbul etmiş olurlar. Cavabdeh özü də, bildirmişdir ki, miras əmlak olan evdə tək yaşayır, uşaqları ailə qurub köçmüşlər və mirası faktiki olaraq özü qəbul etmişdir.

35. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər.

36. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcədə artıq hesablanmışdır.

37. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 11985,27 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 3219,79 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 100 manat müəyyən edilməlidir.

38. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 11985,27 (on bir min doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat əsas borc, 5957,20 (beş min doqquz yüz əlli yeddi manat iyirmi qəpik) manat faiz borcu, 100 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2151,36 (iki min yüz əlli bir manat otuz altı qəpik) manat faiz borcu, cəmi 20193,83 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

40. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 159,94 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 20193,83 manat tutulduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150,58 manat pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 9,36 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

41. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11985,27 (on bir min doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat əsas borc, 5957,20 (beş min doqquz yüz əlli yeddi manat iyirmi qəpik) manat faiz borcu, 100 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2151,36 (iki min yüz əlli bir manat otuz altı qəpik) manat faiz borcu, cəmi 20193,83 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150,58 manat məbləğində pul iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 9,36 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

42. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11985,27 (on bir min doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat əsas borc, 5957,20 (beş min doqquz yüz əlli yeddi manat iyirmi qəpik) manat faiz borcu, 100 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2151,36 (iki min yüz əlli bir manat otuz altı qəpik) manat faiz borcu, cəmi 20193,83 (iyirmi min yüz doxsan üç manat səksən üç qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150,58 (bir yüz əlli manat əlli səkkiz qəpik) manat məbləğində pul iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri 9,36 (doqquz mnat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar