Məhkəmə qərarları › İş №e-2(050)-45/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-45/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-45/2024 06.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı “Finca Azerbaijan” MM QBKT-nın Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: “Finca Azerbaijan” MM QBKT Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 3331.06 manat əsas, 20.33 manat faiz, cəmi 3351.39 manat borcun və 53.52 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə əlavə araşdırma tələb olunduğu üçün iddia icraatına keçirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1832 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 4513.42 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun 1 il güzəşt müddətində hər ay 3.76 manat, 4 il müddətində isə hər ay 95.99 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1832-950075 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqaviləni imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən kredit verən bu müqaviləni imzalamaqla kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və borc alanın bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixə olan maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun məbləği 3331.06 manat əsas, faiz borcu üzrə 20.33 manat, cərimə borcuna görə 0.00 manat olmaqla, cəmi 3351.39 manat təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmişdilər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişlərini cavabdehlərə çatdırılması üçün cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsində olan imza ona məxsus deyil. Müqavilədən xəbəri yoxdur. Cavabdeh2 məhkəməyə yazılı vəsatət təqdim edərək, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi bərədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********1832 saylı kredit (restrukturizasiya) müqaviləsinin 1.1, 1.2, 1.4 və 1.5-ci bəndlərində göstərilir ki, bu müqaviləyə əsasən kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 4513.42 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 4513.42 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur. Kreditin müddəti illik faiz dərəcəsi 1% olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müəyyən olunur və güzəşt müddəti ərzində borc alan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur. Kredit verənin kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya kredit alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kreditin dərhal qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə sanksiyalarını tətbiq etmək hüququ vardır. Kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun 1 il güzəşt müddətində hər ay 3.76 manat, 4 il müddətində isə hər ay 95.99 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli kreditin verilməsi üçün ərizədən görünür ki, Cavabdeh1 ərizə ilə müraciət edərək “Digər fəaliyyətlər - təmir üçün” kredit verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********1832-950075 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, **********1832 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə kredit təşkilatı arasında zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə (müqavilənin 1.1-ci bəndinə əsasən kredit alan müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.; kredit müqaviləsinə əsasən kredit alan 60 ay müddətində 4513.42 məbləğində pul vəsaitini illik 1.00 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür.) öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə «Finca Azerbaijan» MM QBKT-yə xx.xx.2019-cu il tarixli, **********1832 saylı kredit müqaviləsi üzrə 3331.06 manat əsas, 20.33 manat faiz, cəmi 3351.39 manat borcu vardır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, «Finca Azerbaijan» MM QBKT məhkəmədə iddia qaldırılması üçün 53.52 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsində olan imza ona məxsus deyil. Müqavilədən xəbəri yoxdur. Cavabdeh2 məhkəməyə yazılı vəsatət təqdim edərək, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi bərədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin xüsusatın yoxlanılması üçün ekspertiza təyin edilmişdir. 20 noyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1552 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş e-2(050)-2260/2023 saylı mülki işdə olan xx.xx.2019-cu il tarixli, **********1832-950075 saylı zaminlik müqaviləsinin arxa tərəfində “Zamin” qrafasında “İmzası.” Yazısının qarşısındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur”. Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 110 manatdır. Göründüyü kimi cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, nəticədə «Finca Azerbaijan» MM QBKT-yə ödənilməli olan borcu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 «Finca Azerbaijan» MM QBKT-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə zaminlik müqaviləsini də nəzərdən keçirib hesab edir ki, Cavabdeh2 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı qarşısında cavabdehliyi öz üzərinə götürdüyüdən, iddiaçının tələb etdiyi kredit borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 53.52 manat dövlət rüsumu cavabdehlərə aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, Cavabdeh2 xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsində olan imzanın ona məxsus olmamasını iddia edərək həmin halı mübahisələndirdiyi, həmin xüsusatın araşdırılması ilə bağlı onun yazılı vəsatət əsasında ekspertiza təyin edildiyi, lakin həmin hal təsdiqini tapmadığı üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3331.06 manat əsas, 20.33 manat faiz, cəmi 3351.39 manat borc və dövlət rüsumuna görə 53.52 manat pul “Finca Azerbaijan” MM QBKT-nın xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 110 manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar