Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-509/2023 04.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun, cavabdeh Məmmədov Rahil Əlsəfa oğlunun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin (bundan sonra-iddiaçı) cavabdeh Məmmədov Rahil Əlsəfa oğluna (bundan sonra-cavabdeh) qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehə qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11052/KTMF saylı Kredit müqaviləsi üzrə ümumilikdə 7397.55 manatəsas borc 600.54 manat, faiz borcu 5386.71 manat və dəbbə pulu 1410.30 manat məbləğinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin 11052//KTMF saylı Kredit müqaviləsinin təminatı olan cavabdeh Məmmədov Rahil Əlsafa oğlu tərəfindən ipoteka ilə yüklü edilmiş Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC-yə cəmi 7397.55 manat, 45 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün xərc və 94 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Masallı filialı ilə Məmmədov Alsafa Ağadadaş oğlu arasında xx.xx.2014-cü il tarixində bağlanan 11052/SKMF saylı Kredit müqaviləsinə əsasən illik 6 faiz hesablanmaq şərti ilə, 36 ay müddətinə, 18 ay güzəşt müddəti olmaqla, 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. 11052/SKMF saylı Kredit müqaviləsinin təminatı olan xx.xx.2014-cü il tarixli 11052/SKMF nömrəli İpoteka müqaviləsinə əsasən Məmmədov Rahil Əlsafa oğluna məxsus Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX № 0444334, reyestr kitabı 14, vərəq 66, reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il). Həmçinin, 11052/SKMF saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məktubana əsasən borclu Məmmədov Alsafa Ağadadaş oğlunun vəfat etməsi məlum olmuşdur. İşlə bağlı olaraq göndərilmiş xx.xx.2022ci il tarixil 527/2022 saylı sorğuya əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş Məmmədov Alsafa Ağadadaş oğlunun adına heç bir vərəsəlik işi açılmamış və vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilməmişdir. "xxxx" ASC-nin M/22-5111 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, 11052//KTMF saylı Kredit müqaviləsi üzrə əsas borc 600.54 manat, faiz borcu 5386.71 manat, dəbbə pulu 1410.30 manat, cəmi 7397.55 manat məbləğində borc yaranmışdır. Bu barədə cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, o öhdəliyinin icra edilməsindən yayınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Əziz Pənahov məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Məmmədov Rahil Əlsəfa oğlu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, atası Məmmədov Alsafa Ağadadaş oğlu tərəfindən bankdan qeyd edilən məbləğdə kredit götürülmüşdür. Qeyd edilən kredit müqaviləsi üzrə ödənişlər edilmiş və 600 manat restrukturizasiya edilməli idi. Bank restrukturizasiya etməmiş atasının ölümündən sonra o, 5000 manatdan çox pul ödəmişdir. Həmçinin, qeyd edilən iş üzrə zaminliyi yoxdur. Odur ki, qeyd olunan halın nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Məmmədov Alsafa Ağadadaş oğlu ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11052/SKMF saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcluya illik 6 faiz hesablanmaq şərti ilə, 36 ay müddətinə, 18 ay güzəşt müddəti olmaqla, 15000 (on beş min) manat məbləğində kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2014-cü il tarixli 11052/SKMF nömrəli “İpoteka Müqaviləsi”ndən görünür ki, mülkiyyət hüququ ilə Məmmədov Rahil Əlsəfa oğluna məxsus (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX № 0444334, reyestr kitabı 14, vərəq 66, reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il) Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.1-cü maddəsinə əsasən ipoteka predmetinin dəyəri 35000 (otuz beş min) manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Məmmədov Alsafa Ağadadaş oğlu ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11052/SKMF saylı kredit müqaviləsinə əsasən Məmmədov Rahil Əlsəfa oğlunun Banka 600.54 manat, faiz borcu 5386.71 manat və dəbbə pulu 1410.30 manat olmaqla, cəmi 7397.55 manat məbləğində borcu vardır. İş materiallarında ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Alsafa Ağadadaş oğlu 03 yanvar 2017-ci il tarixdə ÜİX stenokiriliya səbəbindən Masallı rayonu Öncəqala kəndində ölmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər Portalından Çıxarışdan görünür ki, bank tərəfindən ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdə olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Məmmədov Alsafa Ağadadaş oğlunın "xxxx" ASC-yə borcu əsas borc qismində (restrukturizasiya olunması təklif olunan kredit məbləği) 3200.54 manat məbləğində müəyyən edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra cavabdeh tərəfin banka olan borcu üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 2600 manat ödəniş edilmişdir. İşdən görünür ki, cavabdeh Məmmədov Rahil Əlsafa oğlu iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməsinə baxmayaraq iddia müddətinin ötürülməsi barədə sübut təqdim etmədiyi və əsaslandıra bilmədiyi üçün əsassız hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləki işdə olan sübutlarla Məmmədov Alsafa Ağadadaş oğlunun "xxxx" ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 11052/SKMF saylı Kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya müqavilə müddətinin sonuna əsas borc qismində 600.54 manat məbləğində əsas borcun, 5386.71 manat məbləğində faiz borcunun, 1410.30 manat məbləğində cərimə borcunun, cəmi 7397.55 manat məbləğdə borcunun yaranması, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə borcun azaldılmasına 3200 manat məbləğdə pul vəsaiti yönəldilməsi və nəticədə hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 600 manat təşkil etməsi təsdiq olunur. Bundan başqa, cavabdeh kredit müqaviləsinin restruktruzasiyası istiqamətində müqavilə bağlanması üçün iddiaçıya təkliflər verməsini və təkliflərinin əsassız rəddinə dair sübutlarını, yeni müqavilə bağlanmasına dair onda iradəsinin formalaşmasını bildirən mülahizələrini təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə ki, MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya, (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respubikası Mülki Məcəllənin 317.1. 317.2.-ci maddələrinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respubikası Mülki Məcəllənin 319.1. və 319.4.-cü maddələrinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Bundan əlavə, tərəflər arasında ipoteka müqaviləsi münasibətləri vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 41.1-41.2-ci maddələrinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, 59.3.1- yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Kredit müqaviləsi üzrə ödəniş müddətləri ötməsinə baxmayaraq, onlar öhdəliklərini layiqincə icra etməmişdir. Belə olan halda iddiaçı tərəfin borc məbləğlərini tələb etməklə, tələbin ipoteka ilə yüklü olunmuş əmlaka yönəldilməsini və hərracda satılmasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qanunla qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanin 1 saylı Prtokolunun 1-ci maddəsinin və İnsan Hüquqları Avropa məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir. 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri Banklara tövsiyə edilmişdir. 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri Banklara tövsiyə edilmişdir. 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Beləliklə iddia qismən təmin edilməli, cavabdeh Məmmədov Rahil Əlsafa oğlundan 600 manat əsas məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutulmalı, ipoteka predmetinin ilkin satış qiyməti 35000 (otuz nüş min) manat müəyyən edilməli, tələb Məmmədov Rahil Əlsafa oğlunun mülkiyyətində olan Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməklə əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul hesabına qeyd olunan borc məbləğləri "xxxx" ASC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdeh Məmmədov Rahil Əlsafa oğlundan tutulmalı, Məmmədov Rahil Əlsafa oğlunun mülkiyyətində olan Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinə və evə cavabdeh Məmmədov Rahil Əlsafa oğlunun istifadə hüquqları itirilməli, onlar həmin əmlakdan çıxarılmalı, həmin mənzil boşaldılmalı və alıcıya təhvil verilməlidir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 94 (doxsan dörd) manat məbləğində dövlət rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, iddianın qismən, yəni 600 (altı yüz) manat məbləğində təmin edilməsi nəzərə alınmalı və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı cavabdehə, qalan hissəsi isə, yəni 64 (altmış dörd) manatı iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh Məmmədov Rahil Əlsafa oğundan 600 manat məbləğində əsas borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh Məmmədov Rahil Əlsafa oğlundan iş üzrə ödənilmiş dövlət rüsumunun ona aid edilmiş hissəsi olan 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 35000 (otuz beş min) manat müəyyən edilsin. Tutulacaq məbləğ ipoteka qoyan Məmmədov Rahil Əlsafa oğlunun mülkiyyətində olan Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına "xxxx" ASC-yə olan borc ödənilsin. Məmmədov Rahil Əlsafa oğlunun mülkiyyətində olan Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evinə tutma yönəldildikdən və əmlak satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə və evə Məmmədov Rahil Əlsafa oğlunun istifadə hüquqları itirilsin, o həmin əmlakdan çıxarılsın, həmin əmlak boşaldılsın və alıcıya təhvil verilsin. İddia qalan hissədən təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-509/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-509/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver