Məhkəmə qərarları › İş №e-2(050)-43/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-43/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-43/2024 14.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək tərəflər arasında bağlanmış 15 mart 2021-ci il tariхli, 2021/00057-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi; Cavabdeh kreditin əsas borcu üzrə 10949.46 manat məbləğində qalıq, ona hesablanmış 3633.25 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 15582.71 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 136.75 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 70 000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 10949.46 manat məbləğində qalıq, ona hesablanmış 3633.25 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 15582.71 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 136.75 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 14 fevral 2024-cü il tarixli, 2(050)-43/2024 saylı qərardadı ilə tələbin ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissəsi üzrə icraata xitam verilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tariхli, 2021/00057-01 №-li İstehlak Krеditi Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 15000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 15 mart 2021-ci il tariхli, 2021/00057-01 İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixində qeydə alınmış və buna dair müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 70000 manat müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixinə kreditin əsas borcu üzrə 10949.46 manat məbləğində qalıq, ona hesablanmış 3633.25 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 15582.71 manat məbləğində borcu yaranmışdır. İddiaçı BOKT ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, lakin İddiaçı BOKT ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfin iştrakı olmadan işə mahiyyəti baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin xahişini nəzərə alıb, işə nümayəndənin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan aşağıda göstərilən sübutları tədqiq etmişdir: İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tariхli, 2021/00057-01 №-li istehlak krediti müqaviləsinin məzmunundan müəyyən olunur ki, kreditor borcluya 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 15000 manat məbləğində krеdit vеrmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC Cavabdeh hesabına 15000 manat pul köçürmüşdür. Borc haqqında arayışdan görünür ki, Cavabdeh "xxxx" BOKT ASC-nə xx.xx.2023-cü il tarixə 10949,46 AZN əsas; 3633,25 AZN faiz; 1000 cərimə, cəmi 15582,71 AZN borcu yaranmışdır. İddiaçı Bank olmayan Kredit X2 Cəmiyyəti- və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00057-01İP nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, 15 mart 2021-ci il tariхli, 2021/00057-01 №-li istehlak krediti müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 70000 manata qiymətləndirilən ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzil Cavabdeh adına xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 234 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzil İddiaçı Bank olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixdə, ********** nömrə ilə ipoteka ilə yüklü edilmişdir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 234 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır; İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin borcalan və ipoteka qoyan Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişin məzmunundan görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzil üzərində tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; Ödəniş qəbzindən görünür ki, İddiaçı BOKT ASC məhkəmədə iddia qaldırılması üçün 167,41 manat dövlət rüsumu ödəmişdir. Məzilin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilin likvid dəyəri 61000 manat, bazar dəyəri 72000 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9457 №-li rəyindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tariхli, 2021/00057-01 №-li kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə banka 10949,46 manat əsas, 3633,42 manat faiz borcu qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respubikası Mülki Məcəllənin 317.1. 317.2.-ci maddələrinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respubikası Mülki Məcəllənin 319.1. və 319.4.-cü maddələrinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2. və 421.3-cü maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2. maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 465.1.-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1.-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 41.1-41.2-ci maddələrinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, əsas kredit müqaviləsi üzrə borclu Cavabdeh üçün müqavilə öhdəlikləri əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Kredit müqaviləsi üzrə ödəniş müddəti ötməsinə baxmayaraq, o, öhdəliklərini layiqincə icra etməmişdir. Belə olan halda iddiaçı tərəfin müqavilə öhdəliyinin davam etməsinə marağı itmişdir, müqavilə öhdəliklərindən birtəfəli qaydada imtina etməklə müqavilənin ləğv olunmasını və borc məbləğlərini tələb etməklə, tələbin ipoteka ilə yüklü olunmuş əmlaka yönəldilməsini və hərracda satılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə ödənilməli olan borc məbləğinin həcmini müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9457 №-li rəyindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tariхli, 2021/00057-01 №-li kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə banka 10949,46 manat əsas, 3633,42 manat faiz borcu qalmışdır. Faiz borcu hissəsədə iddia tələbi 3633,25 manat olduğu üçün, həmin həcmə uyğun faiz borcu 3633,25 manat, əsas borca münaibətdə də 10949,46 manat həcmində iddia əsaslı hesab olunmalıdır. Bundan başqa görə gecikdirilmiş vaxt üçün 1000 dəbbə pulu əsas borc məbləğinə mütənasibdir. Ona görə də iddia pul tələbinə münasibətdə tam təmin olunmalıdır. Bundan başqa tutma ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, hərracda satılmalı və hərracda ilkin satış (likvid) qiyməti 61000 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə 136,75 manat dövlət rüsumu və 100 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tariхli, 2021/00057-01 №-li Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borca görə 10949.46 manat, faiz borcuna görə 3633.25 manat, cərimə borcuna görə 1000, cəmi 15582,71 manat və ödənilmiş dövlət rüsumuna görə 136,75 manat tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzil açıq hərrac yolu ilə realizə edilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilin ilkin satış qiyməti 61000 manat müəyyən olunsun. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** X1 KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar