Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-44/2024 14.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya qaydasında geri qaytarılması tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6965.14 (altı min doqquz yüz altmış beş manat on dörd qəpik) manat məbləğində vəsaitin, 89.65 (səksən doqquz manat altmış beş qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** EK *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** TO *** dövlət qeydiyyat nişanlı “Volkswagen Touareg” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, zərər dəymiş “avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 11 965,14 (on bir min doqquz yüz altmış beş manat on dörd qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 11 965,14 (on bir min doqquz yüz altmış beş manat on dörd qəpik) manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" Sığorta Şirkəti ASC tərəfindən "xxxx" ASC-yə 5000,00 (beş min) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 6 965,14 (altı min doqquz yüz altmış beş manat on dörd qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Məhəkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Avtonəqliyyat vasitələrinin sığortası şəhadətnaməsindən görünür ki, "xxxx" MMC ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı nəqliyyat vasitəsi sığortalanmışdır. 24 iyul 2020-ci il tarixli, sığorta aktından görünür ki, "xxxx" ASC "xxxx" MMC-yə ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyana görə 11 965,14 (on bir min doqquz yüz altmış beş manat on dörd qəpik) manat pul ödənilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh məxsus sürücü Cavabdeh tərəfindən idarə olunan ** EK *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsi, ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Cavabdeh 10 noyabr 2019-cu il tarixli izahatında bildirmişdir ki, 02 noyabr 2019-cu il tarixdə təxminən saat 13 radələrində idarə etdiyi ** EK *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə Yasamal rayonu, H.Cavid prospekti 130 ünvanı qarşısında yolun sağ hissəsində avtomobilini saxlamışdır. Orada olduqda müəyyən edilməmiş yerdən geriyə dönmək üçün avtomobilin olmadığını və uzaqdan avtobusun gəldiyini görərək qoşa xəttin üzərindən sola dönmə manevri etmiş, bu zaman ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtobusu ilə onun avtomobilinin arxa sol qapısından zərbə ilə dəymiş, zərbənin təsirindən avtomobilin qarşıdakı səkiyə çırpılaraq dayandı YNH-si nəticəsində o, xəsarət almışdır. xx.xx.2019-cu il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh ünvanlanmış 29 aprel 2022-ci il tarixli, bildirişdən görünür ki, ödənilmiş sığorta məbləğinin ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona məlumat verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 9/846 saylı ekspert rəyindən görünür ki; 1.Nəzəri hesablama yolu ilə, "xxxx" tərəfindən tərtib edilmiş 4788 nömrəli zərər aktında 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2015-ci il buraxılışlı, qırmızıqara rəngli, “İveco Uranway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı, VNE3426M40M000813 Ban nömrəli avtobusun təmir-bərpa xərci 10140,00 manat müəyyən edilir. O cümlədən: -Dəyişilməli hissələrin qiyməti - 8598,00 manat; -Təmir-bərpa işlərinin qiyməti - 1542,00 manat.
2. Nəzəri hesablama yolu ilə, "xxxx" tərəfindən tərtib edilmiş 4788 nömrəli zərər aktında 2015-ci il buraxılışlı, qırmızı-qara rəngli, “İveco Uranway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı, VNE3426M40M000813 Ban nömrəli avtobusun təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8545,00 manat müəyyən edilir. O cümlədən: -Dəyişilməli hissələrin qiyməti - 7003,00 manat; -Təmir-bərpa işlərinin qiyməti - 1542,00 manat. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırılması üçün ümumlikdə 89.65 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşdə olan sübutlara əsasən və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, Cavabdeh 02 noyabr 2019-cu il tarixdə idarə etdiyi ** EK *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” dövlət qeydiyyat nişanlı avtomobil ilə yolnəqliyyat hadisəsi törətmiş, nəticədə ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtobusu dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Cavabdeh təqsirli olması xx.xx.2019-cu il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı nəqliyyat vasitəsinə dəymiş zərər görə "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 11 965,14 (on bir min doqquz yüz altmış beş manat on dörd qəpik) manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" Sığorta Şirkəti ASC tərəfindən "xxxx" ASC-yə 5000,00 (beş min) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 6 965,14 (altı min doqquz yüz altmış beş manat on dörd qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İstinad olunmuş maddənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, baş vermiş sığorta hadisəsi ilə Cavabdeh təqsirli hərəkətləri arasında səbəbli əlaqə vardır. "xxxx" ASC-yə dəymiş ziyanı aradan qaldıraraq, ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtobusu dövlət qeydiyyat nişanlı avtomobilə görə 6965.14 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Odur ki, ödənilmiş sığorta məbləği subroqasiya qaydasında ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6965.14 manat sığorta ödənişi, dövlət rüsumuna ödənilmiş 89.65 manat və 0.40 qəpik bank xidməti haqqı, cəmi 7055.19 manat tutularaq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülsün. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.
Sədrlik edən: Ellara Abbasova